Sizin reklam burada

“Hansı klubumuzun akademiyasında yetişən gənc ölkə xaricinə yollanıb?”

Title
Mircavadov Namiq Ələsgərovun kənarda qalmasını anlaya bilmir
Yığmanın son üç oyunda uğursuz çıxışı ictimaiyyət arasında geniş müzakirə olunur. Yaşlı, cavan, bir sözlə, futbolla maraqlanan hər kəs Canni de Byazinin çalışdırdığı komandanın performansını müzakirə edir, bizə məyusluq yaşadan yığmanın üzvlərini, nəticəyə cavabdehlik daşıyanları qınayırlar.
Məşqçilər Komitəsinin üzvü, təcrübəli mütəxəssis Ağasəlim Mircavadovla söhbətdə millinin çıxışını müzakirə edib, vəziyyətdən çıxış yolu tapmağa çalışdıq.
- Əvvəlcə yığmanın çıxışına münasibət bildirmənizi istərdik.
- Öncə onu bildirim ki, hazırda yığmada nəsildəyişmə prosesi yaşanır. Komandaya gənc oyunçular dəvət olunub. Hiss olunur ki, baş məşqçi hələ axtarışdadı, optimal heyəti tapmağa çalışır. Son oyunlar haqda nə deyə bilərəm? Hər şey göz qabağındadı. Nəticə yoxdusa, deməli, nəyisə düz etməmişik. Məni daha çox narahat edən Namiq Ələsgərovun adının serblərlə matçın protokoluna salınmamasıdı. Futbolçunu itirmək olmaz. Mahir Emreli zədələnib meydanı tərk edəndən sonra baş məşqçinin sərəncamında hücumçu yox idi ki, onun əvəzinə meydana buraxsın. Ələsgərovun “23-lük”də olmamasının səbəbini bilmirəm. Yalnız onu deyə bilərəm ki, “Neftçi”nin oyunçusu orda olmalıydı. Namiq premyer-liqanın ən sərrast futbolçusudu. Belədə o niyə kənarda qalır, mənim üçün də maraqlıdı. Emin Mahmudov barədə isə yalnız xoş sözlər söyləmək olar. Mahmudov əvvəllər də ölkənin əsas komandasına dəvət alırdı. Ancaq meydana çıxmırdı. O xarakter göstərdi və bu seçmə mərhələdəki oyunu ilə sübut etdi ki, yığmaya lazımdı. Emin “Neftçi”də də əsas fiqurlardan biridi. Komandanı onsuz təsəvvür edə bilmirəm. Top saxlamağı bacarır, ağıllı oyunu və ötürmələri ilə daim diqqət mərkəzində olur. Maksim Medvedevi də qeyd edərdim. Çox sərbəst oynayır.
- Portuqaliya ilə matçın ikinci, Qətərlə görüşün birinci, Serbiya ilə qarşılaşmanın ikinci hissəsində komanda futbol oynaya bildiyini göstərdi. Bunu niyə 90 dəqiqə etmirlər? Sizcə, bu baş məşqçinin tapşırığıdı, yoxsa futbolçuların fiziki durumu imkan vermir?
- Baş məşqçinin işinə qarışa bilmərəm, bu etik cəhətdən düz olmaz. Ümumiyyətlə, italyan mütəxəssislər həmişə müdafiə futboluna üstünlük veriblər. Fikir vermisizsə, onlar harda çalışıblarsa, daha çox 5-li müdafiədən istifadə edirlər.
- Bizdə isə müdafiəçilərin sayı 6 olur. Bəzən isə 9 futbolçu ilə müdafiə olunuruq. Sizə elə gəlmir ki, De Byazi ultramüdafiə futboluna çox üstünlük verir?
- Yenə deyirəm, bu, çalışdırıcının seçimidi. Mənim bu məsələyə münasibət bildirməyim düz olmaz. Bu gün əsas çatışmazlıq top saxlaya bilməməyimizdi. 10-12 il əvvəl irəlidə top itirirdik. Bu gün isə artıq müdafiədə də top saxlaya bilmirk. Bu xəstəliyə əlac tapmaq lazımdı. Oyun keyfiyyəti çox aşağıdı. Top saxlaya bilmədikcə, ötürmələrdə səhvə yol verdikcə, oyun keyfiyyətini yüksəltmədiksə biz ancaq hansısa hissədə və ya oyunun hansısa zaman kəsiyində daha yaxşı təsir bağışlamağımız haqda danışacağıq.
- Bu gün uğursuzluğa görə futbolçuları, baş məşqçinı qınamaqla yanaşı, AFFA rəhbərliyinin də ünvanına ittiham yağdırılır. Siz necə düşünürsüz?
- AFFA rəhbərliyi son 10 ildə yığmanın uğur qazanması üçün hər cür şərait yaradıb. Mən yığmada işləyəndə komanda Buzovnada qum meydanda məşq edirdi. Forma qıtlığı var idi, inventar çatışmırdı. Təlim-məşq toplanışına gedə bilmirdik. İndi isə vəziyyət çox yaxşıdı. AFFA rəhbərliyi hər şey edir ki, komandada hansısa çatışmazlıq olmasın, problem yaşanmasın. Məncə, milliyə birdən-birə bu qədər gənc oyunçu çağırmaq düz deyil. Çempionatda kim bir oyunda özünü yaxşı göstərdisə, yığmanın qapıları onun üzünə açılır. Vacib olan sabitlikdi. Həmin gənc mövsümün böyük hissəsini eyni səviyyədə keçirəndən, özünü təsdiq edəndən sonra seçilmişlər arasına düşməlidi.
- Gürcüstan son oyunda səfərdə Yunanıstanla heç-heçə etdi. İspaniya ilə görüşdə yüksək səviyyədə oyun sərgiləsələr də, bəxtsizlik üzündən xalsız qaldılar. Ermənilər, ümumiyyətlə, qrup lideridi. 3 oyundan 9 xal toplayıblar. Biz nədə qonşularımızdan geri qalırıq? Maliyyə, şərait bizdə, nəticə isə onlarda...
- Milli komanda ölkə futbolunun simasıdı. Ancaq yığmaya qədər futbolçu klubda yetişir. Məhz klubda özünü təsdiq edib göstərəndən sonra onun 1 nömrəli komandaya yolu açılır. Baxaq görək klublarda vəziyyət necədi, klub prezidentləri nə iş görürlər? Siz mənə deyin, hansı klubumuzun akademiyasında yetişən gənc ölkə xaricinə yollanıb? Mən yada sala bilmirəm. Gedən olubsa da, çox keçmədən geri dönüblər. Təməl düz qoyulmayanda acısını əsas komandada çəkirik.
- Daim uşaq futbolunun inkişafından danışır, bu sahəyə diqqət ayırmağın vacibliyini qeyd edirik. Son illərdə ölkədə müxtəlif akademiyalar fəaliyyətə başlayıb. Ancaq bu gün millidə ön planda olan Şahruddin Məhəmmədliyevlə Bədavi Hüseynov Dağıstan futbolunun yetirməsidilər. Emin Mahmudovla Ramil Şeydayev futbolun sirlərini Rusiyada öyrəniblər. Anatoli Nuriyev isə Ukraynada böyüyüyb. Bəs bizim akademiyalar nə iş görür, niyə onların yetirmələri yığmada ön plana çıxa bilmirlər?
- Mənim dedyim də elə budu. Uşaq futbolu istənilən səviyyədə deyil. İstedadlı uşaqlarımız var, ancaq onların inkişafına nail olmaq lazımdı.
- Növbəti oyunumuzu sentyabrda Lüksemburqa qarşı keçirəcəyik. Həmin qarşılaşmadan nə gözləmək olar?
- Lüksemburq fərqli oyun nümayiş etdirir, onlarla da çətin olacaq. Biz ilk növbədə top saxlamağı bacarmalıyıq, ötürmələrdə dəqiq olmalıyıq. Və bir də yaxaladığımız qol imkanlarından maksimum yararlanmalıyıq. Daha serblərlə oyunda olduğu kimi yox. Qurbani şansını əldən verdi. Biz elə komandayıq ki, oyun ərzində maksimum bir-iki qol vəziyyəti əldə edirik, onu da boşa verəndən sonra necə nəticə qazanmaq olar?
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.