Sizin reklam burada

Veteranlar problemləri sadaladı, çıxış yolu göstərdi

Title
Tərlan Əhmədov: “Baş məşqçi postuna yerli mütəxəssis gətirilməlidi”
Nazim Süleymanov: “Güclü olmaq üçün çempionat güclü olmalı, sistem qurulmalı, hər klub futbolçu yetişdirməlidi”
Novruz Əzimov: “Problem sabit heyətin və normal ab-havanın olmaması ilə bağlıdı”

DÇ-2022-nin seçmə mərhələsinin ilk üç turu arxada qaldı. A qrupunda mübarizə aparan milli komandamız keçirdiyi iki oyunda meydandan məğlub ayrıldı. İlk görüşdə Portuqaliyaya 0:1 məğlub olan yığma doğma meydanda Serbiyaya da yenildi – 1:2. Canni de Byazinin rəhbərlik etdiyi komandanın hansı gücə malik olduğunu bilirik, amma...
Xaricdə futbolçu axtaran, tez-tez “milliləşdirmə”yə əl atan komandanın olduqca zəif təsir bağışlaması, bir hissə ərzində, ümumiyyətlə, hücuma çıxa bilməməsi rüsvayçılıqdan başqa bir şey deyil. Problemlər, səbəblər, həll yolları barədə illərdi müzakirə aparılır, fikirlər səsləndirilir. Bəs millinin hazırkı utandırıcı vəziyyətdən çıxması üçün mütəxəssislər nə təklif edirlər?
Tərlan Əhmədov: “Düşünürəm ki, hazırda millidə məşqçi dəyişikliyi olmalıdı. Baş məşqçi postuna yerli mütəxəssis gətirilməlidi. Klublarda çıxış edən lider futbolçular milliyə çağrılmalıdı. Bu gün çempionatda sonuncu pillədə qərarlaşan klubun 6 futbolçusu milliyə dəvət alır, beşinci yerdə olan komandadan futbolçu çağrılmırsa, çempionatın bombardiri ehtiyatda qalırsa, bunlardan danışmaq lazımdı. Bu məsələlər düzəldilməlidi. Futbolçular milliyə ədalətli şəkildə dəvət olunmalıdı, qərəz olmamalıdı. Klublardan ən güclü, ən məsuliyyətli futbolçular millidə yer almalıdı. Millinin indiki vəziyyəti barədə düşünüləsi nəsə yoxdu. Hər iki rəqiblə oynamaq olardı. Doğma meydanda Serbiyadan xal almaq mümkün idi. Ala da bilərdik, amma çox qorxaq futbol oynadıq və bunun fonunda milliyə, baş məşqçiyə olan inam itdi. Portuqaliya ilə matç seçmə mərhələdə ilk oyunumuz idi, futbolçularda həyəcan hiss olunurdu. Amma rəqibin oyununda da boşluqlar vardı. Biz Portuqaliya ilə matçda futbol oynamadıq, ilk hissədə heç mərkəzi keçmədik. Bu çox acınacaqlı hal idi. İkinci yarıda rəqib bizə imkan verdi, çünki iki gün sonra özlərinin çətin oyunu vardı. Altı yox, digər komandalar kimi 4 müdafiəçi ilə oynaya bilərdik. Serbiya ilə görüşdə də həmçinin, hücumameyilli futbol oynaya bilərdik. Hücumda çoxluq yarada bilmiriksə, necə qələbədən danışa bilərik? Bu baş məşqçinin işini müəyyən qədər Millətlər Liqasında görmüşdük, amma həmin vaxt da deyirdim, 5 müdafiəçi ilə qalib gəlmək olmaz. Heç kim demir ki, komanda sırf hücum futbolu üzərində qurulsun, yox, amma komanda şəklində hücum edib, həmçinin komanda şəklində müdafiə olunub, baxımlı futbol oynayaraq, xal ala bilərdik. Hücum müdafiədən başlayır. Bu gün bunu bacarmırıqsa, gətirilən məşqçi bunu aşılaya, həyata keçirə bilmirsə, deməli, bizi hələ çox acınacaqlı vəziyyətlər gözləyir”.
Nazim Süleymanov: “Milli komanda deyəndə ölkə nəzərdə tutulur. Amma bizdə futbol Azərbaycanda deyil axı, təkcə Bakıdadı. Komandanın yaxşı oynaması üçün futbolçularımız, çempionat güclü olmalıdı, düzgün sistem qurmalıyıq, yerli futbolçular xarici çempionatlarda oynamalıdı. Bundan sonra yığmadan nəsə gözləməliyik. İndi hamı danışır, müzakirə edir. Toxumu əkməmişiksə, onun bitməsini necə gözləyə bilərik? Biz Avropa çempionatına çıxmalıyıq, ya dünya çempionatına? Bu qədər sadaladıqlarımızla nəyə nail ola bilərik? Görünən kəndə nə bələdçi? Bütün rəqiblərimizdən ciddi dərəcədə zəifiksə, nədən danışmalıyıq? Hələ millinin baş məşqçisi də deyir ki, güclü komandalar qələbə qazansın. Guya biz bilmirik ki, güclü komandalar qələbə qazanmalıdı. Biz də bilirik ki, zəifik. Güclü olmaq üçün çempionat güclü olmalı, sistem qurulmalı, hər klub futbolçu yetişdirməlidi. Akademiyalar yaradılmalı, bölgələrdə fəaliyyət göstərməlidi. Bölgələrdə həmişə istedadlı futbolçular olub, amma bu sistemlə onlar məhv edilib”.
Novruz Əzimov: “Milli ilə bağlı mütəxəssislərin fikirlərini oxuyuram, əksəriyyətinin fikri belədi ki, vəziyyət heç də pis deyil, komanda yaxşılığa doğru gedir. Amma düz danışmaq, ədalətli fikir bildirmək lazımdı. Harda işləməsindən, ya da işsiz olmasından asılı olmayaraq, ədalətli olmaq lazımdı. Bizim mətbuatda isə tək-tük adam düzgün mövqe tutur. Məncə, ilk növbədə sabit heyətin olmaması sözünü deyir. Xeyli müddətdi məşqçilər korpusu milliyə namizəd futbolçuları sınayır. Bunda, yəqin ki, menecerlərin də müdaxiləsi rol oynayır. Nəticə olaraq, sabit heyət formalaşdırmaq mümkün olmur. Millidəki ab-hava kifayət deyil. Ədalətsizliklər nəticələrdə əksini tapır. Baş məşqçi bildirdi ki, yaxşı oynadıq, razı qaldım və s. Başa düşürük ki, məşqçi futbolçuları həvəsdən salmamalıdı, çatışmayan cəhətləri özlərinə deməlidi. Amma inanın ki, vəziyyət belə deyil. De Byazi Namiq Ələsgərovun fiziki hazırlığından danışır, amma mən Namiqlə işləmişəm. Hazırda onun fiziki forması heç də pis deyil. Düzdü, pandemiyanın təsiri hələ də özünü göstərir. Bütün bunlara baxmayaraq, çempionatın bombardiri olmaqla yanaşı, Namiqin hücumda göstərdiyi oyun da qənaətbəxşdi. Amma niyə ondan istifadə etmirlər, bunu başa düşə bilmirəm. Dediyim kimi, problem sabit heyətin və normal ab-havanın olmaması ilə bağlıdı. Mən millidə deyiləm, amma oyuna baxanda nələrisə hiss etmək, görmək olur. Hamı oyuna baxır, amma çox az adam görür ki, orda nəsə düzgün deyil. Düzgün olmayan işlər də sonda oyuna və nəticəyə təsir göstərir”.
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.