Sizin reklam burada

Hərdən yaxşı şeylər də olur

Title
AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Həmin iclasda çox əhəmiyyətli iki qərar qəbul olunub. Yəqin bundan xəbərdarsız. Birinci qərar “Qarabağ”ın verdiyi şikayətlə bağlıdı. Nəyin baş verdiyini birlikdə xatırlayaq. Premyer-liqanın 16-cı turunun “Sumqayıt” – “Qarabağ” qarşılaşmasından öncə paltardəyişmə otağından çəkilən şəkillərdə “köhlən atlar”ın serbiyalı futbolçusu Uroş Matiçin formasındakı hərf səhvi söz-söhbətə səbəb olmuşdu. Maraqlısı o idi ki, həmin hərf səhvi əvvəllər də mövcud imiş. Serbiyalı futbolçu soyadını formasının kürəyinə yazdırarkən öz əlifbalarındakı “ç” həfindən istifadə edib və bu səhv heç kimin diqqətini çəkməyib. Ta o vaxta qədər ki, “Sumqayıt”la oyun günü sosial şəbəkələrdə “ç” hərfiylə bağlı müzakirələr başladı. Ana dilimizin qaydalarını qorumaq üçün təbliğat aparan səhifələrdən biri Matiçin formasını paylaşıb, “Qarabağ”ı düzgün yazı qaydalarına riayət etməyə çağırmışdı.
Şəxsən mən belə çağırışları dəstəkləyirəm. Kimliyindən asılı olmayaraq, hər kəs Azərbaycan dilinin qayğısına qalmalı, onu qorumalıdı. Çünki ana dilimiz milli sərvətlətimiz sırasındadı. Sadəcə, bir məsələ var ki, bu da “Qarabağ”ın haqlı narazılığına səbəb olmuşdu. Klub səhvini etiraf edib, bunu dərhal aradan qaldırmışdı. Amma AFFA İntizam Komitəsi başqasının aşkarladığı xətadan yararlanıb, “Qarabağ”a 3000 manat cərimə kəsmişdi. Halbuki belə hallarda qanunun sərt tərəfindən yox, daha çox tərbiyələndirici, bu səhvin təkrarlanmamasına xidmət edən üsullardan yapışmaq doğru olardı. Ağdam təmsilçisi haqlı olaraq bu cəriməylə razılaşmadı və etiraz səsini ucaltdı. Ortada nümunələr də var idi ki, oxşar səhvlərə görə əvvəllər başqa klublara belə ağır cəza verilməmiş, AFFA İntizam Komitəsi xəbərdarlıq etməklə kifayətlənmişdi. Ən gülməlisi o idi ki, Matiç mövsüm ərzində dəfələrlə eyni formayla meydana çıxıb və premyer-liqa qarşılaşmalarında AFFA-nın gözü rolunu oynayan, buna görə qonorar alan nümayəndələr bu məqama fikir verməyiblər. Başqasının aşkar etdiyi səhvdən faydalanmaq, “Qarabağ”a böyük məbləğdə cərimə kəsmək heç də ədalətli davranış deyildi.
Bu hadisənin üzərindən çox keçmədi ki, “Neftçi” də AFFA İntizam Komitəsinin sərt üzünü gördü, ağır pul cəriməsinə məruz qaldı. Düzdü, “Neftçi”nin hansısa legionerinin formasının arxasında hərf səhvi yox idi. “Ağ-qaralar”ın “Sabah”la doğma meydanda keçirdiyi oyun zamanı stadionun projektorları sönmüş, meydan qaranlığa qərq olmuşdu. Maraqlıdı ki, “Bakcell Arena” AFFA üçün heç də yad məkan deyil. Bu idman qurğusu assosiasiyanın nəzarətində olub, sonradan “Neftçi”nin istifadəsinə verilib. Özü də tikinti prosesini də quruma yaxınlığı ilə tanınan şirkətlər aparıb, hazırda arenaya qulluq edənlər də AFFA-nın tərəfdaşları sayılır. Oxşar hal millinin “Bakcell Arena”da keçirdiyi oyunlar zamanı da yaşana bilərdi. Necə ki, dəfələrlə stadionlarda belə “fors-major” hallar yaşanır, işıqlar sönür. Düzdü, “Neftçi” meydan sahibi kimi təşkilati işlərə, təhlükəsizliyə cavabdehlik daşıyır. Amma bu məsuliyyət yükü belə “Neftçi”nin “fors-major” hadisəyə görə 4000 manat cərimələnməsi üçün əsas vermirdi. AFFA İntizam Komitəsi isə “ağ-qaralar”ı məhz bu məbləğdə cərimələmişdi. Sözsüz, klub bu cəzayla razılaşmadı və “Qarabağ” kimi davranaraq cəzaya etiraz etdi, müvafiq qaydada rəsmi şikayətini AFFA-ya ünvanladı.
Diqqətli oxucularımızın yadında olar, mən də AFFA-nın klublara verdiyi bu ağır cəzalar, pul cərimələri ilə razılaşmamışdım. Bu mövzuda fikirlərimi “Qarabağ” da narazıdı, “Neftçi” də” sərlöhvəli yazıda sizinlə bölüşmüşdüm. İddia etmirəm ki, AFFA Apellyasiya Arbitraj Tribunalı məhz bizim yazılarımıza görə ədalətli qərar verib, klubların səsini eşidib. Səbəb nə olur-olsun, AFFA-nın doğru qərarlar verməsi sevindiricidi. “Qarabağ” 3000 manat ödəməkdən azad olunub, kluba oxşar halların təkrarlanmamasıyla bağlı xəbərdarlıq edilib. Yaxşı ki, AFFA ayrı-seçkilik etməyib, “Neftçi”nin də müraciətinə müsbət cavab verilib. Düzdü, “Neftçi” xərcə düşməkdən qurtulmayıb, “xalq komandası” 1000 manat cəriməni AFFA-nın kassasına ödəməlidi. Amma buna da şükür, “ağ-qaralar”ın cəriməsi 75 faiz azaldılıb. Biz 5-10 faiz endirimə görə dükanlara axın edirik, o ki qala 75 faiz irəli düşəsən. Buna görə də “Neftçi” də şükran içində olmalıdı. Bir var 4000 xərcə düşəsən, bir də var cəmi 1000 manat.
Əlbəttə, nə “Neftçi”nin pulundan, nə də “Qarabağ”dan mənə isti-soyuq yoxdu. Ölkənin iki ən zəngin klubu belə cərimələrdən sarsılmayacaqdı da. Söhbət ədalətin bərpasından gedir. Mənim bu işdə marağım ədalətin bərpasıyla yanaşı, klubların küsdürülməməsiydi. Çünki problem təkcə “Qarabağ” və “Neftçi” ilə bağlı deyil. Apellyasiya Arbitraj Tribunalının bu qərarı gələcəkdə oxşar vəziyyətlərdə klubların marağının qorunacağına ümid yaradır. Klubları, onların rəhbərliyini hər xırda şeyə görə ağır cəzalar, pul cərimələriylə qorxutmaq, futboldan küsdürmək olmaz. Sevindirici haldı ki, Azərbaycan futbolunda hərdən yaxşı şeylər də baş verir. Təki davamlı olsun.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.