Martın 16-da AFFA İntizam Komitəsinin iclası keçirilib. Toplantıda Azərbaycan premyer-liqasının 20-ci, birinci divizionun 17-ci turunun oyunlarında qeydə alınan qayda pozuntuları müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.
“Qəbələ” – “Zirə” görüşünün 29-cu dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alan Merab Qiqauri 3 oyun cəzalanıb, bölgə klubu 2400 manat cərimələnib. Qonaqlar isə 4 futbolçusu “sarı” ilə cəzalandırıldığına görə 800 manat ziyana düşüb.
“Neftçi” – “Səbail” qarşılaşmasında qonaqların 4 futbolçusu sarı vərəqə alıb ki, buna görə klub 800 manat “tərləyəcək”.
Diviziona gəlincə, “Qaradağ Lökbatan” – “Zaqatala” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığından kluba 80 manat cərimə tətbiq olunub. “Kəpəz” – “Neftçi-2” matçında isə bakılıların 5 futbolçusu qarşısında “sarı” görüb ki, bunun da cəriməsi 80 manat təşkil edib.
“Keşlə-2” – “Qarabağ-2” oyununda meydan sahiblərinin 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 80 manat ziyana düşüb. Bakılıların futbolçusu Fərid Nadirov isə qeyri-idman hərəkətinə görə ikinci “sarı” ilə meydandan kənarlaşdırıldığından 1 oyun cəzalanıb, klub 20 manat cərimələnib. Oyun bitəndən sonra “Keşlə-2”nin baş məşqçisi Rüstəm Əliyev hakimə etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb ki, bu səbəbdən 1 oyunu buraxacaq.
“Sumqayıt-2” – MOİK görüşündə qonaqların futbolçusu Ramil Orucov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat ziyana düşüb. Meydan sahibi isə xərəkdaşıyan şəxslərin yaş həddi pozulduğuna görə 80 manat cərimələnib.
“Turan Tovuz” – “Sabah-2” oyununda qonaqların futbolçusu Kamran Quliyev qeyri-etik ifadəyə görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulduğuna görə 3 oyun cəzalanıb, klub 160 manat cərimə olunub.
Beləliklə, klublara ümumilikdə 4 min 520 manat cərimə kəsilib. Nəticədə mövsümün əvvəlindən cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 104 min 700 manata çatıb.