Sizin reklam burada

Yığma Moldova səddini darmadağınla keçdi

Title
Vilela səfər matçında oynaya bilməyəcək
Avropa çempionatının seçmə mərhələsi
3-cü qrup, 3-cü tur

Azərbaycan – Moldova 5:1 (3:0)
Azərbaycan: 12. Rövşən Hüseynli, 6. Eduardo Borges, 13. Qalo, 9. Rafael Vilela, 10. Vassura; 19. Cavad Məmmədov, 3. Bolinya, 5. Əmir Şocayi, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev, 7. Ramiz Çovdarov, 14. Hadi Əhmədi, 16. Fineo.
Baş məşqçi: Joze Alesio da Silva.
Moldova: 1. Oleq Çitoroaqi, 5. Andrey Neqara, 6. Konstantin Burdujel, 7. Andrian Laşku, 10. Sergey Takot (k); 12. Sergey Burduja, 14. Konstantin Qurjui, 3. Konstantin Nita, 4. Sergey Nikolayçuk, 8. Leonid Podlesnov, 9. Marin Stan, 11. Yulian Kojokaru, 2. Aleksandr Çımbalist, 13. Viktor Neqara.
Baş məşqçi: Vladimir Busatı.
Qollar: Fineo, 06:37 (1:0). R.Fərzəliyev, 13:44 (2:0). H.Ahmadi, 14:51 (3:0). S.Takot, 25:15 (3:1). Bolinya, 26:49 (4:1). Bolinya, 39:59 (5:1).
Vərəqələr: R.Vilela, 33:30. Y.Kojokaru, 20:42 – sarı.
Hakimlər: CULİO KOLOMBİN (İtaliya), Daniel D’adamo (San-Marino), Əli Cəbrayılov (Azərbaycan).
Timekeeper: Knyaz Əmiraslanov (Azərbaycan).
Hakim-inspektor: Petru Antonis (Cənubi Kipr).
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan).
4 mart. Bakı İdman Sarayı. Tamaşaçısız.
Bu rəqiblə son duelimiz dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutmuşdu. 2019-cu ilin oktyabrında Bakıda keçirilən həmin qarşılaşmada milli qələbə qazanmışdı - 3:1. Həmin oyunda qolların ikisini Bolinya, digərini isə Vassura vurmuşdu. Rəqibin heyətində də fərqlənən futzalçı bu gün meydandakı yerini almışdı. Söhbət Andrian Laşkudan gedir. Bu dəfə isə fərqli reqlament əsasında keçirilən Avropa çempionatının seçmə qrup oyununda prinsipiallığı artıran həm də komandaların turnir cədvəlinin qonşu pillələrində yer alması idi. Joze Alesionun yetirmələri ilə yanaşı, Slovakiya qrupun iddialı komandası sayılsa da, fevralda keçirilən matçda heç-heçə edən Moldova proqnozları alt-üst etdi. Nəticədə bu görüşdən əvvəl 6 xalla zirvədə yer alan millini 4 xalı olan Moldova izləyirdi. Eyni zamanda, Moldova ilə həm Bakıdakı, həm də Kişinyovdakı oyunda qazanılacaq qələbə futzalçılarımızın final mərhələsinə yüksəlmək baxımından işini xeyli rahatlaşdıracaqdı.
Heyətlərə gəlincə, bir neçə gün əvvəl məşqdə zədələnən Emin Kürdovun yoxluğunda Cavad Məmmədov komandaya qoşulmuşdu. Millinin baş məşqçisi “dördlüy”ü ölkə xaricində çıxış edən futzalçılardan qurmuşdu. Müdafiədə Qalo və Edu, irəlidə isə Rafael və Vassura yer almışdı. Qapının toxunulmazlığını həmişəki kimi yenə Rövşən Hüseynli qoruyurdu.
Oyunda “çərçivə” istiqamətinə ilk zərbəni Vilela endirsə də, rəqibin cavabı daha təhlükəli alındı. Burdujelin ötürməsi zamanı Qalonun istiqamətini dəyişdiyi top daha sonra dirəyə dəydi. Yerdə uzanıqlı olan Rövşən ona sahib çıxmaqla təhlükəni sovuşdurdu. 4-cü dəqiqədə Vilelanın hesabı açmasına qapıçı imkan vermədi. Edunun cəhdində isə cüzi dəqiqlik çatmadı. Oyunda üstünlüyü tam ələ alan və rəqib müdafiəsini uzaqdan zərbələrlə yarmağa çalışan millimizdən Hadi dirəyi nişan aldı. Elə Fineonun da 14-15 metrdən “ev tapşırığı”nı yerinə yetirməsi dirəyi silkələməklə yadda qaldı. Bununla belə, o, istəyinə 7-ci dəqiqədə çatdı. Fineo bir futzalçını aldadıb bu dəfə “çərçivə”ni dəqiq nişan aldı. 8-ci dəqiqədə müdafiədə anlaşılmazlıq az qala hesabın bərabərləşməsinə şərait yaradacaqdı. Ancaq qonaqlar bu şansdan yararlana bilmədilər. Üç dəqiqə sonra Qalo təhlükəli zərbə ilə rəqibi həyəcanlandırdı. Hesabı isə kapitan dəyişdi. Hadidən əla ötürmə alan və qapıçı ilə üzbəüz qalan Rizvan toru silkələməklə komandamızın üstünlüyünü iki topa çatdırdı. Bir dəqiqə sonra Fineo – Bolinya - Hadi kombinasiyasınının ardından sonuncu topu lazımi ünvana çatdırmaqla tablodakı rəqəmi də dəyişdi. Birinci hissənin başa çatmasına 3 dəqiqə qalmış Andrey Neqara fərqi azaltmağa yaxın oldu, ancaq Rövşən inamlı oynayaraq topu kornerə çıxarmağı bacardı. Vilelanın buna qarşılıq verdiyi epizod zamanı isə bu dəfə rəqib qolkiper inamlı oynadı.
Alesio ikinci hissəyə də eyni “dördlük”lə başladı. 24-cu dəqiqədə Laşkunun zərbəsi bir qədər gözlənilməz oldu. Əvəzində Hadi Bolinyanı qapıçı ilə duelə göndərsə də, hücumçu fərqi artıra bilmədi. Cüzi arxayınlaşma qonaqların buraxılan qollardan birinin əvəzini çıxması ilə nətcələndi. Sergey Takot adını tabloya yazdırdı. Bolinya bir dəqiqə sonra bunun cavabını verdi və rəqibi meydanın mərkəzinə dəvət etdi. Xətai 30-cu dəqiqədə endirdiyi zərbə ilə komanda yoldaşlarının alqışını qazandı. Bağırov bir neçə saniyə sonra qapıçını keçib iti bucaq altında zərbə vursa da, top dirəyin yanından keçdi. Matçın başa çatmasına 1 saniyə qalmış Bolinya dubl etməklə qarşılaşmanın yekun hesabını müəyyənləşdirdi. Bununla da millimizin ardıcıl üçüncü qələbəsini qazandığı oyunda Moldova ilk məğlubiyyətlə barışdı.
Yeri gəlmişkən, qrupun digər oyununda Slovakiya Yunanıstanın qapısından 6 cavasız qol keçirməklə seçmə mərhələdə ilk qələbəsini qazanıb. Bu qrupda növbəti oyunlar martın 9-da keçiriləcək: Moldova – Azərbaycan, Yunanıstan – Slovakiya.
1. AZƏRBAYCAN 3 3 0 0 12-2 9
2. Slovakiya 3 1 1 1 11-8 4
3. Moldova 3 1 1 1 8-10 4
4. Yunanıstan 3 0 0 3 1-12 0
RƏŞAD

Reaksiyalar
Joze Alesio da Silva: “Slovakiyaya qarşı yaxşı oynamamışdıq. Moldova yığmasının isə necə oynayacağını bilirdik. Buna görə də uşaqlara diqqətli olmağı, erkən qol vurmağı tapşırmışdım. Çünki hesabı tez açsaq, növbəti qolları da vuracaqdıq. Ümumi götürsək, istədiyimiz alındı. Vacib olan nəticəni - qələbəni qazandıq. Moldova millisinin üzvləri fiziki planda güclüdülər. Onlar daim hərəkətdəydilər. Narazı qaldığım məqam hücumçumuz Rafael Vilelanın sarı vərəqə alması oldu. Artıq passivində 3 sarı vərəqə var və o, növbəti oyunda bizə kömək edə bilməyəcək”.
Vladimir Busatı: “Rəqibin Yunanıstanla oyununa baxmışdım. Bilirdim ki, Azərbaycan millisinin ustalıq səviyyəsi yüksəkdi. Heyətlərində fərdi planda seçilən futzalçılar var. Nəticəni ədalətli saymıram. Çünki bizim də qol vurmaq üçün şanslarımız oldu, sadəcə, həmin epizodları reallaşdıra bilmədik. Futzalda gərək hər şansdan maksimum istifadə edəsən. Yoxsa özün cəzalanacaqsan”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.