Sizin reklam burada

İtalyanca şikayətnamə

Title
Yığmanın italiyalı baş məşqçisi De Byazi deyib ki, futbolçularımız Portuqaliya ilə oyunun ilk hissəsində utancaq oynayırmışlar. Mən cənab De Byazinin səmimiyyətinə şübhə etmirəm. İllərdi biz futbolçularımızı elə utanmağa səsləyirik. Deyirik ki, adam nə qədər uduzar? Heç olmasa, bir az xəcalət hissinə yenik düşüb, toparlanın. Bu xəcalət qəzəbə çevrilsin, rəqibi sözün məcazi mənasında didib-parçalamağa hazır olun. Amma bütün bu hisslər bizim millinin üzvlərinə yaddı. Onlar uduzmağa vərdiş ediblər, çox sakitcə uduzurlar və öz işlərinin arxacınca gedirlər. Elə biz də futbolçularla birlikdə uduzmağa adətkar olmağa başlamışıq. Artıq məğlubiyyətə qarşı peyvənd olunmuş kimiyik. Yenilgilər bizi əsəbləşdirmir, qəzəb və qisas hissi ürəyimizi didib-parçalamır. İş o yerə gəlib çatıb ki, Portuqaliya ilə oyundan sonra tanınmış simalardan biri “bizim millimiz neynəməliydi, Portuqaliyanı udmalıydı” sualıyla sosial şəbəkələrdəki tənqidçiləri susdurmağa çalışmışdı. Yəni məğlubiyyətlər bizim üçün adi haldı, meydana qələbə üçün yox, uduzmağa çıxırıq. Ötən yazımda yazdığım kimi, bunun adı “əziklik psixologiyası”dı.
Qayıdıram De Byazinin dediyi o utanmaq məsələsinə. Nə baş verdi ki, bizimkilər utanmağa başladılar? 10 il əvvəl, daha dəqiqi, 2011-ci ilin noyabrında Berti Foqts millimizi vətəninə təlim-məşq toplanışına aparmışdı. Futbolumuza milyonların daha böyük səxavətlə axıdıldığı vaxtlar idi. Foqts millimizi nəinki təlim-məşq toplanışına, hətta tibbi yoxlama üçün də Almaniyaya aparırdı. Min cür hoqqalara tamaşa edirdik. Təsəvvür edin, noyabrın ortasıdı, millimiz üçün “futbol ili” başa çatıb, qarşıda komandanı hansısa oyun gözləmir. Amma Foqts yığmanı Almaniyada “Yunion Berlin”lə yoxlama oyununa çıxarırdı. Onda da “Berlinli gənclər” həvəskar komanda səviyyəsində idi, yeni-yeni yaranmışdı. Təxmin etmək olardı ki, Foqts ili nikbin notlarla başa vurmaq istəyir. Bununla da həm tənqidçilərini susdurmağı, həm də AFFA-ya ismarıc verməyi hədəfləyib. Sözsüz, səviyyəcə xeyli zəif olan rəqibi məğlub etməklə bu planı həyata keçirmək mümkün idi. Di gəl ki, milli üzvləri fərsiz və “dişsiz” oyunla almaniyalı qocanın bu arzusunu da gözündə qoydular. Bəli, Azərbaycan millisi həvəskarlar liqası səviyyəsinə olan “Yunion Berlin”ə 0:1 hesabıyla uduzdu və ili acınacaqlı məğlubiyyətlə başa vurduq.
Həmin vaxt yazılarımın birində futbolçularımızı utanmağa səsləmişdim. Çünki Almaniya, Belçika kimi rəqiblərlə qarşılaşan, özünə peşəkar futbolçu, milli üzvü deyənlərin berlinli həvəskarlara uduzması böyük faciə idi. Buna utanmayasan, nə edəsən? De Byazinin utanmaqla bağlı dediklərindən sonra 10 il əvvəlki günləri xatırladım. Ötən 10 il ərzində Azərbaycan futbolu bir qarış da irəli getməyib, inkişaf etməyib. Əvəzində Foqtsu yola salıb, daha üç əcnəbi çalışdırıcıya qucaq açmışıq. De Byazinin sözlərindən belə başa düşmək olar ki, son 10 il ərzində əldə etdiyimiz yeganə nailiyyət futbolçularımızın utanmağa başlamısıdı. Onlar Turindəki oyunun ilk 45 dəqiqəsində bu hissin təsiri altına düşüblərmiş. Dünya ulduzu, milyonların sevimlisi Kriştiano Ronaldonu və onun həmyerlilərini əziyyətə salmalarından, onlarla eyni meydanı paylaşıb, top uğrunda mübarizə aparmalarından utanırmışlar. Ay sizi, bizim şirin-şəkər futbolçularımız. İllərdi biz utanırdıq, utana-utana öyrəncəli olduq. İndi siz utanmağa başlamısız. Belə iş görməyin. Ronaldo da sizin kimi iki əli, iki ayağı olan adamdı, belələrinə qarşı mübarizə aparmaqdan, eyni meydanda topun arxasınca qaçmaqdan utanmaq lazım deyil...
Ümid edirəm ki, bizimkilər bu gün Serbiyaya qarşı utanmadan mübarizə aparacaqlar. Düzdü, bunu etmək heç də asan olmayacaq. Nəhəng Bakı Olimpiya Stadionunun boş tribunaları önündə oynamaq heç də asan deyil. Amma nə etmək olar, şərtlər belə gətirib. Sonuncu dəfə bu stadionda keçirdiyimiz oyunda Lüksemburqa uduzmuşduq. Onda da komandamızı Canni de Byazi çalışdırırdı. Özü də italyan çalışdırıcı həmin gün millimizi debüt oyununa çıxarırdı. Böyük ümidlə, həyəcanla həmin qarşılaşmanı gözləyirdik. Təəssüflər olsun ki, sinyor De Byazi də, onun güvəndiyi futbolçular da bizi məyus etdilər. Doğma meydanda Lüksemburqa uduzduq. Bununla da Millətlər Liqasına yaxşı başlanğıc etmək şansını əldən buraxdıq. Sonrası da heç yaxşı olmadı. Həmin vaxt De Byaziyə bəraət qazandırmağa çalışanlar onun millimizdə yeni olduğunu, futbolçuları yaxşı tanımadığını deyirdilər. İndi bu bəraət və bəhanələrin heç bir əsası qalmayıb. İtaliyalı məşqçilər korpusunun yetərincə zamanı olub, bundan o yana nə zaman? İndi ortaya iş qoymaq zamanıdı. Söhbət təkcə nəticədən getmir. Milli komandanın öz oyun üslubu, hücum və müdafiə planları olmalıdı, məşqçi işi görünməlidi. Öz qapımızın ağzına toplaşıb, utana-utana müdafiə olunacağıqsa, bundan sonra De Byaziyə bəslədiyimiz zəif ümidlər də öləcək. Odu ki, italyan mütəxəssis Serbiya ilə oyuna ciddi yanaşmalı, azərbaycanlı azarkeşləri sevindirməlidi. İtalyan dilində şikayətnamələr yazmağa heç həvəsimiz yoxdu, hörmətli Canni!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.