Sizin reklam burada

Nuriyevlə Qurbaninin qarşılıqlı anlaşma(ma)sı

Title
Azərbaycan millisi ardıcıl keçirdiyi üç görüşün hamısında uduzdu. Sanki dejavü yaşayırıq. Eyni filmi əvvəllər neçə dəfə izləmişik. Hər gələn yeni məşqçi özüylə böyük ümidlər, yağlı vədlər gətirir. Onun gəlişini toy-bayram edib, seçmə mərhələnin startını səbrsizliklə gözləyirik. Həmin mərhələnin oyunları başlayır, bizim məğlubiyyətlərimiz də qatarlanır, bir-birinin ardınca düzülür. Bir oyunun ilk 45 dəqiqəsində yaxşı oynayırıq, o birində millimiz fasilədən sonra yaxşı görünür. Ümid edirik ki, üçüncü dəfə bütün 90 dərəcə istədiyimiz kimi keçəcək, nəticə də ürəyimizcə olacaq. Bu dəfə də hansısa “təsadüfi qol”, yaxud da “gözlənilməz səhv” arzumuzu gözümüzdə qoyur. Məğlubiyyətin alın yazımız olduğuyla barışmaq istəmirik. Qəbul etmirik ki, futbolda ayrı-ayrı epizodlarda, ya birinci, ya da ikinci hissədə yaxşı oynamaq yox, bütöv 90 dəqiqəni yaxşı keçirmək lazımdı. Sehirli top oyununda “təsadüfi qol”, yaxud da “gözlənilməz qol” olmur. Bütün bunlar səviyyə fərqinin göstəricisi, ustalıq və peşəkarlıq arasında olan fərqlərdi. Biz rəqibdən zəif olduğumuz üçün gec, ya da tez qapımızda qol görürük və uduzuruq. Bundan qaçmaq mümkün deyil.
Bütün dünyanın tanıdığı Berti Foqtsun dövründə də belə idi, heç öz vətənində məşqçi kimi heç bir uğuru olmayan Nikola Yurçeviçin də. Heç bizi istədiyi kimi barmağına dolayan Robert Prosineçkinin zamanında da fərqli nəsə olmadı. Xorvatiyalı çalışdırıcı dağıstanlı Maqomed Kurbanovda gizli istedad gördüyünü iddia edirdi. Həmin istedadın nədən ibarət olduğunu heç cür görə bilmədik. Məsələ bizim heç də bisavad olmağımızda deyil. Kurbanov həmin o “gizli istedadı”nı heç cür aça bilmədi ki, biz də görək. İndi nə onun harda olduğundan xəbərimiz var, nə də Robert Prosineçkinin. Necə gəlmişdilərsə, elə də getdilər. Tanıdığımız xanım aparıcılardan birinin dediyi kimi, sanki bir külək idilər. Son 12-13 ildə AFFA-nın yürütdüyü siyasətin ümumi görüntüsü belədi. Millilərin baş məşqçilərinin adı dəyişir, bir də “milliləşdirilən” futbolçuların. Nəticələr isə heç cür dəyişmir. Papağımızı qarşımıza qoyub, harda səhv etdiyimizi araşdırmırıq. O səhvləri tapıb, aradan qaldırmaq üçün heç nə etmirik. Ona görə də məğlubiyyət alın yazımıza çevrilib.
Portuqaliya ilə oyunu bir kənara qoyuram. Deyirdilər ki, rəqibimiz sonuncu Avropa çempionudu, heyətində Kriştiano Ronaldo kimi dünya ulduzu oynayır. Neynəməliydik, onları udmalıydıqmı?! Yaxşı, udmayaq. Heç bunu arzulamayaq, məğlubiyyətə görə kimisə sorğulamayaq da. Qətərlə oyunu da Canni de Byazinin apardığı ekspermentlərə, rəqibin Asiya çempionu olmasına, gələn il öz ölkələrində düzənləyəcəkləri mundiala ciddi-cəhdlə hazırlaşmalarına keçək. Uduzmuşuq, canımız sağ olsun. Bəs Serbiya ilə oyundakı məğlubiyyətə nə deyək? Mən demirəm e, AFFA rəsmilərinin özü, italyan çalışdırıcı qrupdan çıxmaqdan, böyük hədəflərdən dəm vurmurdularmı?! Mən milli komandamızla bağlı böyük ümidlər qurmuram, uşaqların qarşısına ciddi hədəflər qoymağın əleyhinəyəm. Yorğanımız bəllidi, əzizlərim. Onun içinə neft milyonlarını doldursaq da, yorğanın ölçüsü çox kiçikdi. Belədə ayaqlarımızı çox da irəli uzatmayaq. Yoxsa bir də onda ayılırıq ki, yorğanı ora-bura xeyli dartmışıq, nəinki ayaqlarımız, biədəb yerlərimiz də açıqda qalıb. Hə, onu deyirdim axı. Portuqaliya və Qətərlə oyunları bir kənara qoysaq da, Serbiyaya məğlubiyyətin üzərindən sükutla keçmək mümkün deyil. Biz bu oyunla, belə nəticələrlə qrupdan çıxmağı hədəfləmişik? Sözün düzü, şəxsən çalışdırıcının ağzından eşitməmişəm. Amma bu yaxınlarda bir futbol proqramında eşitdim ki, Canni de Byazi Azərbaycan millisiylə Qətərə - dünya çempionatına yollanacağını deyibmiş. Mən hər eşitdiyimə inanan adam deyiləm. Di gəl ki, qısa müddətdə De Byazinin kəramətinə (dilinə) bələd olmuşuq. Sinyor Canni bir dəfə Albaniya millisinin üzvlərini, sabiq yetirmələrini aşağılamışdı. Lap yaxın keçmişdə isə “Portuqaliya millisinin xəbəri yoxdu ki, biz onları məğlub edəcəyik” tipli şedevr açıqlamaya müəlliflik etdi. İddialı olmaq, futbolçuları motivasiya etməyə çalışmaq yaxşıdı. Amma bunu ağ yalanla etmək heç də yaxşı davranış deyil, azarkeşləri aldatmaq, onları boş yerə ümidləndirməkdi.
Serbiya ilə oyun haqda uzun-uzadı danışmağa ehtiyac yoxdu. Təkcə bir məqamın üzərində dayanmaq istəyirəm. Millinin start heyətində iki hücumçu vardı, ikisinə də sonradan Azərbaycan pasportu verib, komandaya qatmışıq. Sözsüz, Əli Qurbani və Anatoli Nuriyev maddi maraq olmadan bu təklifə razılıq verməyiblər. Nə alıblarsa, halal xoşları, onsuz da onlara verməyib bizə verən deyildilər. Adamı yandıran odu ki, bizimlə yeriyə-yeriyə futbol oynayan serblərin səhvə yol verib, bizə qol vurmaq üçün fürsət verdiyi epizodların birində Nuriyevlə Qurbani rəqibin qapıçısıyla təkbətək çıxdılar. Serb müdafiəçilər topla hərəkət edən Nuriyevi mühasirəyə almışdılar, Qurbani, demək olar ki, boş qalmışdı. Anatoli Əliyə ötürmə vermək əvəzinə topu qapıya özü göndərmək istədi və qol şansını əldən verdik. İndi mən bu oyunun nəyini təhlil edim, oyunçuları necə incələyim? Allah hamımıza səbr versin, əziz oxucular. Versin ki, bu məğlubiyyətlər ürəyimizi çox da üzməsin. Öyrəşmək lazımdı!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.