Sizin reklam burada

Yığmalardakı serblər sürprizə inanır

Title
Obradoviç: “Serbiyanın burdan xal aparması çox çətin olacaq”
Velebit: “Sensasiya qeydə alına bilər”

Milli komanda bu gün Serbiyanı sınağa çəkəcək. Bu ölkə təmsilçiləri bizə yad deyil. Uzun illərdi Azərbaycan premyer-liqası serbiyalı futbolçular üçün məskəndi. Hətta vaxtilə Branimir Subaşiç yığmanın şərəfini qoruyub. Hazırda da bir çox serbiyalı klublarımızda çıxış edir. Saşa Stamenkoviç, Uroş Matiç, Filip İvanoviç, Voislav Stankoviç kimi futbolçular karyerasını ölkəmizdə davam etdirir.
Hazırda ölkəmizdə yaşayan və Azərbaycan futbolu üçün çalışan iki şəxs var ki, onların da vətəni Serbiyadı. Söhbət U-21-in baş məşqçisi Milan Obradoviçlə U-18-in çalışdırıcısı Miloş Velebitdən gedir. Bu iki şəxs iki ilə yaxındı ölkəmizdədi və futbolumuz haqda yetərincə məlumatlıdılar. Onlar Azərbaycan - Serbiya matçı haqda nə düşünürlər? Uğurları üçün çalışdıqları Azərbaycanın ölkələrinə qarşı oyunda qələbə qazanacağına inanırlarmı?
Yığmalardakı serblər sürprizə inanır

Milan Obradoviç qarşılaşma ilə bağlı proqnoz vermək istəmədi: “Cənab De Byazi ilə bir neçə dəfə görüşümüz olub. Onunla futbolçular haqda söhbət etmişik. De Byazi bütün oyunçularını yaxşı tanıyır. Onlarla bir ailə kimidi. Serbiyada da yeni məşqçi fəaliyyətə başlayıb. Onun haqda nəsə deyə bilməyəcəm. Hansı tərzdə oyunu sevdiyini, hansı taktiki gedişlərdən istifadə etdiyini bilmirəm. Amma düşünürəm ki, daha çox ölkə xaricində çıxış edən futbolçuların xidmətindən yararlanacaq. Proqnoza gəlincə, nəsə deməyə çətinlik çəkirəm. Belə qarşılaşmalarla bağlı fikir söyləməyi də xoşlamıram. Mənim fikir bildirməyim də düzgün olmaz. Çünki həm Azərbaycandakı, həm də Serbiyadakı azarkeşlərə hörmət edirəm. Lakin düşünürəm ki, Serbiyanın burdan xal aparması çox çətin olacaq. Eyni sözləri Azərbaycan üçün də deyə bilərəm. Serblərlə oyun çox çətin olacaq. Hazırda onların bir neçə gənc futbolçusu İtaliya A Seriyasında çıxış edir. Onların çıxışı həqiqətən göz oxşayır. Ümumiyyətlə, Serbiya gənclərdən və təcrübəli futbolçuların vəhdətindən qurulan yaxşı komandadı. Xoşbəxtəm ki, Azərbaycana gəliblər. Bakının nə qədər gözəl olduğunu görəcəklər. Serbiyalı futbolçular azərbaycanlıların necə dostcanlı olduğunu biləcəklər. Serblərlə azərbaycanlıların ortaq cəhətləri çoxdu. Ümid edirəm ki, bunlar Azərbaycan - Serbiya əlaqələrini daha da gücləndirəcək. Xoşbəxtəm ki, mənim ölkəmin futbolçuları Azərbaycana səfər ediblər. Hər iki komandanın ifasında gözəl oyun izləyəcəyimizə ümid edirəm”.

Miloş Velebit isə yığmamızın Balkan təmsilçilərinə qarşı yaxşı oyun nümayiş etdirdiyini söylədi: “Bilirik ki, futbolda sürpriz və sensasiyalı nəticələr var. Adlara baxsaq, Serbiya qarşılaşmanın favoritidi. Lakin serblər 7 gün ərzində 3-cü çətin görüşə çıxacaqlar. Azərbaycan isə Portuqaliya ilə matçdan sonra Qətərlə oyunda futbolçularına istirahət verdi. Çünki ikinci qarşılaşmada xal qazanılmırdı. Bu səbəbdən də milli Serbiya ilə dueldə yaxşı nəticə əldə edə bilər. Bundan başqa, Azərbaycan yaxın zamanlarda Balkan təmsilçilərinə qarşı seçmə mərhələrdə yaxşı oyun nümayiş etdirib. Xorvatiya ilə matçları xatırlayaq. Səfərdə minimalhesablı məğlubiyyət və doğma meydanda heç-heçə ediblər. Yenə deyirəm, sensasiya qeydə alına bilər. Amma Serbiya daha keyfiyyətli komandadı. Onların heyətində kifayət qədər güclü futbolçular var. Hazırkı millinin üzvlərini Serbiyanın və sabiq Yusqoslaviyanın əfsanəsi adlandıra biləcəyimiz Draqan Stoykoviç çalışdırır. İndi oyunu gözləməliyik. Lakin unutmaq lazım deyil ki, Azərbaycan millisi doğma meydanda mübarizə aparacaq, yaxşı nəticə, qələbə qazanmaq üçün əlindən gələn hər şeyi edəcək. Serblər də meydana qələbə üçün çıxacaqlar. Lakin unutmaq lazım deyil ki, bu futboldu və istənilən nəticə qeydə alına bilər”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.