Sizin reklam burada

Mahir olmaq niyə çətindi?

Title
Azərbaycanlı futbol azarkeşlərinin ən sevimli məşğuliyyətlərindən biri Mahir Emrelini tənqid etməkdi. Bəli, ticarətdə “müştəri həmişə haqlıdı” deyimi nə qədər keçərlidisə, futbolda da “azarkeşlər həmişə haqlıdı” fikri aktualdı. Azarkeş öz sevimli komandası, millisi üçün həyəcan keçirir, onu dəstəkləyir. Komandasının daha yaxşı olmasını, rəqiblərə qalib gəlməsini arzulayır. Belədə sadiq azarkeşin hansısa tənqidində qərəz axtarmağa dəymir. Hamı başa düşür ki, pişik balasını çox istədiyindən yediyi kimi, azarkeş də sevimli futbolçusunu və komandasını eyni hisslərlə tənqid edir. Bu mənada milli komandamızın və “Qarabağ”ın azarkeşlərinin Mahir Emrelini tənqid etməsi anlaşılandı. Həmin tənqidlərin əsas qayəsini Mahirin Azərbaycanı tərk etməməsi, xarici klubların təkliflərini geri çevirməsi təşkil edir. Tənqidçilər düşünürlər ki, Emreli Azərbaycandan gedib, başqa çempionatda çıxış etməklə səviyyəsini yüksəldə bilər. Bununla da həm qürur mənbəyimizə çevrilər, həm də milli komandanın düşərgəsinə daha hazırlıqlı gələr, qolları sıralayıb bizə qələbə gətirər. Yetərincə normal arzulardı, səmimi azarkeş tələbkarlığıdı. Amma...
Bəzən bu tələbkarlıq əndazədən çıxır, lağlağıya, ələ salmaya çevrilir. Şəxsən mən buna qarşıyam. Heç kim Mahirin istedadlı və çalışqan futbolçu olduğunu inkar edə bilməz. Onun parlamasında, yaxşı futbolçuya çevrilməsində “Bakı” Futbol Akademiyasını və eyniadlı klubu yaratmaqla xeyli yaxşı işlərin altına imzasını qoyan Hafiz Məmmədovun böyük əməyi var. Lakin bir vacib məqamı da unutmayaq ki, həmin akademiyada futbolun sirlərini öyrənən yüzlərlə uşaq və yeniyetmənin heç də hamısı Mahir kimi məşhurlaşmadı. Deməli, onun bu səviyyəyə yüksəlməsində istedadı və zəhmətkeşliyi də rol oynadı. Bəli, müəyyən mərhələdən sonra prosesə “Qarabağ” və Qurban Qurbanov qoşuldu. Qurban bəy onu komandasına gətirdi, Emreli burda adlı-sanlı futbolçularla çiyin-çiyinə məşq etdi, meydana çıxdı, püxtələşdi. Qurban Qurbanovun onu “Qarabağ”a gətirməsi, əsas heyət üzvünə çevirməsi böyük etimad idi. Bu etimadın səbəbi nə idi? Sualın cavabı çox sadədi: futbolçunun istedadlı olması, böyük gələcək vəd etməsi. Sevindiricidi ki, Mahir də bu etimadın qarşılığını verdi, ümidləri doğrultdi. Mahirin bəxti bir də onda gətirdi ki, Qurban Qurbanovla yanaşı, Rəşad Sadıqovla eyni komandada oldu, “Qarabağ” ailəsinin üzvünə çevrildi. Heç şübhəsiz, bir vaxtlar çılğın uşaq, dəcəl futbolçu təsiri bağışlayan, U-19 millisinin düşərgəsində baş məşqçi Nazim Süleymanovla problem yaşayan Emrelinin “ipə-sapa yatmasında” Rəşadın nəsihətlərinin də böyük rolu olub. Kapitanın nəsihət və danlaqları sayəsində gənc forvard ciddi səhvlər buraxmaqdan çəkinib, intizamın necə vacib olduğunu anlayıb.
Mahir istedadlıdı, dəfələrlə Azərbaycan çempionu olub, avrokuboklarda xeyli oyun keçirib. “Qarabağ”ın “Kopenhagen”i məğlub edib, Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsində onun Bakıda vurduğu qolun əhəmiyyəti də danılmaz idi. Haqlı olaraq bizdə belə bir təəssürat var ki, Mahir hələ çox gəncdi, bundan sonra uzun müddət yüksək səviyyədə futbol oynaya biləcək. Amma zaman da yerində dayanmır, su kimi axıb gedir. 24 yaşını bu yay tamamlayacaq futbolçu “Qarabağ”ı səviyyəli xarici kluba dəyişməklə keyfiyyətcə yeni mərhələyə yüksələr, karyerasında yeni səhifə açar. Amma görünən odu ki, Mahir və yaxınları bu addımı atmağa tələsmir. Sözsüz, hər bir dəyişikliyin sonunda risk var. Emreli “Qarabağ”da xeyli rahatdı. Həm ciddi rəqabət hiss etmir və daim meydana çıxır, həm də onun üzərində Qurban Qurbanov kimi bir mütəxəssisin əli və dəstəyi var. “Qarabağ” onun üçün isti bir yuvadı. Həmin yuvanı soyuq və yeni mühitə dəyişmək üçün çox dərindən düşünmək, 100 ölçüb bir biçmək lazımdı. Bu prosesə yaxşı tərəfindən yanaşsaq, Mahirin indi həmin ölçüb-bitmək mərhələsində olduğunu düşünə bilərik. Bu prosesin nə qədər davam edəcəyini isə yalnız futbolçunun özü və yaxınları bilir.
Bizə qalan futbolçunun seçiminə hörmətlə yanaşmaq, anlayışlı olmaqdı. Onu hər gün tənqid etməklə, lağlağı hədəfinə çevirməklə, qıcıqlandırmaqla prosesi sürətləndirə biləcəyimizi düşünürüksə, yanılırıq. Müşahidələrim onu göstərir ki, kənar təsirlər Emrelinin seçimində elə də böyük rol oynamır. Mahir risk etməkdən, yanılmaqdan qorxur. Ona görə də öz addımında, “Qarabağ”dan getmək qərarında maksimum diqqətli olmağa çalışır. Səhv qərar versə, cəzasını təkcə özü çəkməyəcək. “Qarabağ” əhəmiyyətli üzvünü itirəcək və bu itkinin yerini tezliklə doldurmaq heç də asan olmayacaq. Əyri oturaq, düz danışaq, yerli futbolçuların arasında mövqeyinə görə Emrelini əvəzləyəcək kimin adını çəkə bilərik?! Onun yanlış qərarı milli komandaya da ziyan verə bilər. Çünki “Qarabağ”da daimi oynayan, formada olan hücumçu əcnəbi klubda ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilsə, Canni de Byazinin sərəncamına da hazırlıqlı gəlməyəcək. Deməli, biz də Mahirin düzgün seçim etməsində maraqlı olmalıyıq. Etiraf edək ki, Mahir olmaq heç də asan deyil.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.