Sizin reklam burada

“Sabah” yenə qələbə qazana bilmədi

Title
73. Sabah (Bakı) – Sumqayıt 1:1 (1:0)
1. Saşa Stamenkoviç – 5,5
3. Zurab Oçiqava – 5,5
(14. Slavik Alxasov, 82) – qiymətsiz
4. Bəhlul Mustafazadə (k) – 5,5
34. Bəxtiyar Həsənalızadə - 5,0
2. Amin Seydiyev – 5,0
30. Mario Marina – 4,5
48. Dmitri Klots – 5,0
19. Təmkin Xəlilzadə - 6,0
77. Veysəl Rzayev – 5,5
28. Kevin Kubemba – 5,0
(90. Ramil Şeydayev, 90+1) – qiymətsiz
26. Fofana Tiemoko – 5,0
(9. Xulio Sezar Rodriges, 82) – qiymətsiz
Ehtiyat oyunçular
12. Alvaro Vilyet
94. Nicat Mehbalıyev
7. Coşqun Diniyev
15. Ruslan Abışov
17. Məhəmməd Mirzəbəyov
13. Filip İvanoviç
6. Şakir Seyidov
Baş məşqçi: Visente Qomes
Komandanın ən yaxşısı: Təmkin Xəlilzadə

1. Mehdi Cənnətov – 5,5
7. Tellur Mütəllimov – 5,0
(21. Cabir Əmirli, 57) – 5,5
5. Camaləddin Xocaniyazov – 5,5
14. Elvin Bədəlov – 5,0
4. Höccət Haqverdi – 5,5
18. Süleyman Əhmədov – 5,0
6. Vüqar Mustafayev (k) – 6,0
8. Səbuhi Abdullazadə - 5,0
(97. Xəyal Nəcəfov, 61) – 5,5
10. Rəhim Sadıxov – 5,5
22. Cavid İmamverdiyev – 5,0
11. Mehdi Şərifi – 5,0
(60. Elvin Məmmədov, 82) – qiymətsiz
Ehtiyat oyunçular
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
3. Vurğun Hüseynov
33. Eltun Turabov
78. Dmitri Nağıyev
30. Nəbi Məmmədov
20. Rüfət Abdullazadə
37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Vüqar Mustafayev
Qollar: T.Xəlilzadə, 34 (1:0). C.Xocaniyazov, 69 (1:1, C.Əmirli).
Təmkin Xəlilzadə 34-cü dəqiqədə penltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: V.Mustafayev, 57 (qeyri-idman hərəkəti). E.Bədəlov, 45+1 (qeyri-idman hərəkəti). B.Həsənalızadə, 90+2 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Səbuhi Bayramov (hamısı Bakı).
Hakim-inspektor: Ceyhun Haşımov (Bakı).
AFFA nümayəndəsi: Kərim Ağayev (Bakı).
8 mart. Masazır. Bank Respublika Arena. Tamaşaçısız.
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
“Sabah”ın hər oyunçusu fərd olaraq, istənilən komandanın “güclü bəndi” ola bilər. Təəssüf ki, Visente Qomes əlinin altındakı belə “material”dan hələ də komanda formalaşdırmağı bacarmayıb. Mövsümdən əvvəl mükafatçılar arasında olacağı gözlənilən “tələbələr” baş məşqçinin səriştəsizliyindən əziyyət çəkir. Geridə qalan 19 turda ispan mütəxəssis çalışdırdığı komandaya müdafiədən hücuma keçməyi aşılaya bilməyibsə, bu kollektivin sonuncu pillədə olmasını təəccüblə qarşılamağa dəyməz. İlk yarıda qonaqların oyunu alınmırdı. Xüsusilə də Bədəlovla Əhmədovun yer aldığı sağ cinah “kimyaçılar”ın ən zəif nöqtəsi idi. Bunu asayişi təmin etmək üçün stadiona gələn polis də görürdü, azsaylı jurnalistlər də. Ancaq nə “tələbələr”in məşqçilər korpusu, nə də futbolçuları bunu görürdü. Süleyman ilk 45 dəqiqədə nə irəli, nə də geri düz-əməlli ötürmə edə bildi. Bədəlov isə hər dəfə üzərinə gələn topu rəqibə “bağışlamaqla” yadda qaldı. Normal məşqçi olsaydı, yetirmələrinə məhz bu cinahı yükləməyi, oyundan qopan futbolçuların səhvlərindən istifadə etməyə göstəriş verərdi. Ancaq Qomes... Çox maraqlıdı ki, məhz həmin cinahdan qurulan hücumdan sonra 34-cü dəqiqədə Səbuhi cərimə meydançası daxilində qaydanı pozub, Təmkinin iki cəhddə penaltidən fərqlənməsinə imkan yaratsa da, baş məşqçi hamının oxuya biləcəyi kitabdan bəhrələnə bilmədi və ya onun buna futbol savadı çatmadı. Qomesin əvəzinə Ayxan Abbasov ilk hissədəki səhvlərdən nəticə çıxardı və ikinci yarıda əvəzetmələrlə “kimyaçılar”a hava-su kimi lazım olan bir xalı qazandırmağı bacardı. 69-cu dəqiqədə meydana sonradan çıxan Cabirin qapıya paralel ötürməsindən sonra müdafiçilərin uzaq küncdə boş buraxdıqları Xocaniyazov hesaba tarazlıq gətirdi. Qoldan ruhlanan qonaqlar qalan dəqiqələrdə meydan sahiblərindən daha üstün oyun sərgiləsələr də, qol vura bilmədilər. Oyun daha çox sumqayıtlıların işinə yarayan heç-heçə ilə başa çatdı. Bu oyun bir daha göstərdi ki, “tələbələr” çətinliklə qol vurur, ancaq qapılarında çox bəsit top görürlər. Bu artıq neçənci oyundu təkrarlanır. Amma bu yazının sərlövhəsini eyni uğurla “Sumqayıt”a da aid etmək olar. Avroliqaya vəsiqə həvəsini gizlətməyən komanda 15-ci turda evdə “Səbail”i darmadağın edəndən bəri qələbəyə həsrətdi.

Reaksiyalar
Ayxan Abbasov: “Bizi çətin səfər oyunu gözləyirdi. Bilirik ki, “Sabah” sonuncu pillədən xilas olmaq istəyir. Belə deyək, yaralı aslan kimidi. Komandanı bu oyuna hazır etməyə çalışmışdıq və bizi nə gözlədiyini bilirdik. Komandada itkilər var idi. Önəmli oyunçularımız zədələnib. Həm də 4-5 gündən bir oynamaq özünü göstərir, matçın sonunda yorğunluq hiss olunur. Birinci hissədən narazı qalsam da, ikinci yarıda sərgilədikləri oyuna görə futbolçularıma təşəkkür etdim. Həqiqətən də ikinci 45 dəqiqədə meydanda istədiyimizi görə bildik. Çempionatın qalan bölümü çətin keçəcək, qarşıda bizi ağır oyunlar gözləyir. Yəqin son turlara qədər bu mübarizə davam edəcək. Bizim üçün çox çətindi. Heç kimi itirmək istəmirik. Bu qarşılaşmada iki cəzalı futbolçumuz oldu. Onların yaratdığı boşluğu doldurmaq heç də asan deyildi. Bizdə əsasən gənclərdi. Yenə də sona qədər vuruşacağıq. Hər kəsə şans verilir. Bu yola sərəncamımda olan futbolçularla başlamışıqsa, əl-ələ verib həmin yolu başa vuracağıq. “Sabah”a da, özümüzə də uğurlar arzulayıram. Süleyman ən yaxşı oyunçularımızdandı. Ağır zədədən qayıdıb. Tellur zədəli olsa da, oynatdıq. Cabir də həmçinin zədədən dönüb. Bu yöndə müəyyən problemlərimiz var. İlk yarıda ümumi götürəndə böyük problemimiz yox idi. Sadəcə, məni təəssüfləndirən o oldu ki, autdan sonra qapımıza penalti təyin olundu. Rəqibin təhlükəli vəziyyəti də yox idi ki, deyim qapımızda 4-5 qol epizodu yaradıb vura bilməyiblər. Hələ mən deyərdim ki, bir az toparlana bilsəydik, qol da vura bilərdik. Müasir futbolun tələbi odu ki, bütün xırda detallara fikir verməlisən. Bədəlovla Əhmədovun oyunu ilk yarıda istənilən kimi alınmasa da, fasilədən sonra pis təsir bağışlamadılar. Əvəzetmələrə gəlincə, Xəyal Nəcəfov Messi deyil ki, ehtiyatda qalmasın (gülür). Hə, “Sumqayıt”ın Messisidi… Yenə deyirən 4-5 gündən bir oyun keçiririk. Xəyal da bütün matçlarda meydanda olur. Zədələnməsindən qorxuruq. Bilirsiz ki, Murad Xaçayevi də itirmişik. Vüqar bu görüşdə “sarı” aldığına görə növbəti qarşılaşmada bizə kömək edə bilməyəcək. İstədik ki, Nəcəfov bir az dincəlsin. Bu rotasiya idi. Xəyal ən yaxşı oyunçularımızdan biridi və bu gün də meydana çıxandan sonra oyunu dəyişdi. Onun, Cabirin və Elvinin meydana çıxmasından sonra sürət yüksəldi, daha təhlükəli oynamağa başladıq. Qol da elə həmin cinahdan gəldi. Ola hilər ki, qarşıdakı oyunda da hansısa dəyişiklik olsun, çünki futbolçularımız çox yorğundu. Tez-tez meydana çıxmaq bizim kimi komandalara təsir edir. Çünki elə geniş büdcəmiz də yoxdu ki, gecə ilə transfer edək.Bu üzdən bizə bir qədər çətin olur”.
Visente Qomes: “Oyun bərabər səviyyədə keçdi. İlk hissədə üstün tərəf biz idik. İkinci yarıda isə rəqib daha yaxşı oynadı və səhvimizdən istifadə edərək, hesabı bərabərləşdirdi. Fasilədən sonra rəqib topa daha çox nəzarət etdiyindən geri çəkilməli olduq. Bəzən mənə də elə gəlir ki, komanda psixoloji cəhətdən tez sönür. Məsələn, son üç qarşılaşmda hesabı açan tərəf biz olsaq da, qələbəni qoruya bilməmişik. Buraxılan qolun şokundan ayıla bilmirik. Bunun səbəbini də futbolçulardan soruşmaq lazımdı. Birinci hissədə orta sahəyə daha çox biz nəzarət etsək də, fasilədən sonra hər şey əksinə oldu. Halbuki fasilədə futbolçularıma bu yöndə tapşırıqlar vermişdim. Onlara bildirmişdim ki, rəqib oyunçulara topu rahat qəbul etməyə imkan yaratmayın”.

Gözdən qaçmadı
* Beynəlxalq Qadınlar Gününə görə hər iki komandanın üzvləri meydana məhz bu gün üçün hazırlanmış, üzərində təbrik yazılmış pankartla çıxmışdılar.
* De Byazi və köməkçiləri oyunu stadiondan izləyirdi. Onların bir saatın tamamında stadionu tərk etməsi də gözümüzdən yayınmadı.
* 82-ci dəqiqədə Ayxan Abbasov Cavid İmamverdiyevin əvəzinə meydana Elvin Məmmədovu buraxmaq istəsə də, Mehdi Şərifinin ayağını dartdığını görüb fikrindən daşındı və 4-cü hakimə Cavidi yox, Mehdini əvəzləyəcəklərini bildirdi.
* Matçın son dəqiqələrində Süleyman Əhmədov növbəti dəfə yanlış ötürmə edincə Abbasov üzünü yetirməsinə tutaraq, “of, sənin bu səhv pasların məni öldürəcək” söylədi və əsəbindən əlini dizlərinə çırpdı.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.