Vətən müharibəsi zamanı “Qarabağ”ın sabiq mətbuat katibi Nurlan İbrahimov “feysbuk”da yazdığı posta görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırıldı. Avropanın ali futbol qurumu onu “şiddət tətbiq etməkdə və irqçilikdə” günahkar bilərək, bu qərarı verdi. UEFA həmçinin “Qarabağ”ı 100 min avro cərimələdi. Bundan sonra həm klub, həm də İbrahimov apellyasiya şikayəti verdi. Lakin qurum şikayəti təmin etmədi. Daha sonra məsələ ilə bağlı Lozannadakı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olundu. “Qarabağ”ın sabiq rəsmisinin vəkili Fərid Haqverdiyev ötən saylarımızın birinə açıqlamasında məsələ ilə bağlı CAS tərəfindən heyət formalaşmalı olduğunu söyləmişdi. Məhz bundan sonra Nurlan bəyin cəzası ilə bağlı yekun qərar veriləcək.
Həmin müddətdən üç aydan çox vaxt keçib. Bu müddətdə heyət bəlli olubmu? Nurlan İbrahimovun işində hansısa yenilik varmı? Suallarımızı Fərid Haqverdiyevə ünvanladıq. İbrahimovun vəkili prosesin davam etdiyini, CAS tərəfindən təyin olunan heyətin işi incələdiyini bildirdi: “Əlbəttə, məsələ hələ qapanmayıb. CAS hələ qərar verməyib. İşin araşdırılması üçün heyət müəyyənləşib. Onlara vaxt verilib. Yəni heyət əvvəlcədən iş barədə məlumatlı olmur. Onlar bütün sənədlər, hadisələrin xronoloji ardıcıllığı ilə detallı şəkildə tanış olurlar. Bu səbəbdən də həmin komandaya vaxt verilib. Düzdü, bu müddətin nə qədər olduğu bəlli deyil. Proses əslində çox vaxt almır. Burda müddət heyətdəkilərin işlərinin çoxluğu və ya azlığından asılıdı. Təxminən 4 həftəyə yaxındı bütün işlərlə tanış olurlar. Yəqin qarşıdakı həftələrdə Nurlan İbrahimovun məsələsiylə bağlı yenilik olacaq. Onlar bütün informasiyaları topladıqdan sonra iclas üçün vaxt təyin olunacaq. Hələ ki gözləmə mövqeyindəyik. Heyətin tanışolma prosesi başa çatdıqdan sonra yekun qərar veriləcək. Hələ ki iş tam bitməyib. Yekun qərar yuxarıda qeyd etdiklərimdən sonra veriləcək”.
İLKİN SULTANLI