Sizin reklam burada

İsrailli hakim FİFA və UEFA-nın tövsiyəsinə əməl etməyib

Title
Azərbaycan – Serbiya oyununu İsraildən olan hakimlər briqadası idarə etdi. Baş hakim Roy Reynşreyber idi. Ona yan xətt hakimləri David Biton və Saqi Metzamber kömək etdi. Dördüncü hakim funksiyasını isə David Fuxman yerinə yetirdi.
İsraildən olan briqada oyunun nəticəsinə təsir edən qərarlar verdimi? Sualı daimi ekspertimiz Əfqan Həmzəyevə ünvanladıq. Sabiq FIFA referisi israilli hakimlərin işini belə dəyərləndirdi: “Hesab edirəm ki, hakimlər oyunun öhdəsindən layiqincə gəldilər. İsraildən olan referinin beynəlxalq oyun təcrübəsi az olsa da, qarşılaşmanı yaxşı idarə etdi. Dəfələrlə demişəm ki, belə görüşlərə o qədər də təcrübəli hakimləri təyin etmirlər. Məqsəd isə onların fiziki bacarığını və oyun idarə etmək qabiliyyətlərini yoxlamaq, ikili mübarizələrdə hansı qərarlar verəcəklərini aydınlaşdırmaqdı. Çünki rəqiblərdən biri güclü, digəri zəif olanda daha az gücə malik komanda bütün vasitələrdən istifadə etməklə mübarizə aparır. Yəni zəiflər tez-tez qayda pozuntularına yol verməklə, daha çox güc sərf etməklə oyun nümayiş edirir. UEFA təcrübəsiz referiləri bu oyunlara daha ağır qarşılaşmalara hazırlaşmaları üçün təyin edir. İsrailli hakimlər də bu missiyanı layiqincə yerinə yetirdilər. Referinin verdiyi bütün qərarlar doğdu idi. Göstərdiyi bütün sarı vərəqələrdə haqlı idi. Hətta bir epizodda bizi bağışladı. Əli Qurbani ilk hissədə açıq ayaqla rəqibə müdaxilə etmişdi. Bu epizodda hücumçuya vərəqə göstərilməliydi, amma referi ona güzəştə getdi. Millimizin lehinə verilən 11 metrlik cərimə zərbəsi də haqlı qərardı. Həmin epizodda oyunçuya sarı vərəqə göstərməməsi də doğru idi. Çünki adi qayda pozuntusu idi, təhlükəli məqam yox idi. Emin Mahmudov rəqibi keçsəydi belə, sağ cinahdan meydanı tərk etməkdə idi. Hakim, sadəcə, cərimə meydançası daxilində qayda pozuntusu olduğuna görə penalti qərarı verdi. Burda sarı vərəqədən söhbət gedə bilməzdi.
Ümumilikdə referinin idarəçiliyinə söz ola bilməz. Köməkçiləri ilə əlaqəsi də yaxşı idi. Ehtiyat hakimlə arasında heç bir problem yaşanmadı. Demək olar ki, bütün briqada əlaqəli şəkildə fəaliyyət göstərdi. Baş hakimin fiziki durumu yaxşı idi. Meydanın hər yerində vaxtında olurdu. Verdiyi bütün qərarlarda qətiyyətli idi. Futbolçulara dialoqa girməyə şərait yaratmırdı. Sadəcə, bir epizodda Mitroviçə əli ilə toxundu. Ümumiyyətlə, onların arasında nəsə söhbət oldu. FIFA və UEFA-nın tövsiyəsi var ki, ümumiyyətlə, referi hansısa futbolçuya toxunmasın, təmasda olmasın. Çünki oyunçu həmin an hirsli ola bilər. Başqa hansısa situasiyaya görə oyunçu hakimin əlini itələyə, etiraz edə bilər. Bu da kənardan xoş görünməz. Bu oyunda həmin epizoda şahid olduq. İsrailli referi əlini Mitroviçin çiyninə qoyaraq 4-5 saniyə söhbət etdi. Bu, UEFA və FIFA tərəfindən hakimlərə tövsiyə olunmur. Ümumiyyətlə, oyunçu ilə referi arasında məsafə saxlanılmalıdı. Xoş söz deyilə bilər və hansısa fikri təbəssümlə ifadə etmək olar. Hətta zarafat belə edə bilər. Bu, sırf hakimin insani xüsusiyyətlərindən asılıdı. Amma əlini futbolçunun çiyninə qoymaq hakimlikdə bəyənilən hərəkət deyil. Bundan başqa, bütün qarşılaşmanı normal idarə etdi. Mən matçın hakim-inspektoru olsaydım, Roy Reynşreyberin işini 8,5 balla qiymətləndirərdim”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.