Sizin reklam burada

Obradoviçlə Velevit Mitroviçin ustalığını qabartdı

Title
Azərbaycan seçmə oyunda Serbiyaya uduzdu. Bəs ölkəmizdə işləyən serb mütəxəssislər oyunla bağlı nə düşünür? U-21 və U-18 yığmalarımızın baş məşqçiləri oyundan razı qaldılarmı? Bu sualları Milan Obradoviçlə Miloş Velebitə ünvanladıq.
Milan Obradoviç: “İki fərqli hissəyə şahid olduq. İlk yarıda Serbiya oyuna nəzarət edir, lakin mərkəzdən hücumlar qura bilmirdi. Tadiçlə Mitroviçin gözəl anlaşması sonuncunun hesabı açmasına yetərli oldu. Azərbaycanın bir çox şansı oldu. Serbiyanın qapısı ağzında müdafiəçilər səhvə yol verdilər. Lakin hücumçumuz bu şansdan yararlana bilmədi. İkinci hissədə serblər eyni qaydada oynadılar. Lakin Azərbaycan milli komandası daha istəkli və enerjili idi. Azərbaycan qol vurandan sonra serblərdə oyun bərabərliyə gedir düşüncəsi yaranmışdı. Bundan sonra onlar toparlandılar və sadə epizodda qol vurdular. Serbiya püxtələşmiş komandadı, Rusiyadakı dünya çempionatında, Millətlər Liqasında bir yerdə oynayırlar. Bir sıra yeni futbolçular qoşulsa da, komandanın özəyini təcrübəlilər təşkil edir. Bu səbəbdən də onlarda ustalıq səviyyəsi formalaşıb. Bunun nəticəsində bir kreativ hücum təşkil etdilər və sonda Azərbaycanın qapısına yol tapdılar. Burda Mitroviçin ustalıq səviyyəsindən bəhs etməmək günah olar. Ümumilikdə serblər çox güclü oynamadı. Düşünürəm ki, bir çoxları Azərbaycandan qələbə və ya heç-heçə gözləyirdilər. Amma serb futbolçuların keyfiyyət göstəricisi həqiqətən çox yüksək və inanılmaz idi. Bunun da səbəbi onların futbolçularının dünyanın ən güclü liqalarında çıxış etməsidi. Bu oyunçular belə qarşılaşmalarda hər həftə meydana çıxırlar. Serbiyalı futbolçular çətin anlarda, hesab bərabər olanda vəziyyəti öz xeyrinə çevirməyin yollarını yaxşı bilirlər”.
Miloş Velebit: “Oyunun əvvəlindən konkret kimin qalib gələcəyini demək mümkün deyildi. Düşünürəm ki, Serbiya üçün Azərbaycanla matç çox çətin oldu. Yaxşı nəticə əldə etmək üçün çox enerji sərf etdilər. Düşünürəm ki, onların belə oyununa səbəb Portuqaliyaya 0:2 uduzduqları oyunu çevirmələri oldu. Serblər həmin qarşılaşmada çox enerji sərf etdilər, uzun yol qət etdilər. 1-ci hissədə topa əsasən serblər nəzarət edir, yaxşı təsir bağışlayırdı. Azərbaycan da ilk yarıda yaxşı oynadı. Serbiya ilk hissədə yaxşı olsa da, mükəmməl deyildi. Əli əlinə düşən mükəmməl imkandan yararlana bilmədi. Azərbaycan oyunun ritmini 2-ci hissədə dəyişdi, hücumameyilli oynamağa başladı, penaltidən fərqləndi. Deyərdim ki, 2-ci hissədə oyun bərabər səviyyədə keçdi, sadəcə, azərbaycanlı və qonaq futbolçular arasında səviyyə fərqi var idi. Gördüyünüz kimi, Mitroviç üç real qol vəziyyətinin ikisindən yararlandı. Və bu da Serbiyanın qələbəsinə bəs etdi. Futbolçuların fərdi səviyyəsi həlledici amil oldu”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.