Sizin reklam burada

Divizionun bombardiri çempion olacaqlarına əmindi

Title
Vidadi Cəfərov: “Milliyə çağrılmamağımın səbəbini mən də bilmirəm”
Premyer-liqada olduğu kimi, 1-ci divizionda da çempionluq uğrunda mübarizədə ciddi rəqabət yaşanır. Hazırda üç klub əsas mükafatın sahibi olmaq üçün yarışır: “Turan Tovuz”, “Zaqatala” və “Neftçi-2”. Liqanın bombardirliyi uğrunda da gərgin mübarizə izləyirik. “Turan Tovuz”un hücumçusu Vidadi Cəfərovla “Zaqatala”ın yarımmüdafiəçisi Bəhruz Teymurov sonda ən yaxşı adına yiyələnməyə çalışırlar. Dünən keçirilən “Turan Tovuz” – “Qarabağ-2” matçında dubl edən Cəfərov hazırda 12 qolla siyahıya başçılıq edir. Teymurun hesabında isə 11 qol var.
Rəqabəti və marağı nəzərə alaraq, Vidadi Cəfərovla əlaqə saxladıq. Onunla builki çıxışı və gələcək karyerası barədə söhbətləşdik.
- Belə çıxış edəcəyini mövsümdən əvvəl özündən gözləyirdin?
- Əslində mən premyer-liqada çıxış edən “Səbail”in üzvüyəm. “Turan Tovuz”da icarə əsasında çıxış edirəm. Bura gələndə qarşıma məqsəd qoymuşdum ki, 1-ci divizionun bombardiri olum. Əsas hədəfim bu idi. Özümdən bu performansı gözləyirdim. Düzdü, qarşıda hələ 8 oyun qalıb. İnşallah, belə də davam edəcəm. Mövsümün sonunda da bombardir olub, məqsədimə çatacam.
- Bu çıxışının "Turan Tovuz"un çempion olmasına səbəb ola biləcəyini düşünürsən?
- Əlbəttə! Bir çox oyunda komandaya kömək olmuşam və davam edirəm. Buna da əsas səbəb futbolçu yoldaşlarımdı. Onların sayəsində təhlükəli vəziyyətlər yaranır və mən də istifadə edib qol vururam.
- “Zaqatala”dan Bəhruz Teymurov da çempionatda 11 qol vurub. Belə görünür ki, onunla rəqabətdəsən. Bəhruzun bombardir olmaq ehtimalı daha yüksəkdi, yoxsa sənin?
- Onunla armada rəqabət yoxdu. Özümə çox güvənirəm. İnanıram ki, qollarımın davamı gələcək. Mövsümün sonunda da bombardir mən olacam. O qədər də böyütmürəm Bəhruzu gözümdə.
- Premyer-liqada çıxış etsən, neçə qol vura bilərsən?
- Hələ ki elitada debüt etmək imkanım olmayıb. Belə şans yaransa, inanın ki, premyer-liqada da bombardir olaram. Ən azı bunun üçün çalışaram.
- Amma dəfələrlə olub ki, divizionda bombardir olanlar premyer-liqada heç nə ilə yadda qalmayıblar. Sənin onlardan fərqin nədi?
- İndiyə kimi olanların yaşı çox olub. Bu səbəbdən də premyer-liqada nəyəsə nail ola bilməyiblər. Mənim hələ 21 yaşım var, karyeram qarşıdadı. İnanıram ki, özümü premyer-liqada da yaxşı tərəfdən göstərə bilərəm.
- Milan Obradoviç niyə səni U-21 yığmasına dəvət etmir?
- Mən 2000 təvəllüdəm. Yaşım da düşür. Lakin bu sualın cavabı mənə də qaranlıq qalır. Divizionun bombardiriyəm. Milliyə çağrılanlardan artığam ki, əskik deyiləm. Amma onlar çağrılır, mən yox. Səbəbi mənə də maraqlıdı.
- Azərbaycan millisində oynamaq xəyalı necə bir hissdi?
- Milli komandanın formasını geymək uşaqlıq arzularımdan biridi. Əminəm ki, bir gün mənə də bu xoşbəxtlik qismət olacaq.
- Millimizin son oyunlarını izlədin? Biranlıq təsəvvür et ki, əsas heyətdə sən də Portuqaliya, Qətər və Serbiyaya qarşı oynayırsan? Qol vura bilərdin?
- Əlbəttə! Həmin matçlarda yararlana bilmədiyimiz imkanlar əlimə düşsəydi, hamısından istifadə edərdim.
- Ümumiyyətlə, millinin oyunundan razı qaldın?
- Şəxsən öz adımdan deyirəm ki, razı qalmadım. İstəsək, daha yaxşısını edə bilərik. Portuqaliya ilə oyunu qoyaq kənara. Onlar həddən artıq güclü, yaxşı komandadı. Qətərə, Serbiyaya uduzmağımız yaxşı olmadı. Öz adımdan deyirəm ki, millinin oyunundan razı qalmadım.
- Mövsümün sonunda “Turan Tovuz”da qalmağı üstün tutacaqsan, yoxsa "Səbail"ə qayıtmaq istəyirsən?
- Bu haqda hələ heç nə danışmaq istəmirəm. Çünki mövsümün sonuna hələ çox var. İndidən heç nəyə qərar verməmişəm.
- Sonda Tovuzdakı futbol azarkeşlərinə nə demək istəyirsən?
- Ürəklərini buz kimi saxlasınlar. Bu il də çempion olacağıq. Allahın köməyi ilə bunu bacaracağıq. Sizə də bizim kimi futbolçuları diqqətdə saxladığınıza, futbol ictimaiyyətinə tanıtdığınıza görə təşəkkür edirəm.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.