Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə qalibi, dağıstanlı Xabib Nurmaqomedov karyerasını rəsmən başa vurub. Bu haqda UFC prezidenti Dana Uayt “tvitter” hesabında yazıb:
“29-0, məhz belə. O, 100 faiz rəsmən təqaüdçüdür. Sənin necə işlədiyini izləmək inanılmaz idi. Xabib, hər şey üçün təşəkkür edirəm. Gələcəkdən zövq al, dostum".
Xabib də sosial şəbəkə hesabında qərarına izahat verib:
“Dana, heç vaxt sənin mənə münasibətini unutmayacam. Atam və oğullarım də səni xatırlayacaq. Bu gün əsl kişilər arasında əsl söhbət oldu. Qərarımı qəbul edəcəyinizə və məni anlayacağınıza ümid edirəm”.
Xabib daha sonra ESPN-ə də müsahibə verib:
“İdmana ona görə gəlmişdim ki, bütün dünyaya kim olduğumu göstərim. İndi mən üç dəfə titulu qoruyan dünya çempionuyam. Mənə nə qalır? Yalnız pul naminə döyüşmək mənlik deyil. Hər döyüşün, hər məşq tsiklinin anamdan illər aldığını hiss edirəm. Adamlar məni anlamalıdı”.
Xabib qəti qərar veribsə, UFC-nin sabiq çempionu Konor Makqreqorun ona söz atmaması gülünc olardı. Təbii ki, irlandiyalı bu qərara biganə qalmayıb:
“30 döyüşdə nokautla 8 qələbə - bu zibildi. Bunu unutma, oyuncaq ayı”.
Xatırladaq ki, Xabib ötən ilin oktyabrında amerikalı Castin Qetjiyə qalib gələndən sonra oktaqondan çəkilmək qərarı vermişdi. Dağıstanlı peşəkar səviyyədə keçirdiyi 29 döyüşün hamısında qələbə qazanıb.