Sizin reklam burada

Rauf Məmmədov FİDE-yə qarşı çıxdı

Title
Yığma üzvü dünya kubokuna seçmə turnirdə oynamayacaq
FİDE dünya kubokuna qitələr üzrə seçmə mərhələ turnirləri keçirəcək. “Hibrid şahmat” variantında təşkil olunacaq yarışda onlayn şəkildə iştirak etmək mümkündü. Amma bir şərtlə ki, hər iştirakçını nəzarətçi-hakim izləyəcək.
Artıq bu ideyanın əleyhinə çıxanlar, açıq şəkildə narazılığını ifadə edənlər ortaya çıxıb. Onlardan biri də milli komandamızın üzvü Rauf Məmmədovdu. 33 yaşlı qrossmeyster FİDE ilə razılaşmadığını “tvitter” hesabında bu sözlərlə çatdırıb: “Dostlar, qısa deyəcəm. Mən bunu qeyri-ciddi iş sayıram. Bu üzdən iştirak etmək istəmirəm və etməyəcəm də. Konkret olaraq belə bir fikrim yoxdu. Bu məsələdə həmkarlarımın dəstək verəcəyinə inanıram”.
Rauf onu da əlavə edib ki, onlayn formatda, internet vasitəsilə keçirilən klassik şahmatda vaxt limiti “90+30” yox, “15+5” olmalıdı. Çünki şahmatçılar üz-üzə oturub oynayarkən belə, ağır qrafikə tab gətirmirlər. Bunu internet önündə etmək isə daha ağır məşğuliyyətdi.
Həmyerlimizin paylaşımına maraqlı reaksiyalar gəlib. Konkret 3 tanınmış qrossmeyster ona dəstək verib.
Dmitri Andreykin: “Rauf, rəsmi turnirlərin internet vasitəsilə keçirilməməsiylə bağlı mən səni ötən yaydan dəstəkləmişəm”.
İqor Kovalenko: “Olsun, qocaman Rauf Məmmədovu dəstəklədim. Mən də bir neçə gün öncə mayda oynamayacağıma qərar verdim. Bu sınaq mənim sinir sistemim üçün heç də vacib deyil”.
Aleksey Şirov: “Mən də oynamamaq qərarı verdim. Bu sistem hələ ki bulanıqdı. Öncə nədənsə “Formula-1”ə düşənləri müəyyənləşdirmək üçün klassik şahmat (üstəlik, nokaut sistemlə), sonra isə sürətli kələm (demək olar, blits). Tam hibriddi, qısa desək”.
Martın 25-də universitetlərarası onlayn dünya çempionatı keçirilib. Texasın Rio Qrande Vall universitetini təmsil edən ukraynalı Yuliya Osmak 5 oyuna 4,5 xal toplamaqla yarışın qalibi olub. Amma sonra FİDE onun nəticəsini ləğv edilib və şahmatçı son pilləyə “yuvarlanıb”. Turnirin direktoru Bartolomey Maçeya səbəb kimi Osmakın dürüst oyun qaydalarına riayət etməməsini önə çəkib. Şahmatçı özü isə bunları deyib: “Komissiya məni 5 oyunda göstərdiyim yüksək nəticəyə görə diskvalifikasiya etdi. Haqlı olduğumu başqa cür sübut etmək imkanım olmadığına görə onlardan məni “doğru-yalan detektoru”nda yoxlamağı xahiş etdim. Amma mənə məktub göndərdilər ki, artıq heç nə etmək mümkün deyil. Qaydalarda komissiyanın qərarından şikayət etməyin mümkünsüzlüyü yazılıb. Bununla öncədən tanış olsaydım, zəif çıxış edərdim... Olayın üzərindən bir neçə gün keçdiyinə görə artıq özümü yaxşı hiss edirəm. Barışmışam. Şübhə doğurmuşam, nə edə bilərəm? Xoşdu ki, heç olmasa, yaxşı oyunumla şübhə doğurmuşam”.
Bu xoşagəlməz olay da Rauf Məmmədovun reaksiyasına səbəb olub. Qrossmeyster dünən “feysbuk” hesabında bu sözləri bölüşüb”: “Əziz dostlar! Bu gün ədalətli şahmatçıları internetdəki çirkli oyunlardan qoruyan vasitə çıxıb. Heç bir “doğru-yalan detektor”a ehtiyac yoxdu. "Mamedoff" arağı. Axıra kimi iç və dürstlük sənə qayıdacaq. Son qədəhdən sonra hətta Nakamura da etiraf edəcək. Beləliklə, axıra qədər!”
Rauf Məmmədovun və ona dəstək verənlərin narahatlığı təbiidi. Narzılıqlarını ifadə etməkdə haqlıdılar. Çünki onlayn formatda keçirilən turnirlər, hər nə qədər pandemiya və bundan irəli gələn qapanmalar dövründə boşluğu aradan qaldırsa da, gözlənilən effekti vermir. Ədalətli oyun prinsipləri arxa plana keçir. Ayr-ayrı şahmatçılar hədəfə çatmaq üçün kənar amillərin köməyinə əl atmaqdan çəkinmirlər. Nəticədə isə şahmatın və indiki halda FİDE-nin imicinə xələl gəlir. Təsadüfi deyil ki, ali şahmat qurumu indiyədək onlarla yarış iştirakçısını “pis yola düşdüyünə görə” diskvalifikasiya edib. Amma bu məqamın özü belə, ədalətli oyun prinsiplərinə arxalanmayanların hamısının təmizlənməsi anlamına gəlmir. “Tutulmayıbsa, oğru deyil” deyimi göydən zənbillə düşməyib ki?! FİDE-nin qarmağına keçməyən nə qədər “oğru”, həmkarlarının haqqını yeyən hələ də xımır-xımır “iş”ini görməkdə davam edir. Ona görə də ali şahmat qurumunun başında əyləşənlərin papağını qarşılarına qoyub düşünmələri lazımdı, qaçılmazdı. Yenə də sıradan turnirlərin onlayn formatda təşkilini başa düşmək olar. Böyük turnirlər, klassik şahmat isə tam başqa səviyyədi. Burda nüfuzdan başqa, böyük pullar da dövr edir. Bu üzdən nə qədər ki, narazılar ordusunun sıraları genişlənməyib, FİDE bu yoldan dönməlidi. Şahmat təsərrüfatında söz sahibi olan, müəyyən çəkiyə malik şəxslərin dediklərini qulaqardına vurmaq mərəzindən əl çəkməlidi.
KƏNAN HƏSƏNOV hazırladı
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.