Dünya çempionatının seçmə mərhələsi, müsabiqədənkənar
A qrupu
266. Qətər - Azərbaycan
27 mart. Debretsen. “Nadyerdey” stadionu. Saat 21.00
Hakimlər: İVAN KRUJLYAK, Tomaş Somolani, Branislav Hançko, Peter Kraloveç (hamısı Slovakiya).
Dünya çempionatının seçmə mərhələsinə məğlubiyyətlə başlayan millimiz yoldaşlıq xarakterli matçda Macarıstanın Debretsen şəhərində Qətərin qonağı olacaq. Bildiyiniz kimi, dünya çempionatına evsahibliyi edəcək ərəblər mundiala yaxşı hazırlaşmaq üçün UEFA-ya müraciət edərək Avropa zonasının qruplarının birində mübarizə aparmaq istədiyini bildirib. Qitənin ali futbol qurumu da onların xahişini nəzərə alaraq, A qrupunda çıxış edən komandalarla qarşılaşmasına icazə verib. Bu səbəbdən də yığmamız asiyalılarla iki görüş keçirəcək.
Qətərlilər martın 24-də elə bu stadionda Lüksemburqu minimal hesabla məğlub edib - 1:0. Oyunda yeganə qolu Mohammed Muntari vurub. Rəqibin heyətində itki yoxdu. Asiyalıların bütün oyunçuları öz çempionatlarında çıxış edir. Baş məşqçi Feliks Sançes Qətər millisinə yeni təyin olunub. Onun debüt matçında komandası qələbə qazanıb.
Qətər millimiz üçün tanış rəqibdi. Yığmamız bir dəfə asiyalılarla görüşüb. 2017-ci il sentyabrın 3-də “Xəlifə” stadionunda ərəblərin qonağı olmuşuq. Robert Prosineçkinin rəhbərlik etdiyi komandamız Tərlan Quliyev və Araz Abdullayevin vurduğu qollarla 2:1 hesablı qələbə qazanıb. Rəqibin heyətində isə Əli Əsəd fərqlənib.
Millinin baş məşqçisi De Byazi üçün də Qətər yad komanda deyil. İtaliyalı mütəxəssis Albaniyaya rəhbərlik edərkən asiyalılarla 2 dəfə üz-üzə gəlib. 64 yaşlı məşqçi 2012-ci ilin mayında səfərdə 2:1, 2019-cu ilin eyni ayında isə doğma meydanda 3:1 hesablı qələbəyə sevinib. Beləliklə, rəqibi bütün kompetentlərdə üstələyirik. Lakin oyunun yoxlama xarakterli olması və millimizin 3 gün sonra Serbiya ilə vacib oyuna çıxması nəticəyə təsir edə bilər. De Byazinin eksperimentlərə əl atacağı da istisna olunmur.
İLKİN SULTANLI