Atanur Cəfərli: “Qərargahdan xəbər çıxmasa, AFFA-ya da müraciət edəcəyik”
Azərbaycan Azarkeşlər Birliyi (AAB) bir neçə gün öncə Nazirlər Kabineti yanında Operativ Qərargaha rəsmi müraciət ünvanlamışdı. Fanat qrupu qurumdan ölkədaxili yarışlara azarkeşlərin buraxılmasını xahiş etmişdi. Müraciətdən kifayət qədər vaxt keçsə də, nəticəsi ilə bağlı hansısa məlumat yoxdu.
Görəsən, Operativ Qərargah AAB-ın müraciətini diqqətə alıbmı? Qurumun cavabı necə olub? Suallarımızı AAB-ın yaradıcısı və rəhbəri olan Atanur Cəfərliyə ünvanladıq. Təşkilat sədri Operativ Qərargahdan hələ də cavab almadıqlarını söylədi: “Nazirlər Kabineti yanında Operativ Qərargaha rəsmi müraciət ünvanlanmışıq. Hələ ki heç bir cavab yoxdu. Dəqiq bilmirəm ki, müraciətimizə baxıblar, ya yox. Ola bilər ki, müraciətimizi araşdırıb, müzakirə edib, cavab versinlər. Lakin hələ ki dəqiq heç nə yoxdu. Operativ Qərargahdan xəbər çıxmasa, AFFA-ya da müraciət edəcəyik. Onlar bu məsələ ilə bağlı hansısa addım atsınlar. Mənə elə gəlir ki, Operativ Qərargah azarkeşlərin stadionlara buraxılması ilə bağlı bir qərar versə, bunu AFFA ilə müzakirə edəcək. Yəqin ki, hər iki qurum fanatların stadionlara gəlməsi ilə əlaqədar hansısa şərtlər irəli sürəcək. Biz də Operativ Qərargaha verdiyimiz təklifləri AFFA-nın diqqətinə çatdıracağıq. Bu istiqamətdə bir danışıq olarsa, biz azarkeşlər də fikrimizi dilə gətirə bilək. Əsas təkliflərimizi assosiasiyanın diqqətinə çatdıracağıq ki, fanatlar da müəyyən qaydalar çərçivəsində stadionlara buraxılsınlar”.
Bu arada Ermənistan Futbol Federasiyası azarkeşlərin yığmanın oyunlarına buraxılması ilə bağlı qərar qəbul edib. Qurum yığmanın keçirəcəyi matçlarda arenanın 30 faizində fanatların olmasını razılaşdırıb. Azərbaycan Azərkeşlər Birliyi millimizin oyunlarına fanatların buraxılması istiqamətində hansı işləri görəcək? Atanur Cəfərli sualımızı belə cavabladı: “Əslində bizim müraciətimiz əsasən beynəlxalq oyunlarla bağlı idi. Amma yenə deyirəm ki, dəqiq bilmirəm, nə zaman müraciətimizə baxacaqlar. Konkret müddət deyməkdə çətinlik çəkirəm. Bəlkə baxdılar, bəlkə də yox. Hazırda gözləmə mövqeyindəyik. Olmasa belə, millinin oyunlarında nəsə etməyə çalışacağıq. Düzü, Ermənistanda milli komandanın oyunları zamanı azarkeşlərin stadiona buraxılması üçün icazə verilməsiylə bağlı məlumatım yox idi. Bu, əla nümunədi. Amma burda bir məsələ var. FIFA və UEFA qarşılaşmalara azarkeşlərin buraxılmasını həmin ölkənin öz ixtiyarına buraxır. Fanatların stadionlara buraxılıb-buraxılmaması yerli qanunlara, COVID-19 statistikasına uyğun qəbul edilir. Yenə hər şey Operativ Qərargahın ixtiyarındadı. Onlardan da səs-soraq yoxdu. Qurumdan cavab almasaq, heç olmasa, beynəlxalq oyunlarla bağlı məsələyə baxılması üçün müraciət edəcəyik”.
İLKİN SULTANLI