Üçgünlük fasilənin ardından “Sumqayıt” hazırlığı bərpa edib. “Kimyaçılar” dünən "Kapital Bank Arena"nın ehtiyat meydanında məşqə çıxıb. Əsas yığmaya və U-21-ə dəvət alan 9 futbolçu istisna olmaqla, komandanın qalan üzvləri məşqdə iştirak edib. Klubun mətbuat katibi Rəşad Məmmədovun sözlərinə görə, baş məşqçi Ayxan Abbasov boşluğu aradan qaldırmaq üçün akademiyanın bəzi üzvlərini əsas komandanın hazırlığına dəvət edib.
Bu arada onu da qeyd edək ki, “kimyaçılar” hazırlıq dönəmində iki yoxlama oyunu keçirməyi planlaşdırır. “Gənclik şəhəri” təmsilçisi martın 21-də MOİK, 28-də isə "Sabah" ilə üz-üzə gələcək. İlk oyun Sumqayıtda, ikincisi Masazırdakı “Bank Respublika Arena”da baş tutacaq.
Dünən isə “ağ-göylər”in baş məşqçisi Ayxan Abbasov 44 günlük Vətən müharibəsində yaralanan döyüşçü ilə görüşüb. “Sumqayıt” Futbol Akademiyasının üzvü Raul Qəhrəmanovun qardaşı Rəşad Qəhrəmanov İkinci Qarabağ savaşında qəhrəmancasına iştirak edib. Ayxan bəy klub adından Rəşadın timsalında bütün əsgər və qazilərimizə vətənin ərazi bütövlüyünü bərpa etdikləri üçün təşəkkür edib.
RƏŞAD