Honda İbrahimoviçlə görüşmək istərdi
Bir neçə gün öncə "Neftçi"yə transfer olunan Keysuke Honda diqqət mərkəzində qalmaqda davam edir. Paytaxt təmsilçisi ilə cari mövsümün sonuna qədər müqavilə bağlayan yaponiyalını "La Gazzetta dello Sport" danışdırıb. Təcrübəli yarımmüdafiəçi maraqlı fikirlər səsləndirib.
- Dünya turnesi sizi Azərbaycana necə gətirdi?
- Yeni çağırış axtarırdım və Bakını seçdim. Mənə oynamaq lazım idi. Biz çempion olmağa çalışırıq.
- "Neftçi" son 5 mövsümdə 5-ci komandanız oldu...
- Özümü göstərmək üçün mənə həmişə yeni stimullar lazımdı. Bu, karyera məsələsi deyil. Karyera haqda gənc olarkən fikirləşirdim Pul məsələsi də deyil. Yalnız öz ehtirasım, futbol arxasınca düşmüşəm.
- Yəqin ki, burada əsas söz "ehtiras"dı...
- Çoxları "Keysuke qurtarıb" deyir. Mən yalnız problemlər haqda düşünür və sevdiyim işi görürəm. Bu gün Bakıdayam, sabah isə kim bilir harda.
- Yenidən İtaliya A Seriyası ola bilər?
- Heç vaxt "heç vaxt" demə. Layihə xoşuma gəlirsə, niyə də yox?! Özümü baş məşqçi və komanda üçün vacib hiss etməliyəm.
- "Milan"a keçidiniz necə alınmışdı?
- 2014-cü ildə "Milan"dan təklif gələn kimi bir dəqiqə də düşünmədən razılıq verdim. Bundan öncə "Latsio"dan da təklif var idi. Amma çıxış etdiyim Rusiya ÇSKA-sı razılıq vermədi.
- Sizə İtaliyaya getməyi Yaponiya millisinin sabiq baş məşqçisi Alberto Zakkeroni məsləhət gördü?
- Onunla bu məsələ haqda xeyli danışdıq. Zakkeroni mənə İtaliya mədəniyyətini, ölkəni və fanatların isti münasibətini anlatdı, qərar verməyimə kömək etdi. Bir sözlə, bu mütəxəssislə xeyli “artırdım”.
- "Milan"a keçən kimi “10” nömrəli formanı seçməyinizə nə səbəb oldu?
- 12 yaşım olarkən orta məktəbdə bununla bağlı inşa yazmışdım. Hətta bu gün də Adriano Qallianiyə ("Milan"ın sabiq vitse-prezidenti) arzumu həyata keçirmək imkanı yaratdığına görə minnətdaram. Lakin orda çoxlu problem var idi. Digər kontekstdə yəqin ki, heç vaxt "Milan"da oynamazdım. Bunu etiraf etməliyəm. Belə çətin situasiya mənə kömək etdi.
- Nə mənada?
- Klubun top-futbolçular almağa pulu yox idi. Bu üzdən bir çox "normal" oyunçu "qırmızı-qara" formanı geyinmək imkanı qazandı. Həmin vaxt klubun strategiyası, dəqiq korporativ strukturu yox idi. Üç aydan bir komandaya yeni baş məşqçi gəlirdi. Belə ab-havada nəticə qazanmaq mümkünsüz idi. Gücümüzün 100 faizini ortaya qoyurduq. Lakin azarkeşlər daha artığını gözləyirdi.
- Ehtiyat oyunçular skamyasında sonradan komandada baş məşqçi kimi çalışan Filippo İnzaqi də var idi...
- O, yaxşı oyunçu idi, baş məşqçilik imkanını xeyli tez əldə etdi. İqnasio Abate və ya Cakomo Bonaventura kimi yaxşı futbolçular var idi. Tez-tez deyirdik ki, bu, bizdən əlavə güc tələb edir. Lakin bəzi oyunçular bunu başa düşmürdü. Ona görə də məsuliyyət İnzaqinin üzərinə düşürdü.
- Mario Balotelli haqda hansı xatirələriniz qalıb?
- Nəhəng istedada malik idi. Amma daha yaxşı olmaq üçün heç nə etmədi. Mən onun günlük nizam qaydasını dəyişmək istədim. "Mario, mənə inan. Daha yaxşı olmaq istəyirsənsə, daha çox məşq etməlisən" dedim. O, mənə ciddi ifadə ilə baxdı və ertəsi gün idman zalına məşqdən 40 dəqiqə əvvəl gəldi. Daha bir gün də belə etdi. Lakin üçüncü gün onun üçün darıxdırıcı idi. Bu, Mariodu.
- Bəs kapitan Alessio Romanyoli?
- Əla müdafiəçi idi. Lakin o da həmin illərdə tam məşq etmirdi. Özünə daha çox inanmalı və fərqli fəlsəfəyə malik olmalıdı.
- Bəs Canluici Donnarumma haqda nə düşünürsüz?
- O da adaşı Buffon kimi dünyanın ən yaxşı qapıçılarından ola bilər. Donnarummaya həmişə deyirdim ki, bunu bacarsa, mənə yaxşı şərabla şam yeməyi təklif edə bilər.
- İndi "Milan" əbədiyaşar Zlatan İbrahimoviçdən zövq alır...
- İbrahimoviçlə heç vaxt görüşməmişəm. Ancaq bunu istərdim. Fikrimcə, futbol anlamında nəhəngdi. Xarakter baxımından da çox şey öyrənmək istərdim. Ümidvaram ki, "Milan"la skudettonu qazana biləcək. Bu komandanı daim izləyirəm.
- Hazırda A Seriyasında çıxış edən iki yaponiyalı - Maya Yoşida və Takehiro Tomiyasu barədə fikirləriniz necədi?
- Maya Yaponiyanın ən yaxşı müdafiəçisidi. Takehiro isə gənc, lakin böyük gələcəyə malik oyunçudu. İtaliyada bəzi yönlərini daha da yaxşılaşdırsalar, ideal oyunçuya çevrilə bilərlər.
- Siz həm də sahibkarsız...
- Müxtəlif müəssisələri idarə edirəm. "NowDo" ilə biz aşağı məbləğə təhsil təklif edirik. Yaponiyada xeyli məşhur sosial audiosistem olan "NowVoice" şirkətini yaratmışam. Eyni zamanda, Tokioda tam onlayn idarə olunan həvəskar "Edo All United" adlı komandam var. Həmçinin müxtəlif investisiya fondlarım, həmçinin Uill Smitlə birgə fondum var. Rəqəmsal tədbirlər və informasiya texnologiyaları vasitəsilə dərmanların işlənilib-hazırlanmasından elektron kommersiyaya qədər müxtəlif sektorlarda 150-dən çox startapı maliyyələşdirmişik.
- Bir sözlə, rəngarəng həyat tərziniz var...
- Mən həm də Kamboca yığmasının baş meneceriyəm. O qədər xoşbəxtəm ki... Heç vaxt məzuniyyətə getmirəm. Belə imkanım olan kimi İtaliyaya qayıdacam. Bəlkə də oynamaq üçün.
- Hobbiniz nədi?
- Bu, ən çətin sualdı (gülür). Oxumağı sevirəm.
“Yalnız öz ehtirasım, futbol arxasınca düşmüşəm”

PAYLAŞ:
OXŞAR XƏBƏRLƏR
Honda qol vurdu, "Neftçi" qalib gəldi - VİDEO
- 24 mar 2021 06:57
Yersiz zarafatların oylağı olan futbolumuz
- 21 mar 2021 07:32
Əcnəbi jurnalistlər Honda üçün "Neftçi"yə müraciət ediblər
- 20 mar 2021 12:00
Yapon ulduzu kosmosdan təbrik etdilər
- 19 mar 2021 02:51
Honda həftəsonu Bakıya gələcək
- 10 mar 2021 09:50
Honda “Neftçi”yə təklif olunub
- 06 mar 2021 03:09
Hagen 2020-ni özü üçün uğurlu sayır
- 18 dek 2020 11:48
Ramilin dönüşünə təəssüflənirlər...
- 21 fev 2020 09:21
Aylton gəldi, “3”ü seçdi
- 08 iy 2019 09:21
"Neftçi" heç də sadəlövh komanda deyil”
- 10 fev 2019 01:18
“Sabah” daha bir qapıçı ilə gücləndi
- 08 fev 2019 01:42
“Neftçi” İtaliya çempionatından hücumçu transfer etdi
- 05 fev 2019 02:08
Ozancan “Bursaspor”da özünü göstərmək istəyir
- 06 in 2018 07:43
Mancqaladze Gəncəyə pul qazanmaq üçün gəlməyib
- 24 yan 2018 12:39
Yığma üzvü A seriyasında oynayacaq
- 30 in 2017 07:46