Xəbər verdiyimiz kimi, “Neftçi" Yaponiya yığmasının və "Milan"ının sabiq futbolçusu Keysuke Honda ilə danışıqlar aparır. Flaqman yarımmüdafiəçi ilə münasibətləri ciddiləşdirmək üzrədi. Bu barədə “Futbol+”ə “Neftçi”nin Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verdi. Klub rəsmisinin sözlərinə görə, Honda həftəsonuna kimi paytaxtımıza təşrif buyuracaq: “Hondanın məsələsi yaxın günlərdə dəqiqləşəcək. Bununla bağlı tezliklə rəsmi informasiya verəcəyik. Yaponiyalının bu həftənin sonuna kimi Bakıya gəlməsi gözlənilir. Biz də onun gəlişini gözləyirik”.
Nəzərinizə çatdıraq ki, 98 dəfə Yaponiya millisininin formasını geyən Keysuke Honda 37 qol vurub. O, "Milan"la yanaşı, Niderlandın "Venlo" və "Vitess", Rusiyanın ÇSKA (Moskva), Meksikanın "Paçuka", Avstraliyanın "Melburn Viktori", Braziliyanın "Botafoqo" komandalarında da çıxış edib. Ulduz futbolçunun son klubu Portuqaliya "Portimonense"si olub. Honda həm də Kamboca yığmasının baş məşqçisidi.
İLKİN SULTANLI