Sizin reklam burada

Stoykoviç 3 xal qazanacaqlarına inanır

Title
De Byazi: “Hamımızın məqsədi qələbə qazanmaq və azarkeşlərimizi sevindirməkdi”
Dünən Azərbaycan – Serbiya oyunu ərəfəsində komandaların son məşqi və ənənəvi mətbuat konfransları keçirildi. Əvvəlcə qonaqların çalışdırıcısı Draqan Stoykoviç jurnalistlərin suallarını cavabladı.
- Yəqin Azərbaycan millisinin Portuqaliyaya qarşı oyununu izləmisiz. Ehtiyatlandığınız məqamlar hansıdı?
- Salam-aleykum. Özümüzü Bakıda çox rahat hiss edirik. Gözəl şəhəriniz var. Bəli, biz Azərbaycan millisinin Portuqaliyaya qarşı oyununu izləmişik. Güclü rəqibə qarşı başabaş mübarizə apardılar. Azərbaycan yığması təşkilatlanmış komandadı. Rəqibə hörmət edirik. Ancaq sabah bütün diqqətimiz öz oyunumuzda olacaq. Azərbaycan millisi keyfiyyətli komandadı. Həm təzyiq altında, həm də təzyiq edərək oynaya bilirlər. Fiziki cəhətdən də hazırlıqlı görünürlər. Sabah başabaş oyun, rəqibin bizə çətinlik törədəcəyini gözləyirəm.
- Qələbə qazanmaq istədiyinizi dediz. Bu alınmasa, sizin üçün faciə sayılacaq, yoxsa sadəcə, böyük itki olacaq?
- İlk növbədə idmanda faciə yoxdu. Öz keyfiyyətinizi göstərmək, oynamaq şansınız var. Bunu edə bilirsizsə, layiq olduğunuzu qazanırsız. Məğlubiyyət də futbolun bir hissəsidi. DÇ-2022-yə vəsiqə qazanmaq istəyiriksə, mütləq qələbə qazanmalıyıq. Ancaq qeyd etdiyim kimi, Azərbaycan millisi keyfiyyətli komandadı. Onlar nəinki Serbiyaya, istənilən komandaya qarşı problem yarada bilərlər. Son 5-10 ildə Azərbaycan millisi inkişaf edib və biz bundan xəbərdarıq. Buna baxmayaraq, 3 xal qazanacağımıza inanıram.
- Azərbaycanda iki serb mütəxəssis çalışır: Milan Obradoviç və Miloş Velebit. Bundan xəbəriniz varmı və onlardan hansısa məlumat almağa ehtiyac duymusuzmu?
- Əslində xeyr. Heç biri ilə əlaqə saxlamamışam. Ancaq xəbərim var ki, Azərbaycan U-21 və U-18 millisində çalışırlar. Bu barədə çoxdan məlumatım var. Ümid edirəm ki, yaxşı işlər görürlər. Onlarla danışmamışam, çünki Azərbaycanla Serbiya arasında hansısa sirr yoxdu. Əlbəttə, onlarla görüşməkdən məmnun olardım.
- Bura Azərbaycan millisində oynayan Branimir Subaşiçlə bir təyyarədə gəlmisiz. Onunla danışmaq imkanınız olub?
- O, yaxşı futbolçu idi. Azərbaycan millisində oynama tarixçəsindən xəbərdaram. Azarkeşlər onu çox sevirdi. Onu Bakıya bizimlə gəlmək üçün dəvət etdik. Ancaq onunla danışmaq imkanım olmayıb. Təyyarədə fərqli yerlərdə oturmuşduq. Azərbaycan tarixi, mədəniyyəti barədə məlumat almaq istəyirdim. Bu, mənim üçün çox vacibdi.
- Portuqaliya ilə oyunun sonlarında Kriştiano Ronaldonun vurduğu, amma sayılmayan qol müzakirələrə səbəb oldu. Matçdan sonra epizodu görmədiyinizi demişdiz. İndi hansı fikirdəsiz?
- Oyun 2:2 başa çatıb. Nə baş verdiyi barədə çox düşünməməliyik. İndi əsas diqqətimiz Azərbaycan millisi ilə oyundadı. Ancaq bir neçə il əvvəl Kriştiano Ronaldo Serbiyaya oyundankənar vəziyyətdən qol vurmuşdu və qeydə alınmışdı. Belə şeylər futbolun tərkib hissəsidi. Keçmişi düşünmək istəmirəm. Gələcəklə yaşayıram. Bizi gələcəkdə Azərbaycanla oyun gözləyir. Bir rakursdan topun xətti keçdiyi görünür, digər rakursdan isə xəttə toxunduğu. Ona görə epizodla bağlı danışmaq çətindi. Portuqaliya tərəfi bunun qol olduğunu deyəcək, Serbiya tərəfi isə olmadığını. Bizi sabah, həqiqətən, çox çətin oyun gözləyir. Azərbaycan millisinə və baş məşqçi Canni de Byaziyə böyük hörmətim var. Əlimizdən gələnin ən yaxşısını etməliyik. Buna nə dərəcədə nail olcağımızı bilmirəm, ancaq hədəfimiz 3 xal qazanmaq olacaq.
Baş məşqçi ilə birgə mətbuat konfransında Filip Curiçiç də iştirak edirdi.
- Azərbaycan millisinin Portuqaliyaya qarşı oyununu izləmisizmi?
- Əlbəttə, izləmişik. Azərbaycan millisi çox planlı komandadı. Baş məşqçini də tanıyıram. Onun fəlsəfəsində hər bir mövqeyi bloklamaq xüsusi yer tutur. Sabah əsas öz oyunumuza köklənəcəyik. Ümid edirəm ki, 3 xalı aparacağıq.
- Qələbə qazanmaq istədiyinizi dediz. Bu alınmasa, sizin üçün faciə sayılacaq, yoxsa sadəcə, böyük itki olacaq?
- Baş məşqçinin də dediyi kimi, futbolda faciə anlayışını qəbul etmirəm. Qalib gəlməyə köklənmişik. Məğlub olsaq da, faciə olmayacaq. Növbəti oyunlara köklənəcəyik.
- Serbiya millisinin Bakıya arxayın gəldiyi ilə bağlı açıqlamalar var. Komandada rahatlıq hiss olunur?
- Bizdə əminlik var. Baş məşqçimiz yenidi. Ancaq düşüncə dəyişiklikləri baş verib. Biz əlimizdən gələnin ən yaxşısını etməyi yox, qələbəni düşünərək meydana çıxırıq. Portuqaliya ilə matçdan sonra əminliyimiz daha da artıb.
Rəqibin məşqi bitəndən dərhal sonra yığmamızın baş məşqçisi Canni de Byazi və Emin Mahmudov media mənsublarının önünə çıxdı. Əvvəlcə italiyalı mütəxəssis qarşılaşma haqda fikirlərini bölüşdü:
- İki səfər oyunundan sonra Bakıda ilk matçımıza çıxırıq. Son görüşlərdə bəzi keyifyyətlərimizi göstərdik. Çatışmayan aspektlər var. Bunları aradan qaldırmalıyıq. Sabah fiziki və texniki baxımdan güclü komandaya qarşı çıxış edəcəyik. Rəqib futbolçuların 95 faizi ölkə xaricində çıxış edir. Bizi çətin oyun gözləyir.
- Portuqaliya ilə oyunda ikinci, Qətərlə matçda ilk yarı yaxşı alındı. Pozitiv sabitlik üçün nə lazımdı?
- İki fərqli matç oldu. Portuqaliya ilə oyunun birinci hissəsində futbolçularda, deyərdim ki, utancaqlıq oldu. Fasilədən sonra isə oynaya biləcəyimizi göstərdik. Qətərlə matçda çoxlu dəyişiklik etdik, az oynayanlara şans verdik. Bəzilərinin fiziki forması ideal deyildi. İlk yarıda yaxşı oynadıq, fərqi artıra da bilərdik. Penaltini hakim rəqibə hədiyyə verdi. İkinci qolda isə, deyərdim ki, 100 zərbədən biri qol ola bilər.
- Heyətlə bağlı son durum necədi? Qətərlə matçda Bəhlul Mustafazadə zədələnmişdi...
- Bəli, zərbə aldı ayağından. Sabaha hazır olub-olmayacağını hələ bilmirik.
- Start heyətini özünüz üçün müəyyənləşdirmisiz, yoxsa hansısa mövqe ilə bağlı şübhəniz var?
- Xeyr. Sabah elə bir komanda oynayacaq ki, nəyə malik olduğumuzu göstərsinlər və gözəl bayrağımız üçün vuruşsunlar.
- Rəqib baş məşqçi bildirdi ki, Azırbaycanla aramızda hansısa sirr yoxdu ki, kimdənsə soruşum və öyrənim. Bəs sizin üçün Serbiya yığmasında hansısa sirli məqam varmı?
- Milanla danışmışıq. Bir müddət əvvəl. Rəqib baş məşqçi dəyişikliyi edib. Son iki matda 4 xal yığıblar. Böyük təcrübəyə malik futbolçuları var. Təəssüf ki, bizdə bu təcrübə yoxdu və bu arada müəyyən fərq yaradır.
- Emin Mahmudovun oynaması ilə bağlı həmişə baş məşqçilərə təzyiq edilir. Son iki matçda onu meydana buraxmısız...
- Emin koronavirusla bağlı çətin dönəm keçirdi. Keyfiyyətə, təcrübəyə malik oyunçudu. Seçmə mərhələdən öncə onunla ayrıca görüşdük. Çox yaxşı təəssüratım oldu. Onun barədə fərqli düşünürdüm, həmin görüşdən sonra çox şey dəyişdi. Çox ağıllı, vətəninə bağlı futbolçudu. İnanıram ki, getdikcə bizə çox faydası dəyəcək.
- Azərbaycanda mentallığı, taktikanı dəyişməli olduğunuzu və komandanın daha çox çalışmalı olduğunu söyləmişdiz. Nəyisə dəyişməyi bacarmısız?
- O qədər də çox tez-tez görüşmürük. O qədər də asan deyil. Bir həftə hazırlıq üçün vaxtımız olmuşdu. Mentallıq üzərində çox işləyirik. Ancaq qısa müddətdə dəyişə bilməz. Uşaqlar daha çox inanmalı, istəkli olmalıdılar. Heç bir oyunu əvvəlcədən beyinlərində uduzmamalıdılar.
- Azarkeşlər çox əsəbidi. Nəhayət, onları sevindirə biləcəksiz?
- Özüm də azarkeşlər kimi çox narahatam. Rəqiblərimiz də qalib gəlmək istəyir. Meydanda sona qədər döyüşməliyik. Hamımızın məqsədi qələbə qazanmaq və azarkeşlərimizi sevindirməkdi.
- Komandanın oyununa baxıb dünya çempionatına yüksəlmək potensialı görürsüz?
- Çox irəli getdiz. Hələ başlanğıcdayıq. İlk növbətə hamımız buna inanmalıyıq. Qrupun 5-ci komandasıyıq. Ancaq futbolda həmişə güclülər qalib gəlmir. Hamımızın arzusu buna nail olmaqdı.
- Vaxtilə Serbiyaya qalib gələndə millinin üzvləri yenə ölkə daxilində çıxış edirdi. İndi futbolçularımızın avrokubok təcrübəsi də var. Bunları nəzərə alıb, bu rəqibdən azı 1 xal alacağımızı deyə bilərsiz?
- Nəyə görə limit qoyursuz? Niyə 1 xal? Hər oyun 0:0 hesabı ilə başlayır. 10-15 il əvvəl necə olduğunu deyə bilmərəm. O vaxt, ya indi daha yaxşı futbolçuların çıxış etdiyini söyləmək mənim üçün mümkünsüzdü. Bu oyunda sona kimi mübarizə aparmalıyıq.
- Mahir Emreli son iki matçda start heyətində oynayıb. O, 6 gündə 3 oyun keçirməyə hazırdı?
- Fiziki cəhətdən yaxşı durumdadı. Qətərə qarşı 65 dəqiqə meydanda oldu. Sabah meydana çıxıb-çıxmayacağı barədə hələ qərar verməmişəm.
- Portuqaliyaya qarşı ilk hissədə komandanın utancaq oynadığını söylədiz. Bəlkə fasilədən sonra daha yaxşı görünməyimizin səbəbi meydana topla daha yaxşı oynayan futbolçuları buraxmağınız idi və bu yolla komandanın daha baxımlı oynamasına nail olmaq mümkündü?
- Məntiq baxımından izah etmək çətindi. Biz beynəlxalq səviyyəyə öyrəşməmişik. Futbolçularımız ölkə daxilndə çıxış edir. Bu baxımdan çətinlik çəkdik. Əsas da ilk hissədə hiss olundu. Həmişə futbolçulara deyirəm ki, nə qədər rəqibdən çəkiniriksə, üzərimizə daha çox gəlirlər. Buna mümkün qədər tez öyrəşməli və qorxmadan oynamalıyıq.
- Motivator kimi gözəl danışırsız. Məşqçi kimi nələr söz verə bilərsiz?
- Texniki baxımdan çox çətinlik çəkdiyimizi düşünmürəm. Sadəcə, situasiyaları oxumaqda çətinliyimiz olur. Ola bilər ki, futbolçular gənc yaşlarında texniki bacarıq hesabına yaxşı nəticə qazanıblar, ancaq bu səviyyədə situasiyaları düzgün oxumaq vacibdi. Saniyələr həlledici olur.
Emin Mahmudov da qarşılaşma haqda fikirlərini bildirdikdən sonra jurnalistlərin suallarını cavabladı:
- Serbiya çox çətin rəqibdi. Başa düşməliyik ki, orda böyük futbolçular oynayır. Ancaq əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Heç nə itirmirik. Baş məşqçinin dediklərini maksimum yerinə yetirməliyik.
- Azərbaycan vətəndaşlığı aldıqdan sonra həmişə jurnalistlər sənin millidə oynamağını tələb edirdi. Son iki matçda meydanda olmusan. Hansı çatışmazlıqları görürsən?
- İnanmıram ki, bir oyunçudan nəsə asılı olsun. Əsas komandanın bir yerdə necə oynamasıdı. Meydana çıxdıqca çalışacam ki, əlimdən gələnin maksimumunu edim.
- Vuruşmaqdan başqa nəsə ümidverici söz deyə bilərsən?
- Əsas mübarizə aparmalıyıq. Bizim ustalığımız onlardan üstün deyil, səviyyəcə daha güclü rəqibə qarşı oynayacağıq. Mübarizə aparmalı, vuruşmalı, konsentrasiyanı itirməməliyik. Ani diqqətsizlikdən qol buraxa bilərik. Topla oynamağa çalışmalıyıq. Portuqaliyaya qarşı ilk yarıda top saxlaya bilmədiyimiz üçün çox çətinlik çəkdik. Fasilədən sonra isə artıq hücuma çıxa bilirdik. Topla oynamaq çox vacibdi.
İLKİN SULTANLI

Maraqlıdı...
* Serbiyanın baş məşqçisi Draqan Stoykoviç dünən azərbaycanlı jurnalistlərin suallarını cavabladıqdan sonra serbiyalı media mənsubları ilə öz dillərində danışdı. Serblərin danışıqları Azərbaycan dilinə tərcümə olunmadı.
* Serbiyalı həmkarlarımızdan biri baş məşqçiyə Qurban Qurbanov barədə sual ünvanladı. Konfrans bitdikdən dərhal sonra jurnalistdən sualı və cavabı öyrəndik. Serb jurnalist 2003-cü ildə Qurban Qurbanov adlı futbolçunun qələbəni onların əllindən aldığını xatırladıb. İndiki Azərbaycan millisinin heyətində kimin bu gücə sahib olduğunu soruşub. Ümumiyyətlə, Stoykoviçin Qurbanovu xatırlayıb-xatırlamadığını öyrənmək istəyib. Baş məşqçinin cavabı belə olub: “Həmin matçı xatırlayıram. Qurban Qurbanovun hazırda “Qarabağ”ın baş məşqçisi olduğunu bilirəm. Həmin qarşılaşmada yaşananlara münasibət bildirmək istəmirəm. Sabahkı matça isə ancaq qələbə üçün çıxacağıq. Azərbaycanlı futbolçular haqda çox düşünməmişik”.
* Canni de Byazinin Azərbaycan karyerasında ilk dəfə bir mətbuat konfransında bu qədər əsəbləşdiyini və çətin anlar yaşadığını desək, yanılmarıq.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.