Sizin reklam burada

Ronaldo! Yox bir...

Title
İki gün sonra – martın 24-də ölkəmizin futbol yığması növbəti böyük macəraya – dünya çempionatının seçmə mərhələsində mübarizəyə başlayır. Vətən və valideynlər kimi, yığmanı da seçmirlər. Yox-yox, seçirlər, son illərdə futbolçular üçün milli ilə bağlı prosedurlar bir qədər sadələşdirilib deyə, braziliyalı Leandro Qomeşin Azərbaycan, argentinalı Markos Pitsellinin Ermənistan yığmasının formasını geyməsində problem olmayıb.

Azarkeşlərin isə seçim imkanı yoxdu. Azərbaycan yığmasını seçiblərsə, sona qədər sadiq qalmalıdılar. Bu komanda hər nə qədər daimi məğlubiyyətlərlə bizi məyus etsə də...

Bəli, martın 24-də rəqibimiz Portuqaliya olacaq. Sonuncu Avropa çempionu, Millətlər Liqasının 2018/19 mövsümünün qalibi olan komanda. Heç bu titullarsız da rəqibi sizə tanıda bilərdim. Sadəcə, “Kriştiano Ronaldonun komandası” deməklə. Dünya futbolunda təxminən son 20 ildə dəbi müəyyənləşdirən iki futbolçudan biri bu dəfə gücünü Azərbaycan yığmasına göstərməyə çalışacaq. Özü də koronavirusa görə oyunun Portuqaliyada təşkili mümkün olmadığından, iştirakçılar məhz Ronaldonun istəyi ilə onun doğma “Yuventus”unun stadionuna yığışmalıdı. Bəh-bəh, istədiyi də elə bu deyilmi?!

Yığmada 170 oyunda 102 qol vuran Ronaldonun bu mənada rekordçu olan Əli Daeinin 109 qolluq rekordunu qırmaq üçün sinov getdiyi heç kimə sirr deyil. Pelenin rekordunu qırıbsa, azərbaycanlı Daeinin rekordunu qırması da zaman məsələsidi. Deməli, yığmamız martın 24-də həm öz şərəfi, həm də ...Daeinin rekordu üçün oynamalıdı. Daha doğrusu, məsələni belə qoyaq: Ronaldo niyə qapımıza yol tapmalıdı ki?

Futbol aləmində kimi dindirirsənsə, güclüyə qarşı oynamağın daha maraqlı olduğunu deyir, yəni hər bir futbolçunun gerçək dəyəri məhz dünyanın ən güclüləri ilə duellərdə üzə çıxır. Bu yazılmamış qanun Azərbaycan yığmasının üzvləri üçün də keçərlidi. İtirməyə heç nəyi olmayan, əksinə, özünüsübut imkanı axtaran futbolçu – indiki halda bizimkilər – son gücünü toplayır, meydanın hər qarışı uğrunda mübarizə aparır, özünü dünyaya göstərməyə çalışır. Sensasiya alınar, lap yaxşı, alınmasa da, heç kim, hətta Benito Mussolini xortlasa belə, Turində bizimkiləri güllə qabağına düzə bilməz. Odu ki, əziz futbolçu həmvətənlər, ürəyinizdə “Ronaldo, yox bir ...” deyib, meydana ürəklə çıxın. Çəkinməyə dəyməz!

HUŞƏNG
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.