Sizin reklam burada

Mitroviçi dayandıra bilmədik...

Title
Dünya çempionatının seçmə mərhələsi
A qrupu
267. AZƏRBAYCAN – Serbiya 1:2 (0:1)

12. Şahruddin Məhəmmədəliyev
18. Anton Krivotsyuk
5. Maksim Medvedev (k)
15. Bədavi Hüseynov
14. Elvin Bədəlov
13. Abbas Hüseynov
3. Azər Salahlı
(19. Təmkin Xəlilzadə, 72)
8. Emin Mahmudov
20. İsmayil İbrahimli
9. Əli Qurbani
(11. Ramil Şeydayev, 69)
7. Anatoli Nuriyev
(10. Mahir Emreli, 69/
17. Elvin Cəfərquliyev, 79)
Ehtiyat oyunçular
1. Emil Balayev
23. Mehdi Cənnətov
2. Sərtan Taşkın
4. Şəhriyar Əliyev
6. Vüqar Mustafayev
16. Aleksey İsayev
21. Coşqun Diniyev
22. Toral Bayramov
Baş məşqçi: Canni de Byazi

12. Predraq Raykoviç
2. Strahinya Pavloviç
13. Stefan Mitroviç
5. Uroş Spayiç
17. Filip Kostiç
(14. Andriya Jivkoviç, 64)
8. Nemanya Qudel
20. Sergey Milinkoviç-Saviç
6. Nemanya Maksimoviç
(22. Marko Qrujiç, 64)
7. Nemanya Radonyiç
(19. Mixaylo Ristiç, 86)
9. Aleksandr Mitroviç
(18. Duşan Vlahoviç, 86)
10. Duşan Tadiç (k)
(11. Luka Yoviç, 75)
Ehtiyat oyunçular
1. Marko Dmitroviç
23. Dorçe Nikoliç
3. Marko Petkoviç
4. İvan İliç
15. Nenad Krstiçiç
16. Saşa Lukiç
21. Filip Curiçiç
Baş məşqçi: Draqan Stoykoviç
Qollar: A.Mitroviç, 16 (0:1). E.Mahmudov, 59-p. (1:1). A.Mitroviç, 81 (1:2).
Vərəqələr: U.Spayiç, 45+1. N.Qudel, 76. T.Xəlilzadə, 88 – sarı.
Hakimlər: ROY REYNŞREYBER, David Elias Biton, Saqi Metzamber, David Fuxman (hamısı İsrail).
Hakim-inspektor: İçka Lozev (Bolqarıstan).
UEFA nümayəndəsi: Vyaçeslav Semyonov (Rusiya).
30 mart. Bakı. Olimpiya stadionu. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 5 dəqiqə əlavə olunub.
7 (2) qapıya (“çərçivə”yə) zərbə 17 (7)
2 künc zərbəsi 9
1 oyundankənar vəziyyət 2
1 (0) sarı (qırmızı) vərəqə 2 (0)
19 qayda pozuntusu 14
32 topa sahibolma (faizlə) 68
Srağagün yığma DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində “doğma divarlar” arasında Serbiya ilə üz-üzə gəldi. Çox təəssüf ki, komandamız bu dəfə də nə oyunu, nə də nəticə ilə azarkeşləri sevindirdi. De Byazinin yetirmələri bu matçda da daha çox müdafiəyəmeyilli oyun nümayiş etdirdi. Portuqaliya ilə görüşdə olduğu kimi, serblərlə matçın birinci hissəsində də yığma oyunu müdafiədən qurmuşdu ki, görünür, bu da De Byazinin tapşırığı idi. İtalyan ev oyununda da meyana 6 nominal müdafiəçi buraxmışdı. Düzdü, bəzən rəqibin mərkəzdən qurulan hücumlarının qarşısını almaq üçün sol cinah müdafiəçisi mövqeyində çıxış edən Salahlı dayq yarımmüdafiəçi kimi ortaya keçirdi və belədə komanda 5-4-1 sistemi ilə oynayırdı. Ancaq bu da çox çəkmədi. Serblər qarşılaşmanın əvvəlində yığmamızın mərkəzdə sıx oynadığını görüb, daha çox cinah həmlələrinə üstünlük verirdilər. Cinahda isə nə Anton, nə də Abbas işinin öhdəsindən gəlirdi. Məhz buna görə də yarımmüdafiə xətti rəqibə pressinq etmək istəyəndə qonaqlar topu cinahlara ötürüb, çox asanlıqla təzyiqdən qurtula bilirdilər. Elə serblərin əks-hücumları da cinahlardan qurulurdu. İlk yarıda arxaya “oturan” yığma hər nə qədər çalışsa da, qapısını toxunulmaz saxlaya bilmədi. 16-cı dəqiqədə qonaqlar hesabı açmağa müvəffəq oldular.
Fasilədən sonra bir qədər inamlı görünən meydan sahibləri hesabdakı tarazlığı bərpa etdi. Mahmudov cərimə meydançasının daxilində özünə qarşı qayda pozuntusuna görə təyin olunan penaltini dəqiq yerinə yetirdi. Bu qol onu göstərdi ki, serblərin müdafiəsi o qədər də əzəmətli deyil. Təzyiq artanda onlar da səhvə yol verirlər. Ümumiyyətlə, Draqan Stoykoviçin komandasının qol vurmaqla bağlı problemi olmasa da - əvvəlki oyunların hamısında iki qol vurublar – arxa xətt o qədər də etibarlı təsir bağışlamır. Ancaq nə edək ki, yığma bundan yararlana bilmədi. De Byazinin komandasının hücum xətti çox “dizsiz” təsir bağışlayır. Son 10 gündə 3 oyuna çıxan komanda cəmi iki dəfə rəqib qapısının torunu silkələyib ki, onda da qollar penaltidən vurulub. Yəni komanda əks-hücumda və ya düşünülmüş kombinasiyadan sonra fərqlənib. Bu da onu göstərir ki, komanda müdafiədən hücuma keçməkdə çətinlik çəkir, ötürmələrdə səhv çoxdu. Yeri gəlmişkən, artıq ikinci oyundu ötürmələrin dəqiqliyi statistikasında göstərici 73 faizdi. Bu isə çox aşağıdı. 336 ötürmədən 244-ü ünvanına çatıb. Onu da nəzərə almaq lazımdı ki, komanda daha çox meydanın özünə aid hissəsində ötürmə edir. Müqayisə üçün deyək ki, serblərin 668 ötürməsindən 578-i dəqiq olub və bu 82 faiz deməkdi. Daha bir həyəcan doğuran məqam müdafiə ilə bağlıdı. Ötən ilin son oyunlarında arxa xətt inamlı təsir bağışlayırdı, vahid mexanizm kimi çalışırdı. Ancaq son 3 oyunda bunu görə bilmədik. Serblərin ikinci qolunda müdafiəçilər Mitroviçi qarşılamaq əvəzinə onu sanki müşayiət etməklə yadda qaldılar, xüsusilə də Bədəlov. “Sumqayıt”ın müdafiəçisi rəqib futbolçunun fərqlənməsi üçün az qala hər şey etdi.
Seçmə mərhənin startı bu dəfə də uğurlu alınmadı. İki oyundan sonra turnir cədvəlində ölkəmizin adının qarşısında “0” yazılıb. Bu isə insanların ölkənin əsas komandasına inamını, sevgisini gündən-günə öldürür. Görəsən, De Byazi və milli forma geyən futbolçular bunun fərqinə varırlarmı?!
RƏŞAD

Gözdən qaçmadı
* Bakı Olimpiya Stadionunun səsləndirmə sistemində problem var idi. Oyun ərzində diktorun danışdıqlarını stadionqakılar eşidə bilmədi.
* Yığma penalti qazanandan sonra kapitan Maksim Medvedev qətiyyətlə Emin Mahmudovu səsləyib, “sən vur” dedi. “Qarabağ”ın üzvü hətta topun “Neftçi”nin yarımmüdafiəçisinə verilməsinə şərait yaratdı.
* Oyun bitəndən sonra media sektorundan konfrans otağına düşmək üçün liftdən istifadə etməli olduq. Bu zaman liftdə məndən əlavə 6 şəxs var idi. Onların yanında da 3 azyaşlı uşaq dayanmışdı. Nəzərinizə çatdıraq ki, koronavirus pandemiyası üzündən oyunlara azarkeş buraxılmır. Məhz bu amili nəzərə alaraq həmin uşaqların stadiona buraxılmasını mühafizə xidməti əməkdaşlarının ciddi nöqsanı kimi qələmə verə bilərik.
* Mətbuat konfransı nəzərdə tutulan vaxtdan 20 dəqiqə gec başladı.
* Media mənsublarının önünə əvvəlcə Draqan Stoykoviçin çıxacağı bildirilsə də, belə olmadı. Canni de Byazinin mətbuat konfransından sonra serbiyalı mütəxəssis jurnalistlərin suallarını cavabladı.
* Mətbuat konfransında jurnalistlərə mikrofon ayrılmamışdı. Bu üzdən De Byazi sualları eşitməkdə çətinlik çəkirdi. Bu hal oyunöncəsi mətbuat konfransında da baş vermişdi.

Reaksiyalar
Maksim Medvedev: “Oyun barədə çox danışmaq alınmayacaq. Çünki görüşü təhlil etmək lazımdı. Çox səhv etdik və nəticədə rəqib 2 qol vurdu. Onlar topla rahat davranır, hücumlar qururdular. Bizdə isə alınmırdı. Onları yaxşı bağlamağa çalışırdıq. Amma səviyyə fərqi hiss olunurdu. Çox tez oynayırdılar, biz isə yorulurduq. Hardasa çatdırmırdıq, nəticədə qol görürdük. Baş məşqçi ilə oyunu təhlil etməliyik. Bütün rəqiblərimiz analoji futbolu sərgiləyir, yenə qol vura bilərlər. Oyun barədə baş məşqçi ilə söhbətimiz olacaq. De Byazi hər bir futbolçuya özəl tapşırıqlar verir. O, futbolçularla danışanda səhvlərini deyəcək".
Emin Mahmudov: “Oyunun çox çətin keçəcəyini gözləyirdik. Bunu öncədən də söyləmişdim. Komanda konsentrasiyanı itirən kimi rəqib qollar vurdu. İki dəfə çatdırmadıq, qonaqlar dərhal da imkanlarından istifadə etdilər. Çalışıb-vuruşsaq da, qolumuz az oldu. Rəqibin keyfiyyətləri üzə çıxdı. Biz isə azsaylı şanslarımızdan yararlana bilmədik. Halbuki hər bir qol epizodundan yararlanmaq lazımdı. Qol vurduğuma görə şadam. Amma qalib gəlsəydik, daha çox sevinərdim”.
Şəhriyar Əliyev: “3 oyunun hər birində maksimum nəticə əldə etmək istəyirdik. İlk matç portuqallarla idi. Onların da necə rəqib olduqlarını hər kəs bilir. Hər bir üzvü dünya səviyyəli futbolçudu. Onlara qarşı sıx və kompakt oynamaq istədik. Çalışdıq ki, qol buraxmayaq, əks-hücumlardan maksimum yararlanaq. İkinci hissə yaxşı çıxış etdik. Ümumiyyətlə, böyük komandalar cuzi səhvi bağışlamırlar. Adi səhvdən qol buraxdıq. Qətərlə matçda baş məşqçimiz çoxlu rotasiyalar etmişdi. Komandanın 10-a yaxın əsas üzvünü meydana buraxmamışdı. Bunun özü gənc oyunçuların təcrübə qazanması üçün yaxşı gediş idi. Həmin matçda ilk hissədə çox yaxşı oynadıq. İkinci yarıda nəsə baş verdi və oyunumuzu itirdik. Rəqib təzyiqi artırdı və adi vəziyyətlərdə qol buraxdıq. Serbiya ilə matçda isə ikinci hissədə çox yaxşı oynadıq. Qol vurduq, qollar vura bilərdik. Real vəziyyətlərdən yararlana bilmədik. Əvvəlcədən bilirdik ki, Serbiya ilə matçın ilk 15 dəqiqəsində müdafiədə etibarlı oynasaq, hücum şansları əldə edəcəyik. Üç oyunda da məğlub olduq. Baş məşqçimiz bu matçları təhlil edəcək. Allahın izni ilə çalışacağıq ki, oyunumuzu düzəldək. Biz də istəyirik ki, qrupda yaxşı nəticə əldə edək. Serbiyadı, Portuqaliyadı - bunların necə rəqib olduqlarını hamı gözəl bilir. Rəqibdən çəkinmirdik. Baş məşqçi dəfələrlə bizə bildirmişdi ki, qorxmaq lazım deyil. Hər iki əsas oyunda şanslarımız oldu, sadəcə yararlana bilmədik”.
Azər Salahlı: “Son oyunumuz digər ikisinə nisbətən daha yaxşı alındı. İstəməzdik məğlub olaq, amma təəssüf ki, belə alındı. Matç əsnasında arxa əzələmdə ağrı hiss etdim. Həmin an baş məşqçimizdən xahiş etdim ki, məni əvəzləsin. Azarkeşlərimiz həmişə bizə dəstək olurlar. Biz də əlimizdən gələni edirik ki, onları xoşbəxt edək. Gələcək oyunlarda onları sevindirəcəyik. Buna əminəm. Hər azarkeşimizə bizə dəstək olduqlarına görə şəxsən minnətdarlığımı bildirirəm”.
Filip Kostiç: “Nəticədən razıyam. Daha yaxşı oynaya bilərdik. Amma belə rəqiblərə qarşı mübarizə aparmaq çətindi. Qısa müddət ərzində 3 ağır oyunumuz oldu. Hazırkı vəziyyətdən məmnun olmalıyıq. Komandada istək böyükdü və dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün yolumuza davam edirik. Yolumuz uzundu. İnanıram ki, istəyimiz alınacaq. Penalti epizoduna gəlincə, həmin vaxt rəqib futbolçunu görmürdüm. Topa mümkün qədər tez çatmaq istəyirdim. Dönərkən yöndəmsiz toxunuş etdim. Amma əsas odu ki, qələbə qazandıq".
Aleksandr Mitroviç: “Hər oyuna ayrıca yanaşırıq. Əsas qələbə qazanmaqdı. Matç psixoloji baxımdan gərgin keçdi. Yaxşı ki, sonda 3 xal qazanmağı bacardıq. Əmin addımlarla irəliləyirik. Bununla kifayətlənməyəcəyik. Bakıya favorit kimi gəlmişdik. Belə olan halda meydana daha rahat çıxırsan. Bəlkə də erkən qol vurmasaydıq, vəziyyət gərginləşərdi. Oyun yaxşı alındı. Rəqib müdafiəsini yarmaq çox çətin idi. Amma əsas odu ki, işimizi gördük və evə 7 xalla qayıdırıq”.
Uroş Spayiç: "İlk növbədə qazandığımız xallardan və komandadakı fantastik ab-havadan, sonra isə oyunumuzdan razıyam. Buraxdığımız qola gəlincə, axmaq qoldu. Demək olar ki, heç nədən penalti və heç bir şansımız yoxdu. Penalti vurulsa da, nəyisə dəf edəcəyinə, əlverişsiz vəziyyətdən çıxacağına və arzulanan nəticəyə nail olacağına inandıqda hədəfə doğru gedərək qalib olacaqsan. Ola bilsin, bu, daha şirin qələbədi. Seçmə mərhə ərəfəsində bizə 3 oyuna 7 xal toplayacağımızı desəydilər, əlbəttə, bununla könülsüz razılaşacaqdıq".
Stevan Stoyanoviç (Serbiya yığmasının direktoru): "İlk 3 oyun üçün qarşıya qoyulan vəzifə yerinə yetirildi. Bu müddətdə ən zəif matçımızı Azərbaycana qarşı keçirdik. Amma yenə də vacib 3 xal qazandıq. Sonuncu matçın çətin olacağını bilirdik. Çünki qısa müddətdə 3 oyun keçirdik. İstirahət üçün vaxtımız olmadı. Seçmə mərhələyə uğurlu start verdiyimizə görə futbolçuları təbrik edirəm. 90 dəqiqə ərzində qorxu var idi. Bayaq da dediyim kimi, belə ssenari gözləyirdik. Bunlar rəqabətə səbəb olan oyunlardı. Mütləq qalib gəlmək lazımdı. Bu məqamda baxımlı oyun o qədər də önəmli deyil. Nəticədən məmnun qaldıq".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.