Sizin reklam burada

AFFA Portuqaliyaya məğlubiyyətə görə futbolçulara 10 min manat mükafat verib?

Title
Dünya Çempionatının seçmə mərhələsinin A qrpunda Portuqaliyaya səfərdə 1:0 hesabı ilə məğlub olması Azərbaycan milli komandasının ətrafında söz-söhbətlərə səbəb olub.

Maksim Medvedevin öz qapısına vurduğu qolla pirineylilərə uduzan Canni De Byazinin komandasının oyununu bəyənənlər də oldu, tənqid edənlər də. Bu gün mediada yığmamızla bağlı maraqlı məlumat yayılıb. İnformasiyaya görə, yenilgiyə baxmayaraq, AFFA millinin üzvlərinə mükafat verməyi qərara alıb. Bu qərar icraçı vitse-prezident Elxan Məmmədov tərəfindən verilib. Onun tapşırığı ilə hər futbolçuya 10 min manat ödəniləcək. Mükafatın bu gün Qətərlə beynəlxalq yoldaşlıq görüşünə çıxacaq komandanı ruhlandırmaq üçün ayrıldığı bildirilib.

Xəbəri dəqiqləşdirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla ilə əlaqə saxladıq. Qurum rəsmisi “Futbol+”ə açıqlamasında yayılan informasiyanı təkzib etdi:

“2022-ci ildə Qətərdə keçiriləcək Dünya çempionatının seçmə mərhələsi çərçivəsində İtaliyanın Turin şəhərində keçirilmiş Portuqaliya - Azərbaycan oyunundan sonra yığma komandamızın oyunçularına AFFA rəhbərliyi tərəfindən mükafat verilməsi və ya məğlubiyyətə görə mükafat vədi verilməsi ilə bağlı yayılan informasiyaların heç bir əsası yoxdu. Ümumiyyətlə, bu barədə müzakirə aparılmayıb. İndiyə qədər AFFA tərəfindən mətbuata da dəfələrlə bildirilib ki, milli komandaların oyunları ilə bağlı mükafat verilməsinin özünün xüsusi protokolu mövcuddu. Həmin protokola əsasən yığma komanda heç-heçə oynayarsa və ya qələbə qazanarsa, komanda üzvlərinə mükafat nəzərdə tutulur”.

İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.