Sizin reklam burada

Yaşar Vahabzadə gəncəli azarkeşlərlə razılaşmadı

Title
“Uduzan kimi xoşagəlməz fikirlərlə aranı qatmağa çalışırlar”
Srağagün birinci divizionun 14-cü turundan təxirə salkınan iki oyun keçirilib. “Neftçi-2” “Sumqayıt-2”ni, MOİK isə “Kəpəz”i böyük hesabla məğlub edib. “Ağ-qaralar”ın ikinci komandasının autsayderi yenəcəyi gözlənilən idi. Ancaq premyer-liqaya iddialı Gəncə təmilçisinin “hərbçilər”ə boyun əyməsi bir qədər gözlənilməz oldu.
“Sarı-göylər”in acı məğlubiyyətlə üzləşməsi gəncəli azarkeşləri də əsəbləşdirib. Bunu onların sosial şəbəkələrdəki paylaşımlarından görmək mümkündü. Tərəfdarların bəziləri məğlubiyyətə görə futbolçuları, bir qismi isə məşqçilər korpusunu günahlandırır. Bəs “Kəpəz”də nə baş verir, elitaya iddialı komanda niyə 6-cı pillədən yuxarı qalxa bilmir? Bu və bizi maraqlandıran başqa suallara cavab tapmaq üçün komandanın baş məşqçisi Yaşar Vahabzadə ilə danışmağı lazım bildik.
- Əvvəlcə MOİK-lə oyun barədə fikirlərinizi eşidək. Komandanın autsayderlər arasında olan rəqibə 1:4 uduzması azarkeşlər arasında narazılıq doğurub.
- Hər bir baş məşçqçinin, futbolçunun, komandanın çempionat ərzində bir qara günü olur. MOİK-lə matç da bizim üçün həmin gün idi. Məğlubiyyətə başqa ad verə bilmirəm. Oyunun gedişi nəinki böyük hesabla, ümumiyyətlə, uduzacağımızdan xəbər vermirdi. Ancaq təəssüf ki, yekun bizim üçün belə xoşagəlməz oldu.
- Azarkeşlərin bəziləri sosial şəbəkələrdə futbolçuları bilərəkdən oynamamaqda ittiham edirlər. Buna münasibətinizi bilmək istərdik.
- Azarkeşlərimizin fikirlərinə hörmətlə yanaşıram. Ancaq əminliklə deyə bilərəm ki, bizim komandada bilərəkdən zəif oynayan futbolçu yoxdu. Oyunçu meydana çıxıbsa, mən ona əsas heyətdə yer vermişəmsə, deməli, güvənib bu addımı atmışam. Azarkeşlərin bu mövzuda söylədiyi, yazdığı fikirləri bölüşmürəm. O nə deməkdi “futbolçular bilərəkdən zəif oynayırlar”. Məncə, bu sözlərin arxasında başqa fikirlər durur.
- Bəlkə açıq danışasız? Azarkeşlər nə demək istəyir?
- Fikrimcə, onların bəziləri mənə siqnal ötürürlər. Futbol həyatı elədi ki, heç kim heç yerdə əbədi deyil. Məşqçinin çemodanı hər zaman hazır olmalıdı. Mən də “Kəpəz”də əbədi deyiləm, nə vaxtsa postumdan gedəcəm. Ancaq bu gün bütün futbolçularıma inanıram və onlara etimadım sonsuzdu. Azarkeşlər yazırlar ki, bu futbolçular bilərəkdən zəif oynayırlar. Bir oyuna görə kiməsə ağır ittiham irəkli sürmək olmaz. Bu komanda MOİK-lə matçdan öncə iki qarşılaşmadan qalib ayrılıb. Niyə bu uşaqlar “Qaradağ Lökbatan” və “Sabah-2”ni udanda heç nə yazımırdılar, uduzan kimi xoşagəlməz fikirlərlə aranı qatmağa çalışırlar?
- Oyunçularınızla bu haqda söhbətiniz olub?
- Onlarla, demək olar, hər gün danışırıq. Hamısına demişəm ki, kənardan səslənən fikirlərə diqqət yetirməsinlər, başlarını aşağı salıb futbol oynasınlar. Ancaq belə olan halda istədiyimizə nail olub, bədxahları susdura biləcəyik.
- Mövsümün əvvəlində premyer-liqaya iddialı olacağı gözlənilən “Kəpəz” bu gün dvizionda 6-cı pillədə qərarlaşıb. İdman prinsipləri gözlənilərsə, elitaya qayıdışınız baş tutmaya bilər...
- Bəli, əsas rəqibimiz olan “Turan Tovuz” və “Zaqatala” hazırda bizdən öndədi. Ancaq siz elitadan öz açdızsa, subyektiv fikrimi deyəcəm. Premyer-liqada oynamaq üçün ilk növbədə özülü düz qoymaq lazımdı. Tutaq ki, növbəti mövsüm “Kəpəz” premyer-liqada oynadı. Kim meydana çıxacaq? Məcbur olub kənardan 10-15 legioner dəvət etməliyik ki, komanda heç olmasa ortabablar arasında özünə yer edə bilsin. Bu bizə, Gəncə futboluna lazımdı? Gəncəyə ayaq basdığım ilk gündən qarşıma bir məqsəd qoymuşam ki, əsasən yerli uşaqlar oynasın. Pis-yaxşı bu gün bunu bacarırıq. Hər oyunda 7-8 yerli uşaq meydana çıxır. Onların arasından da iki-üçü bu gün asanlıqla premyer-liqada oynaya bilər. Bizə bu lazımdı. Bu həmin uşaqlardı ki, kubokda “Sabah”ı mübarizdən kənarlaşdırdılar. Niyə onda heç kim yazmırdı ki, uşaqlar bilərəkdən oynamırlar? O gündən bu günə nə dəyişdi? Həmin heyət, həmin məşqçilər korpusudu ki, yenə iş başındadı.
- Özündən qat-qat imkanlı, fərdi ustalıq səviyyəsi yüksək olan futbolçulara malik “Sabah”ı kubokda mübarizədən kənarlaşdıran “Kəpəz” niyə bu gün divizionda 6-cı pillədədi?
- Bu, mənim özüm üçün də çox müəmmalıdı. Baxırsan ki, komanda düz oynayır, hər şey qaydasındadı, oyuna nəzarət edirik, ancaq sonda uğursuzluğa düçar oluruq. Elə götürək MOİK-lə son görüşü. Rəqib 3 qolu standart vəziyyətdən vurdu. Yenə deyirəm, qarşılaşmanın əvvəlində üstünlük tərəfimizdə idi. Həmin vaxt nəinki böyük hesabla uduzacağımızı, heç xal itirəcəyimizi düşünmürdüm. Ancaq hər şey tərsinə oldu. Komanda azlıqda qalandan sonra isə oynamaq çətin idi.
- Qarşıda hələ 9 tur var. Vəziyyəti dəyişəcəyinizə, daha üst pillələrə yüksələcəyinizə inanırsız?
- İnam olmayan yerdə işləməyə dəyməz. Necə deyərlər, inam uğurun yarısıdı. Təbii ki, mən öz komandama, futbolçularıma güvənirəm və ümid edirəm ki, qarşıdakı görüşlərdə bizə sərf edən nəticələrə imza atacağıq. Azarkeşlərdən də xahişim budu ki,bizə inansınlar.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.