Dünən AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. Qurum “Qarabağ”la “Neftçi”nin müraciətinə baxıb. Hər iki klub tərəfindən verilən apellyasiya şikayəti təmin olunub. “Qarabağ” premyer-liqanın 16-cı turunun “Sumqayıt”la oyununda serbiyalı legioneri Uroş Matiçin formasında standartların pozulmasına görə tətbiq olunan 3000 manat cərimədən azad olunub. Ağdam təmsilçisinə bu hala təkrar yol verməməklə bağlı xəbərdarlıq edilib. "Neftçi"yə isə premyer-liqanın 18-ci turunun “Sabah”la oyununda stadionun işıqlandırma sistemində yaranan problemə görə tətbiq olunan cərimənin məbləği azaldılıb. Belə ki, paytaxt klubu ev oyununda başverənlərə görə yüngülləşdirici hallar nəzərə alınmaqla 4000 yox, 1000 manat ödəyəcək.