Qışa qədər “Səbail”in formasını geyən, ancaq Aftandil Hacıyevin etimadını qazana bilməyən Vüqar Bəybalayev karyerasını Gürcüstanda davam etdirəcək. O, 2016-cı ilə yaradılan, qısa müddətdə Regional liqadan elitaya yüksələ bilən “Telavi” ilə ilin sonuna qədər müqavilə bağlayıb. Düzdü, Vüqar 2021 mövsümündə artıq 5 oyun keçirən, 5 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşan yeni komandasında debüt etməyib. İnternetə nəzər salarkən “Telavi” ilə bağlı maraqlı məqam diqqətimizi çəkdi. Bu klubu 2016-da İrakli Vaşakidze, Soşo Qrişikaşvili və Aleksandr Amisulaşvili yaradıb. Maraqlı məqam budu ki. adı çəkilənlərin hər birinin futbolumuzla yolu kəsişib. Amisulaşvili 2014/15 mövsümündə “İnter”in (indiki “Keşlə”) formasını geyib, 23 oyunda 2 qolla yadda qalıb. Qrişikaşvili 2005-ci ildə “Bakı”nın Vaşakidze isə 2007/08 mövsümündə “Qəbələ”nin şərəfini qoruyub. Təbii ki, “Telavi”nin Vüqarı seçməsində klubun yaradıcılarının Azərbaycan futboluna yad adam olmamaları müəyyən rol oynayıb. Hacıyevlə anlaşa bilməyən 27 yaşlı yarımmüdafiəçi indi özünü legioner kimi doğrultmalıdı.
ORXAN