Sizin reklam burada

Rəzalət rəmzi: 110 illikdə 11 futbolçumuz yoxdu!

Title
Rəsmi versiyaya inansaq, 1911-ci ildə əsası qoyulan Azərbaycan futbolu bu il 110 yaşını qeyd edir. Səhv etmirəmsə, yüzillik yubiley mərasimi “Buta”da keçirilmişdi, nüfuzlu qonaqlar gəlmişdi. Futbolumuza pul sel kimi axırdı, iddialı klublar, iddialı iş adamları var idi, hər kəs sabahkı qələbələrin eşqi ilə yaşayır, futbolumuzun möhtəşəm günlərinin irəlidə olduğunu düşünürdü. Üstündən 10 il ötəndən sonra çox fərqli mənzərə ilə üz-üzəyik. Futboldakı soyuq mühit adamı üşüdür, ölkəmizin əsas komandası elə bərbad oyun sərgiləyir ki, futbola daim laqeyd olanlar da xəcalət təri axıdır.
Əvvəlcə bir məqama toxunmaq, daha doğrusu, narahatlığımı bölüşmək istəyirəm ki, ürəyimdə qalmasın. Mən də sosial şəbəkələri fəal şəkildə izləyənlərdənəm, ən azı işim gərəyi yazılanlardan, deyilənlərdən xəbər tutmalıyam. Amma bəzən elə adamlar futboldan danışır ki, heç ömürlərində bircə dəfə də stadionun yoluna tutmayıblar, ölkə klublarının və yığmalarının beynəlxalq oyunlarını izləmək üçün ciblərindən 1 manat da çıxarmayıblar. Belələrini görəndə şəxsən mən utanıram. Nə edəsən? Futbol çoxlarının haqqında asanlıqla danışa bildiyi, amma ilk baxışda göründüyündən qat-qat çətin oyundu. Ağılla gücün ideal sintezinə nail olmağı tələb edən idman növüdü.
Son günlərin qəhrəmanı, daha doğrusu, antiqəhrəmanı yığmadı. Martın son həftəsində keçirdiyi oyunlarla hər kəsi xəyal qırıqlığına düçar edən yığma. Sirr deyil ki, son 29 ildə yığmanın nəticələrini yaxşılaşdırmaq üçün hər cür eksperimentə əl atılıb. Heyətdə istisnasız yerli oyunçuların yer almasından tutmuş başqa ölkələrdə oynayanlara güvənməyə, ölkənin ən güclü məşqçisini “sükan arxasına” gətirməkdən tutmuş dünyaca populyar adları çağırmağa, təlim-məşq toplanışlarının müddətini az qala bir aya qədər uzatmağa, yığmaya görə ölkədaxili yarışların təqvimini ələk-vələk etməyə, onlarla oyunçunu “milliləşdirib” FİFA-nı bezdirməyə qədər! Əslində beynimi işə salıb, eksperimentlərin sırasını bir qədər də genişləndirə bilərəm. Amma buna nə ehtiyac?! Onsuz da acı gerçəklikdən qaçmaq mümkün deyil. Həmin acı gerçəklik isə onu diqtə edir ki, bu gün Avropada hələ də xalı olmayan 9 komandadan biri, əslində qitənin ən zəif beş yığmasından biriyik. Təəssüf ki, bu 29 il ərzində sevilməyə, nəticə göstərməyə qadir milli komanda formalaşdıra bilmədik. Başqaları – erməni, gürcü, rus yığması oynayanda sevincdən dombalaq aşır, biz isə o qədər qəzəblənir, o qədər nifrətlə yüklənirik ki, sosial şəbəkələrdə özümüzü ovutmaq üçün erməni, gürcü, rus oluruq!
Bəli, futbolumuzun 110 illiyində milli forma geydirib həvəslə meydana – portuqaliyalının, serbin, hətta Allahın qətərlisinin önünə çıxarmağa 11 futbolçumuz yoxdu. Futbol oynamamaları bir yana, heç olmasa, mübarizə əzmi də göstərmirlər. Portuqaliya və Serbiya ilə oyunların hər birində bizimkilərdən biri sarı vərəqə alıb. İlk baxışdan intizamlı oynamağın göstəricisidi, amma gerçəklikdə bunun yox, sona qədər mübarizə aparmamağın, rəqibin futbolçularına qarşı qaydaların yol verdiyi dərəcədə sərt oynamamağın əlamətidi. Açığı, mən FİFA-nın qrupumuza Qətəri salmaqla bağlı eksperimentindən tam məmnunam. Fikir vermisizsə, qitənin son bir həftədə üç oyun keçirən aparıcı yığmaları da təqvimin sıxlığından şikayətlənir. Bəs bizim yığma 7 gündə 3 seçmə oyun keçirsəydi, sonuc necə olacaqdı? Yüzdəyüz əminəm ki, hamısında uduzacaqdıq, bu gün yığmaya, De Byaziyə, AFFA-ya yönələn tənqid dalğası daha da güclənəcəkdi.
Beləliklə, 110 illiyə əli ətəyimizdən uzun yaxınlaşırıq. Rəsmi oyunların bir də sentyabrda keçiriləcəyini nəzərə alsaq, ciddi-ciddi düşünmək üçün vaxtımız çoxdu. Mən isə indi düşünmürəm, canımı qara qorxu alıb. Bilirsiz, nədən qorxuram? Yayda avrokuboklarda daha böyük fiasko ilə üzləşə biləcəyimizdən!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.