Sizin reklam burada

Qurban Qurbanov De Byazinin fikirləri ilə razılaşmadı

Title
“Mən futbolçularımın fiziki hazırlığından həmişə razı qalmışam”
Canni de Byazinin rəhbərlik etdiyi milli komanda ardıcıl 3 qarşılaşmada meydanı başıaşağı tərk etdi. İtalyan mütəxəssis həm Qətər, həm də Serbiya ilə oyundan sonra oxşar açıqlama ilə diqqəti çəkdi. Daha doğrusu, baş məşqçi futbolçuların fiziki hazırlığından şikayətləndi. Gəlin, Serbiya ilə matçdan sonra onun söylədiklərinə nəzər yetirək: “Bu gün yaxşı oynadıq. Fiziki, texniki baxımdan fərq görünürdü. İkinci hissədə bir müddət hətta oyuna nəzarət etdik. Yolumuz asan deyil. Mən asan işləri sevmirəm. Futbolçular artıq məni başa düşürlər. İnanıram ki, tezliklə fiziki formamız daha yaxşı olacaq. 6 gün əvvəl Portuqaliya ilə oynamışdıq və bu gün artıq futbolçular sona doğru əvəzlənmək istəyirdilər, yorulmuşdular. Bu məqamları yoluna qoymalıyıq”.
Bir sözlə, De Byazi milliyə dəvət olunan futbolçuların fiziki durumundan narazıdı. Onun sərəncamında olanların 99 faizi premyer-liqa klublarının üzvləridi. Son görüş üçün yığmaya 30 futbolçu cəlb olunmuşdu. Milliyə ən çox “Qarabağ”, “Sumqayıt” və “Sabah”dan oyunçular dəvət olunmuşdu. Belədə, görəsən, adı çəkilən komandaların baş məşqçiləri De Byazinin fikirləri ilə razıdılarmı? Onlar milliyə dəvət olunan oyunçularının fiziki durumu haqda nə düşünürlər?
Ayxan Abbasov (Sumqayıt): “Milli komanda ilə bağlı heç bir suala cavab vermək istəmirəm. “Sumqayıt” və futbolçuları haqda nə vaxt, nə istəsəz, soruşa bilərsiz. Bu sualı isə cavablamaq istəmirəm”.
Ramin Quliyev (Sabah): “De Byazinin sırf hansı futbolçuları nəzərdə tutması barədə məlumatım yoxdu. Buna görə fikir bildirməyi düzgün saymıram. O ki qaldı millidə olan futbolçularımızın fiziki durumuna, iki həftədi düşərgədə olduqlarından dəqiq nəsə deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, bu müddətdə bəzi futbolçularımızın oyun keçirmədiyini nəzərə alsaq, onları “Qəbələ” ilə görüşə kimi optimal formaya salmağa çalışacağıq”.
Qurban Qurbanov (Qarabağ): “Açığı, istəməzdim ki, bu suala hansısa münasibət bildirim. Bir halda ki, sual verirsiz, cavablayım. Hansısa həmkarmın sözlərinə fikir bildirməyi xoşlamıram. İlk dəfə deyil ki, bu mövzuda fikirlər səslənir. Millidə çalışmış başqa məşqçilər də bu mövzuya toxunublar. Milli komandamızın baş məşqçisinin Serbiya ilə oyundan sonra dediyi sözlərlə mən də tanışam. Nəyi nəzərdə tutaraq belə bir fikir bildirib, detalları bilmirəm. Dilə gətirdiyi fikirlərlə isə razı deyiləm. Hesab edirəm ki, bu, ümumiyyətlə, müzakirə olunası mövzu deyil. Bu mövzunun müzakirəsini xoşlamıram. Həmişə futbolçuları tam hazırlamağa çalışmışıq. Bunun üçün şəraitimiz və imkanlarımız da var. De Byazi ilə münasibətlərimiz yaxşıdı. Dəfələrlə görüşmüşük, müzakirələrimiz olub. Mənimlə söhbətində futbolçularımızın fiziki durumundan narazılığını dilə gətirməyib. Milli komandanın məşqçiləri futbolçularımızın fiziki durumu ilə maraqlananda da ətraflı məlumat vermişik. İndi elə dövrdü ki, istənilən vaxt oyunçular haqda ətraflı məlumat əldə etmək mümkündü. Mən futbolçularımın fiziki hazırlığından həmişə razı qalmışam. Ardıcıl 7 ildi ən çox oyun keçirənlər “Qarabağ”ın futbolçularıdı. Futbolçularımızın kifayət qədər beynəlxalq oyun təcrübəsi də var. Adətən, futbolçularımızda millidən qayıdandan sonra yorğunluq olur. Ümümilikdə şükürlər olsun ki, bu günə qədər fiziki hazırlıqla bağlı narazılığımız olmayıb. Sonda demək istəyirdim ki, milli komandamıza bundan sonrakı oyunlarda uğurlar arzulayıram. Həmişə millinin yanındayıq”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.