Sizin reklam burada

Bizim küçədə nə vaxt bayram olacaq?

Title
“Futbolçular bu gözəl bayraq üçün mübarizə aparacaqlar” – De Byazinin dünənki mətbuat konfransından ən çox diqqətimi çəkən bu ifadə oldu. Çox ümid edirəm ki, bu, sadəcə, gəlişigözəl, “növbətçi” söz deyil, italyan mütəxəssis yığmamızda işinin bir ili tamam olmamış necə çətin vəzifənin altına çiynini verdiyini anlayıb, belə həssas ifadələrlə futbolçularımızın vətənpərvərlik, özünəvurğunluq hissini oyatmağa çalışır. Çox heyf, 44 günlük zəfər müharibəsi də bizimkilərin əhval-ruhiyyəsinə, psixoloji hazırlığına müsbət təsir etmədi, biz yenə də meydanda əsasən “2-ci skripka” rolu ilə kifayətlənir, heç bir rəqib üzərində total təzyiq yarada bilmirik. Əlbəttə, bu çatışmazlığın kökündə konkret futbolçuların, eləcə də məntiqi yekun kimi yığmaların arasında olan səviyyə fərqi dayanır. Yəni hansısa rəqibi meydanın özünə aid hissəsinə sıxışdırmaq üçün ondan güclü olmalısan. Yığmamız heç kimdən güclü deyil. Heyətdə Rəşad Sadıqov səviyyəsində futbolçu da yoxdu ki, çətin məqamlarda komanda yoldaşlarına çəki-düzən versin, onları arxasınca daşısan. Bunu deməklə “Zirə”nin baş məşqçisinin əlahiddə rolunu vurğulamaq fikrindən uzağam. Amma nə edəcən ki, Azərbaycan kimi yığmalarda xarizmatik fiqur, lider hava-su kimi lazımdı. Lider bir yana, heç bəxtimiz də yoxdu. Yüzdəyüz əminəm ki, Qətər yığmasının lideri Əl-Haydos bir başqa oyunda həmin nöqtədən qapıya beş zərbə vursa, heç birində “çərçivə”yə düşməz.
Lidersizlik, bəxtsizlik öz yerində, məni narahat edən əsas məqam yığma oyunçularının 2-ci hissədə fiziki cəhətdən çatdırmaması oldu. Bəlkə klublar oyunçularına münasibətdə əvvəlki qədər tələbkar deyil? Yoxsa ötən əsrin 90-cı illərinə - 60-cı dəqiqədən sonra qapımıza qolların sıralandığı dönəmə qayıdırıq? Mənə elə gəlir ki, Azərbaycan futbolunun bu dərin problemi həllini tapmışdı. Meydana çıxanların əksəri Portuqaliyaya qarşı oynamamışdısa, bu nə yorğunluq, bu nə fiziki cəhətdən hazır olmamaqdı? Güman edirəm ki, De Byazi və onun klublardakı həmkarları bu suala cavab tapa biləcəklər.
Mənim növbəti sualım isə futbol meydanının çərçivələrini bir qədər aşacaq. Son iki gündə sosial şəbəkələri başına alan müzakirələrdən hər kəs xəbərdardı. Söhbət Cənubi Qafqazın iki ölkəsində azarkeşlər tribunalara buraxıldığı halda, azərbaycanlı azarkeşlərin yığmasının yanında ola bilməməsindən gedir. Bu məsələdə AFFA-nın, yoxsa hökumətin, daha doğrusu, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzərinə hansı yükün düşdüyünü bilmirəm. Amma buna əminəm ki, 70 minlik stadiona 15-20 min adam buraxıb, yığmaya dəstək nümayiş etdirmək olar, mümkündü və bal kimi də olmalıdı! Əvəzində nə görürük? Formasında milli rəmzləri daşıyan komanda millətin dəstəyindən məhrumdu, gözdən-könüldən uzaq adam taleyi ilə yaşamını davam etdirir. Qonşu ölkələr də azarkeşsizlik praktikasına sadiq qalsaydı, bəlkə də vəziyyətlə barışmaq, anlayışla qarşılamaq olardı. Amma bu vəziyyəti sinəyə çəkmək qətiyyən mümkün deyil. Hətta bir qədər də irəli gedib deyə bilərəm ki, bu, ölkədə futbolun, yığmanın heç kimə, özəlliklə də “yuxarılar”a lazım olmadığına dair parlaq sübutdu. Futbola belə laqeydliyin hökm sürdüyü ölkədə yığma ilə bağlı hansısa xoş gələcəkdən danışmağa, nikbin proqnozlar söyləməyə dəyməz. Sadəcə, De Byazinin dediyi kimi: uşaqlar, meydanda kişilik göstərin, heç bir stimul tapa bilmirsizsə, o gözəl bayraq, vətən, gənc yaşında canını fəda edən üç min şəhidimiz üçün oynayın!
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.