Sizin reklam burada

De Byazi: “Uşaqlar yavaş-yavaş dediklərimi başa düşürlər”

Title
Oyunsonrası mətbuat konfransına əvvəlcə Canni de Byazi gəldi. İtaliyalı mütəxəssis matçla bağlı fikirlərini səsləndirmədən sualları cavabladı.
- Mahir Emreli və Namiq Ələsgərov premyer-liqanın bombardiridi. Mahir ehtyatda idi, Namiq isə heyətə daxil edilməmişdi. Bu, nə ilə bağlı idi?
- Fərqli qərarlar vermişəm. Azərbaycanda bombardir olmaqla beynəlxalq səviyyədə oynamaq fərqlidi. Bu gün fiziki baxımdan güclü komandaya qarşı oynayırdıq. İkinci hissədə meydana yeni iki hücumçu buraxmaq istədim, lakin əfsuslar olsun ki, Mahir tez zədələndi. Onun zədəsi planlarımızı pozdu.
- Əhvalınız necədi?
- Özümü yaxşı hiss edirəm. Təbii ki, nəticəyə görə bir az narahatam. Daha yaxşı nəticəyə layiq idik. Mitroviç 3 oyunda 5 qol vurub. Bu matçda qapımıza iki zərbə vurdu və bunlar da qolla nəticələndi. Dörd yaxşı imkanımız oldu, ancaq dəyərləndirə bilmədik. Rəqibdən fərqimiz bu idi. Bu gün uşaqları təbrik etdim, onlardan razı qaldım. İnkişafımızı davam etdirəcəyik. İstəkli cavan oyunçularımız var. Bəzən səhvlər bizə baha başa gəlir.
- Reallıq budu ki, komanda iki oyunda xal qazanmayıb. Yaxın gələcəkdə azarkeşləri ümidləndirmək üçün nəsə deyə bilərsiz?
- Kim bizim oyunlara baxırsa, başa düşə bilər ki, müsbət məqamlar çoxdu. İki güclü rəqibə qarşı oynamışıq. Hamının oyununda mənfi situasiyalar tapa bilərik.
- Namiqin heyətdə olmamasıyla bağlı daha ətraflı fikir söyləyə bilərsiz?
- Bütün oyunçuları izləyirəm. Namiqi komandadan kənarda qoymamışam, ona böyük ümidlərim var. Bu gün ağır komandaya qarşı oynayırdıq. Düşündüm ki, Serbiya ilə matçda fiziki baxımdan çatdırmaz. Ona görə heyətdən kənarda qaldı.
- Anatoli Nuriyevin əvəzlənməsinin səbəbi nə idi?
- Tam səmimiyyətimlə deyirəm ki, özü əvəzlənmək istədi. Meydanı tərk edəndə Azər Salahlının da çıxmaq istədiyini bildirdi. Nuriyev əvəzlənməyini özü xahiş etdi. Həm də mən əvəzləsəydim, buna etiraz edəcək bir adam deyil. Sadəcə, yorulmuşdu və meydandan çıxmaq istədi.
- İstədiyiniz komandanı formalaşdırmaq üçün nə qədər vaxt lazımdı?
- İstəyirsən sənə deyim, Albaniya yığması ilə nə qədər vaxt lazım oldu? Dörd il. İlk iki il komandanı qurduq, sonra Avropa çempionatına vəsiqə qazandıq. Həmin vaxt Serbiya, Portuqaliya və Ermənistanı qabaqladıq. Albanlar xəyallarına belə gətirə bilməyəcəkləri sevinci yaşadılar.
- Bu 4 il ərzində millinin futbolçuları utanmadan meydana çıxa biləcək?
- Bu gün yaxşı oynadıq. İkinci hissədə bir müddət oldu ki, oyunu əlimizə aldıq. Düzdü, asan deyil. Mənim asan işlərdən xoşum gəlmir. Uşaqlar yavaş-yavaş dediklərimi başa düşür, icra etməyə başlayırlar. Oyundan-oyuna daha yaxşı olacağıq. 6 gün əvvəl Portuqaliya ilə oynadıq. Artıq bu gün gördük ki, futbolçular yorulub, meydandan çıxmaq istəyirlər.
- İrlandiya və Lüksemburqla da belə oynayacaqsız? Ümumilikdə bu oyunla komanda nəyə ümid edə bilər?
- Yaxşı sualdı, bir az gülmək istəyirəm. Dünən uşaqlarla bu barədə danışdım. Dedim ki, qrupda güc baxımından sonuncuyuq, şəraiti dəyişmək istəyiriksə, qorxmamalıyıq. Görürəm ki, irəliləyiş var. İlk hissədə “ev tapşırığı” hazırlamışdıq və Qurbani başla qol vura bilərdi. Bu oyun fəlsəfəmiz qalacaq. Növbəti rəqiblərin də heyətindəki futbolçular Avropa klublarında çıxış edir. Bizdə isə əfsuslar olsun ki, tək legioner Anatoli Nuriyevdi və onun da komandası Ukrayna çempionatında 13-cü yerdədi.
- Fərid Nəbiyev adlı azərbaycanlı futbolçunu tanıyırsız?
- Bəli, Çexiyada çıxış edir. Lakin indi milli üçün tam hazır deyil.
- Bildirdiz ki, legioner futbolçularımız yoxdu. Amma Eddi İsrafilov, Dmitri Nazarov və Rüfət Dadaşov milliyə dəvət olunmur. Onların üzərindən birdəfəlik xətt çəkilib?
- Hazırda daha çox yerli çempionatda çıxış edən futbolçulara baxırıq. Gənc komandayıq, yeni formalaşırıq. Yolumuz asan deyil, çalışacağıq ən düzgün yolda gedək. Son illərdə millidə nəticələr yaxşı deyil, bu tendensiyanı dəyişmək istəyirəm.
- Aleksey İsayev ötən günlərdə bir erməniyə “qardaşım” deyə müraciət etmiş və bu məqam narazılığa səbəb olmuşdu. İctimaiyyət onun yığmadan kənarlaşdırılmasını, hətta qovulmasını tələb edir. Siz buna rəğmən, İsayevi yenidən milli komandaya çağıracaqsız?
- Aleksey böyük səhv etdiyini başa düşüb. Buna görə onu öldürmək lazım deyil, hələ cavandı. Səhvini tez başa düşdü və paylaşımı sildi. Buna görə də özünü pis hiss edirdi.
- Albaniya millisinin futbolçularında olan hansı müsbət xüsusiyyət bizim oyunçularda yoxdu?
- Ötən əsrin 90-cı illərində bəzi səbəblərdən çoxlu alban Avropanın müxtəlif ölkələrinə köçmüşdü. Bunun da təsiri ilə futbolçuların bir çoxu güclü liqalarda çıxış edirdi. Mən ora gedəndə vəziyyət yaxşı deyildi. Heç bir azarkeş də inanmırdı ki, Avropa çempionatına yüksələ bilərik. Ancaq biz bunu bacardıq.
- Vaxtilə Azərbaycan çempionatda 26 komanda olub, lakin indi 8 komandadı. Klubların sayının artırılmasıyla bağlı AFFA rəhbərliyinə fikirlərinizi bildirimisiz?
- Hazırda federasiya əlindən gələni edir ki, çempionatın formatı dəyişsin. Daha çox oyunçunun olması bizim üçün də faydalıdı. Bizim Avropada yaxşı səviyyədə oynayan futbolçumuz azdı. Diqqətimizi yerli və cavan futbolçulara yönəldirik.
Daha sonra Draqan Stoykoviç nəşəli və şən halda media nümayəndələrinin önünə çıxdı. Təyyarəyə tələsdiklərini bildirərək, yalnız üç jurnalistin sualını cavabladı.
- Azərbaycan millisinin ən güclü tərəfi hansı idi?
- Salamaleykum. Çox çətin oyun gözləyirdik. Dünən də dediyim kimi, çox çətin matç olacaq. Azərbaycan təşkilatlanmış, yaxşı müdafiə olunan və əks-hücumlara çıxan komandadı. Bərabərlik qolundan sonra daha çətin oldu. Bununla belə, istədiyimiz nəticəni qazandıq və 3 xal əldə etdik.
- Komandanızın müdafiədə belə kobud səhvlər edəcəyini gözləyirdiz?
- Doğrusu, gözləmirdim. Bu gün qol buraxmadan qalib gəlmək istəyirdik. Ancaq oyunda ümumilikdə çox səhvimiz olmadı. Çox əsəbləşmişdim. Azərbaycana geridönüş imkanı vermişdik. Ancaq sonra vəziyyəti xeyrimizə dəyişə bildik.
- Son vaxtlar komandanızın xilaskarına çevrilən Aleksandr Mitroviç Serbiyaya qayıdanda təyyarədə ona “biznes” sinfində yer tapılacaq?
- Əslində o, şəxsi təyyarəyə layiqdi. Ancaq bunun üçün pulumuz yoxdu. Yalnız bu gün yox, ümumilikdə yaxşı xarakter göstərir. 3 matçda 5 qol vurub və bu, əla nəticədi. Ona şəxsi təyyarə verməliyik. Sonra qeyd edim ki, matç çox maraqlı idi. Hər iki tərəf “feyr-pley”ə uyğun oynadı. Bu, mənim Bakıya ilk səfərim deyildi, 2003-cü ildə gəlmişdim. Ancaq indi Bakı tam fərqlidi. Burda olduğuma görə çox şadam. Ailəmlə yenidən bura gəlmək fikrim var. Bakı və Azərbaycan mənim üçün çox maraqlıdı.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.