Sizin reklam burada

Yığma üzvlərinin qiymətləndirməsi

Title
(10 ballıq sistemlə)
Şahruddin Məhəmmədəliyev – 6,5
Portuqaliya ilə matçda 14 seyvlə Avropanın diqqət mərkəzinə düşən qolkiper Serbiya ilə oyunda da özünü yaxşı tərəfdən göstərdi. Bu görüşdə Şahruddin 5 qurtarışla yadda qaldı. Mitroviçin ilk qolu qarşısıalınmaz zərbələr seriyasından idisə, forvardın 81-ci dəqiqədə fərqləndiyi epizodda Şahruddin zərbəyə bəlkə də bir qədər tez reaksiya verə, oyunun qəhrəmanı ola bilərdi. Ümumilikdə Məhəmmədəliyev yığmanın heyətində iki ən yaxşı futbolçudan biri kimi yadda qaldı.
Azər Salahlı – 5,0
Sol cinah müdafiəçisi nə sevimli cinahında, nə də dayaq yarımmüdafiəçisi mövqeyində özünü göstərdi. “İki daş arasında” qalan “Keşlə”nin futbolçusu hücumlara dəstək vermək baxımından da ümidləri doğrultmadı.
Maksim Medvedev – 5,5
Kapitan göz oxşayan oyun sərgiləməsə də, ciddi səhvlərlə də yadda qalmadı. Təcrübəsi hesabına rəqib futbolçularla başabaş mübarizə aparan Medvedevin ən böyük çatışmazlığı kapitan kimi komandanı toparlamağı bacarmamasıdı. Komandanın meydandakı “ağsaqqalı” çətin anlarda sərkərdə kimi ordusunu döyüşə aparmaq qabiliyyətinə malik olmalıdı. Təəssüf ki, Maksim bunu bacarmır.
Abbas Hüseynov – 4,5
Protuqaliya ilə oyunda olduğu kimi, Bakıda keçirilən qarşılaşmada da heç nə ilə yadda qalmadı. İlk baxışdan müdafiəçi qaçır, mübarizədən çəkinmir, cinahda rəqibin həmlələrinin qarşısını almağa çalışırdı. Ancaq keyfiyyət baxımından çox axsayırdı.
Elvin Bədəlov – 4,0
“Sumqayıt”ın müdafiəçisi Mitroviçin ikinci qolunda kobud səhvlə yadda qaldı. Bədəlov oyundan sonra mətbuata açıqlamasında səhvə görə azarkeşlərdən üzr istəsə də, artıq qatar gedib. Ucaboy müdafiəçinin topla davranışı da çox zəifdi. Ötürmələrindən isə danışmağa dəyməz. Elvin ən yaxşı halda 3 mertə düzgün ötürmə edə bilirdi ki, bəzən burda da səhvə yol verirdi.
Bədavi Hüseynov – 5,5
“Qarabağ”ın və yığmanın heyətində yetərincə beynəlxalq oyuna çıxmasına baxmayaraq, Dağıstan əsilli stopper yenə bəzən həyəcanını boğa bilmir ki, Serbiya ilə görüşdə də bu hiss olunurdu. Hava toplarında inamlı təsir bağışlayan Hüseynovun müdafiəçi kimi əsas üstünlüklərindən biri ilk ötürməni etməyi bacarmasıdı. Lakin sragagünkü matçda bunu görə bilmədik. Xüsusilə də ilk hissədə rəqib böyük qüvvə ilə qapımıza doğru gələndə Bədavi topu kor-koranə şəkildə çıxarmaqla yadda qaldı.
Anton Krivotsyuk – 4,5
Müdafinin col cinahını bağlamalı olan Antonun çox əziyyət çəkdiyi hiss olunurdu. Serblərin sürətli hücumları zamanı “Neftçi”nin müdafiəçisi bəzən zonanı vaxtında bağlaya bilmirdi ki, bu da rəqibin əl-qol açmasına, cərimə meydançasına asma və ötürmə etməsinə imkan yaradırdı.
Anatoli Nuriyev – 5,0
Portuqaliya ilə matçda baş məşqçi ona ikinci hissədə meydana çıxmaq şansı vermişdisə, qrupdakı ikinci görüşdə əsas heyətdə yer almışdı. Bir saatdan bir qədər artıq meydanda olan Anatoli ilk yarını boşa verməklə ümidləri puç etdi. Hücumçunun arxasında oynayan millinin yeni üzvü ikinci hissənin əvvəlində bir qədər dirçəlsə də, fiziki cəhətdən axsaması sona qədər oynamasına imkan vermədi.
Emin Mahmudov – 7,0
Yığmanın heyətində parlaq olmasa da, bəlkə də ən yaxşı oyunlarından birini keçirdi. Birinci hissədə gözə çox dəyməsə də, fasilədən sonra komandanı arxasınca irəli apara bildi. Təcrübəsi hesabına penalti qazanan Mahmudov soyuqqanlı vuruşla hesab arasında tarazlıq yaratmağı bacarsa da, komanda yoldaşları ona dəstək olmadı. Bir güllə isə bahar olmur.
İsmayıl İbrahimli – 5,0
“Qarabağ”ın gənc futbolçusu oyunu ilə xüsusi rəğbət qazanmasa da, pis də çıxış etmədi. Meydanın mərkəzində yer alan İsmayıl daha çox yaradıcı futbolçu kimi tanınır. Amma Serbiya ilə görüşdə bacarığını tam göstərə bilmədi.
Əli Qurbani – 4,5
31 yaşlı forvard hava mübarizələrində inamlı görünsə də, yenə adını tabloya yazdıra bilmədi ki, bu da “Sumqayıt”ın futbolçusuna yönələn tənqidlərin sayını artırıb. Bəzən təkbaşına rəqib müdafiəçilərə pressinq tətbiq edən hücumçu döyüş meydanında tək qaldığından heç nə edə bilmirdi.
Təmkin Xəlilzadə - 4,5
72-ci dəqiqədə meydana çıxan Təmkin passivinə “sarı” yazdırmaqla yadda qaldı. Cinahı canlandırmalı olan futbolçu hücuma dəstək verməklə rəqibin cərimə meydançasına asma və ötürmələr etməli olsa da, bunu istənilən səviyyədə edə bilmədi.
Ramil Şeydayev – 4,5
Şeydayev yenə kölgədə qaldı. Onun formada olmaması bu görüşdə də özünü göstərdi. Təxminən 25 dəqiqə iş başında olan Ramil forvard kimi üzərinə düşən işi yerinə yetirə bilmədi.
Mahir Emreli – qiymətsiz
Elvin Cəfərquliyev – qiymətsiz
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.