Ötən həftə AFFA İntizam Komitəsinin iclasında maraqlı qərar qəbul olunub. Qurum premyer-liqanın 18-ci turunun “Neftçi” – “Sabah” oyununda işıqlandırma səbəbindən fasilələr yarandığına görə meydan sahibini 4000 manat cərimələyib. “Ağ-qaralar”ın Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev qəzetimizin ötən sayına verdiyi açıqlamada bildirmişdi ki, problem əraziyə verilən yüksək gərginlikli elektrik xəttindəki qısaqapanmaya görə yaşanıb.
Hadisəyə görə klub məsiuliyyət daşımırsa, İntizam Komitəsi hansı səbəbdən “ağ-qaralar”ı cəzalandırıb? “Neftçi” bu qərarla bağlı apellyasiya şikayəti verəcəkmi? Rüstəm Allahverdiyev suallarımızı belə cavabladı: “Stadionda işıqların sönməsinə görə, təbii ki, “Neftçi” məsuliyyət daşımır. Lakin premyer-liqanın Əsasnaməsində belə problemlərə görə meydan sahiblərinin məsuliyyət daşıdığı qeyd olunub. Buna görə də qurum bizi 4000 manat cərimələdi. Amma artıq qərardan apellyasiya şikayəti vermişik”.
İLKİN SULTANLI