Sizin reklam burada

Yaxşı qurtarmışıq...

Title
Anadolu türklərinin dilində “əziklik psixologiyası” deyilən bir söz var. İzahatı isə belə verilir: “Uğurlu olmayan şəxslərin ən kiçik uğuru böyük göstərmə psixologiyasıdı, təəssüflər olsun ki, təkcə ayrı-ayrı şəxslər yox, bütöv bir toplum da bundan əziyyət çəkə bilir”. Birinci Qarabağ müharibəsində bizdən asılı olmayan səbəblərdən məğlub duruma düşmüşdük, vətən torpaqlarının böyük bir hissəsi düşmən işğalında qalmışdı. Uzun müddət bu məğlubiyyətin gətirdiyi utanc hissiylə yaşadıq. Başa düşürdük ki, gec-tez bu ləkəni millət olaraq üzərimizdən götürməli, torpaqlarımızı düşmən işğalından azad etməliyik. Münasib zaman yetişdi və mənfur erməniləri müqəddəs torpaqlarımızdan qovduq. Artıq Qarabağ torpaqlarına həyat qayıdır, abadlıq-quruculuq işləri görülür. Bu zəfər təkcə döyüş meydanında qazanılmadı, həm də siyasətdə düşməni mat etdik, dünyanın güclərini özümüzlə hesablaşmağa məcbur etdik. Möhtəşəm qələbəmiz sayəsində millət olaraq dirçəldik, qamətimizi dikəltdik, dost-düşmən yanında alnıaçıq gəzməyə başladıq. Artıq kiçik qələbələrlə başımızı qatmırıq, güclü və qüdrətli dövlət kimi qarşımıza böyük hədəflər qoyuruq.
Çox acı həqiqətdi ki, bu zəfərin gətirdiyi ruh yüksəkliyini futbolumuza gətirə bilmirik. Futbolumuzun dərdi o qədər ağırdı ki, qısa müddətdə bu dərdlərin çarəsinin tapılacağı da inandırıcı deyil. Bəli, mən reallıq hissini itirməmişəm. Ona görə də milli komandamızdan Portuqaliya ilə oyunda xüsusi nəsə gözləmirdim. Rəqib ulduzları ilə öyünən, böyük qələbələrə alışmış Portuqaliya idi. Təkcə Kriştiano Ronaldonun adı bəs edir ki, Portuqaliya və Azərbaycan futbolu arasında hansısa paralellərin aparılmasının mümkünsüz olduğunu anlayaq. Adamlar uzun bir yol keçiblər, ölkədə futbol adına bütün vacib infrastruktur qurulub. Ronaldo dünyaya gələn kimi önünə top atıb, stadiona göndərməyiblər ki. Düzdü, onun bu mərtəbəyə yüksəlməsində Allah vergisi, yəni istedadı böyük rol oynayıb. İstedadı olmayan adama nəyisə öyrətməyə ha çalış, heç bir xeyri olmayacaq. Xüsusən də futbolda belədi. Amma biz bir gerçəyi də yaxşı bilirik ki, təkcə istedad gələcəkdə böyük futbolçu olmaq üçün yetərli deyil. Düzgün məktəb keçməli, yaxşı ələ düşməlisən. Peşəkarlar sənə top oyununun incəliklərini öyrətməli, istedadın açılmasına yardımçı olmalıdılar. Təəssüflər olsun ki, Azərbaycanda bütün bunlar yoxdu. Mən demirəm ki, olsaydı, bizim də Ronaldomuz olacaqdı. Yox, utopik xəyallardan uzaq adamam. Lakin futbola yanaşmamız normal olsaydı, indi milliyə çağrılan üç qapıçıdan ikisi dağıstanlı olmayacaqdı, müdafiədə ukraynalını, hücumda iranlını oynatmağa məcbur qalmayacaqdıq.
Bəli, Azərbaycanın Portuqaliyaya 0:1 hesabıyla uduzması normal nəticədi, faciə deyil. Bu gün dünyanın əksər yığmaları Portuqaliyadan zəifdi, Ronaldo və komanda yoldaşlarıyla qarşılaşmadan məğlub ayrılmamaq heç də asan deyil. Bütün bunları biz də başa düşürük, reallıqla barışırıq. Qüvvələr nisbətinin real müqayisəsi hesabın daha da böyük olacağını təxmin etməyə ciddi əsaslar verirdi. Amma bir qədər müdafiədəki diqqətli oyunun, bir qədər də Şahruddin Məhəmmədəliyevin “çərçivə”dəki mükəmməl qurtarışlarının sayəsində böyükhesablı yenilgidən qaça bildik. Heç kim iddia edə bilməz ki, Şahruddinin uğursuz çıxışından sonra top Maksimə dəyib, qapıya getməsəydi, Turindəki oyunda xal qazanacaqdıq. Bəlkə əksinə olacaqdı. Hesabın açılması yubandıqca nominal meydan sahibləri təzyiqi daha da artıracaq, bir yox, daha çox qol vuracaqdılar. Sözsüz, bütün bunlar ehtimallardı. İstənilən halda biz meydandan məğlub ayrılmışıq.
Oyunun statistikasını incələyəndə adamı vahimə basır, meydanda mübarizə aparan hər iki komandanın peşəkarlardan ibarət futbolçulardan qurulmasına şübhə edirsən. Portuqaliyanın bizim qapı “çərçivə”sinə vurduğu 15 zərbənin qarşılığını bir zərbəylə belə verə bilməmişik. Rəqibimiz 10 dəfə küncdən zərbə vurmaq hüququ qazanıb, bizdə bu göstərici də sıfra bərabərdi. Topa sahibolmanın nisbəti də ürəkaçan deyil. Ronaldo və komanda yoldaşları topun oyunda olduğu müddətin 68 faizində onu özlərində saxlayıblar. Bütün bunları nəzərdən keçirəndə acınacaqlı mənzərəni bir daha aydın görürük: bizimkilər qapımızın həndəvərinə yığışıb, topu ora-bura uzaqlaşdırmaqla məşğul olublar. Bunu əvvəllər də, italyan Canni de Byazi və onun bir ordu köməkçisi olmadan da pis bacarmırdıq. İtalyanlardan qısa müddətdə möcüzə gözləyənlər, millimizin bu qrupdan çıxacağına ümid bəsləyənlər isə ya futboldan bixəbərdilər, ya da ifrat sadəlövh.
Bütün bunlar adamı yandırmır. Onsuz da futbolumuzun problemləri də bizə bəllidi, futbolçularımızın nəyə qadir olduqları da. Adamı yandıran bu məğlubiyyəti normal qəbul edənlər, minimalhesablı yenilgiyə sevinməyənləri (?!) xalq düşməni kimi qələmə verməyən çalışanların varlığıdı. Belələri “əziklik psixologiyası” adlı bəlaya mübtəla olan aciz insanlardı. Niyə utanırsız axı? Siz də bir kəlmə ilə deyin ki, yaxşı qurtamışıq da...
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.