Sizin reklam burada

Bir azərbaycanlının zəfəri

Title
Portuqaliya mətbuatı yığmadan narazıdı
Dünya çempionatının seçmə mərhələsi yığmamız üçün uğursuz başladı. De Byazinin komandası Turində Portuqaliyaya 0:1 hesabıyla uduzdu. Yerli həmkarlarımız arasında bu nəticəni qənaətbəxş sayanlar da var, yığmamızın yaxşı oyun sərgiləmədiyini düşünənlər də. Portuqaliyada da durum eynidi. Pireneylilər doğma meydanda minimalhesablı qələbəyə sevinsə də, media narazıdı.
PortuGOAL.net
Tıxaca bənzəyən müdafiə

Portuqaliya DÇ-2022-nin seçmə mərhələsinə İtaliyada Azərbaycana 1:0 hesabıyla qalib gəlməklə başladı. Turindəki stadionunda unudulması lazım bilinən bir oyun izlədik. Yığma əvvəldən sona kimi üstün oyun nümayiş etdirdi. Amma lazımi şansı əldə edə bilmədi. Gülməli olan odu ki, qolu rəqib öz qapısına vurdu. Oyuna erkən qol istəyi ilə başlamışdıq. Lakin Azərbaycan millisi müdafiədə oturub, hücumların qarşısını almağa can atırdı. Fernando Şantuşun komandası 36-cı dəqiqədə önə keçdi. Ruben Neveşin ötürməsindən sonra Şahruddin Məhəmmədəliyevin uzaqlaşdırmaq istədiyi top Maksim Medvedevə dəyərək qapıdan keçdi. Avtoqoldan sonra Portuqaliya təzyiqə davam etdi. Ronaldo fərqlənməyə cəhd etsə də, istəyinə heç cür çata bilmirdi. Ulduz futbolçunun əziyyəti boşa gedirdi.
De Byazi ikinci hissəyə iki dəyişikliklə başladı. Fernando Şantuş isə Moutinyonun əvəzinə Fernandeşi meydana buraxdı. Milli ikinci yarıda qısa basqıya məruz qaldı. Lakin Entoni Lopeşin qapısı önündə təhlükə yaşanmadı. Ronaldo Azərbaycan müdafiəsinin sıx əlaqəsini görüb, uzaqdan zərbələrə cəhd etməyə çalışırdı. Onun cərimə zərbələrinin hamısı bloklandı. Azərbaycan oyun ərzində ən yaxşı imkanı 70-ci dəqiqədə əldə etdi. Lopeşin bacarıqsızlığından Anatoli Nuriyev istifadə edə bilmədi. 88-ci dəqiqədə Ronaldo sərbəst zərbə ilə Məhəmmədəliyevin sayıqlığını yoxladı. Felişin zərbəsini də qolkiper ustalıqla qaytardı.
Portuqaliya üçün unudulması lazım olan bir qarşılaşma izlədik. Duyğudan məhrum stadionda cansıxıcı oyun nümayiş etdirildi. 3 xala görə hamı razı qaldı, amma müdafiədə avtobus park edən zəif komandaya qarşı necə oynanılacağını öyrənmək lazımdı. Nunu Mendeş, Dominquş Duarte, Pedro Neto özlərini yaxşı tərəfdən göstərməyə çalışdılar. Portuqaliya bu matçı yaddan çıxarmalı və Serbiya ilə qarşılaşmaya hazırlaşmalıdı”.
SAPEDESPORTO
Qaliblər mühakimə olunmur, amma...

Portuqaliya lazım olanı yerinə yetirdi. Azərbaycanı məğlub edərək DÇ-2022-nin seçmə mərhələsinin A qrupuna qələbə ilə başladı. Lakin minimal fərqlə, zəif rəqibə qarşı ilk hissənin sonlarına yaxın vurulan qolla əldə edilən qələbəylə. Hamı 6 gün ərzində oynamalı olduğu 3 seçmə mərhələ matçının ilkində Portuqaliyanın rahat qələbə qazanacağını düşünürdü. Elə də oldu. Milli eyni tempdə mübarizə apardı, mərkəzdə topa daha çox nəzarət edən tərəf idi. Lakin bütün oyunçuları cərimə meydançası daxilində olan Azərbaycan müdafiəsinə qarşı hücum potensialı çox zəif oldu. Doğrudu, qaliblər heç vaxt mühakimə olunmur. Doğrudu, fərq daha böyük ola bilərdi. Lakin oyunun taleyini azərbaycanlı qolkiperin əlləri həll etdi. O, qurtarışları ilə matçın əsas qəhrəmanı oldu. Şənbə günü Serbiyaya qarşı tam fərqli oynamalıyıq.
Bizim üçün yaxşı məqam Nunu Mendeş və Joao Palinyanın debütü oldu. Onlar öz oyunları ilə milliyə layiq olduqlarını nümayiş etdirdilər. Oyunun qəhrəmanı isə sözsüz, azərbaycanlı qolkiper idi. O, qolda səhvə yol versə də, ikinci hissədəki qurtarışları ilə fərqin artmasına imkan vermədi.
Oyunda maraqlı 3 statistik məqam oldu:
1. Portuqaliya DÇ-2014-dən bəri dünya və Avropa çempionatlarının seçmə mərhələlərinə qələbə qazanaraq başlayır.
2. Fernando Şantuş baş məşqçi kimi Portuqaliya millisi ilə 50-ci qələbəsini qazandı. O, yığmanı 80 oyuna çıxarıb.
3. Azərbaycan millisi ardıcıl 6-cı qarşılaşmada meydandan qalib ayrıla bilmir. Bu matçların heç birində fərqlənə bilməyib.
OJOGO
Zəif oynayan futbolçuların dəyərləndirilməsi

Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Azərbaycanı 1:0 hesabıyla məğlub edən Portuqaliyanın bir sıra oyunçularının performansının dəyərləndirilməsi:
Entoni Lopeş - 5
71-ci dəqiqədə böyük səhvə yol verdi. Onun səhv toxunuşu sayəsində top rəqibdə qaldı, amma Nuriyev dəqiq zərbə vura bilmədi.
Kanselo - 6
Rəqibin müdafiəsini yarmağa çalışsa da, alınmırdı. Bir-iki ötürmə və zərbə ilə diqqəti çəkdi. 10-cu dəqiqədə Şahruddinin sayıqlığını yoxladı. 29-cü dəqiqədə isə cərimə meydançasının kənarından qapıya zərbə endirdi.
Dominquş Duarte - 6
Müdafiədə ehtiyatlı oynasa da, səhvləri ilə diqqət çəkdi. 19-cü dəqiqədə Ronaldonun ideal ötürməsini qolkiperin yanından çölə vurdu. 61-ci dəqiqədə Azərbaycanın təhlükəli hücum qurmasının qarşısını ala bilmədi. Mahir Emrelinin ötürməsinin qarşılaya bilmədi. Emin Mahmudovun başla ötürməsinə Anatoli Nuriyev gecikdi. Bu epizodda Dominquşun ehtiyatlı oynamaması komandaya çətin anlar yaşada bilərdi.
Zerozero
Bir azərbaycanlının zəfəri

DÇ-2022 macərası başladı. Ancaq ideal oyun sərgilədiyimizi deyə bilmərik. Fernando Şantuşun komandası uzun fasilədən sonra beynəlxalq arenada qüvvəsini sınadı. Lakin 3 xalın qazanılmasından başqa, komanda haqda yüksək fikirlər səsləndirmək mümkün deyil. Millinin arsenalı o qədər də qüvvətli deyil. FIFA reytinqində aşağı pillələrdə qərarlaşan komandaya qarşı oyunda 1:0 hesablı qələbə qazandıq. Buna tam qələbə demək də mümkün deyil. Çünki qolu azərbaycanlı vurdu və bizə zəfər qazandırdı. Avropanın ən güclü liqalarında çıxış edən futbolçular Azərbaycana qol vura bilmədilər. “Qarabağ”ın və millinin kapitanı Maksim Medvedev qolkiperlə anlaşa bilməyərək topu öz qapısına göndərdi. Axsasaq da, DÇ-2022-nin seçmə mərhələsinə 3 xalla başladıq. Doğma meydanda oynamamaq və ya sadəcə, Kriştiano Ronaldonun əlaqələrinin işə keçməsi sayəsində Turində keçirilən bir matç izlədik. Hər kəsin gözlədiyi bir məsələ var idi: Ronaldo komandadakı qollarının sayını artılmalıydı. Lakin bu baş vermədi.
Portuqaliya topa sahib olmaq istəməyən bir rəqibə qarşı yaxşı oyun nümayiş etdirməyə çalışsa da, hücumda istəniləni edə bilmirdi. Müdafiəçilərimiz Duarte və Diaş özlərini yaxşı tərəfdən göstərirdilər, lakin yığmamız meydanın mərkəzini keçəndən sonra azərbaycanlılar sıx müdafiə olunurdular. Entoni Lopeşi isə oyunda nadir hallarda görmək mümkün idi.
Azərbaycan hücum baxımından o qədər də güc sərf etmədi. Bir-iki epizodda qapımızın önünə qədər gələ bildilər. Sonda isə onların dəqiqliyi çatmadı. Ya da müdafiəçilərimiz hücumun başlamadan bitməsinə səbəb olurdular. Azərbaycanlı müdafiəçilər öz cərimə meydançalarında daha etibarlı oynayırdılar. Oyunun qəhrəmanı isə qolkiper Şahruddin Məhəmmədəliyev idi. O, ikinci hissədə futbolçularımızın fərqlənməsinə imkan vermədi.
Görünən bir məsələ var: Portuqaliya millisi qol vura bilmədi. Azərbaycan müdafiəsi və Şahruddin onların sevinməsinə imkan vermədi.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.