Sizin reklam burada

İnadkar “Neftçi”, soyuqqanlı “Qarabağ”

Title
Premyer-liqanın 18-ci turu sürprizsiz başa çatdı. Düzdü, son vaxtlar bir qədər problemlər yaşayan “Qarabağ”ın “Qəbələ”ni asanlıqla məğlub etməsi, rəqibinin qapısına üç cavabsız qol vurması gözlənilməz oldu. Çünki qonaqlar son turlarda heç də pis təsir bağışlamırdı. “Qırmızı-qaralar” “Neftçi”yə “son saniyə qolu” ilə yenilmiş, “Sumqayıt” üzərində yetərincə inamlı oyunla qələbə qazanmışdı. Amma “Qəbələ” “Qarabağ”a müqavimət göstərə bilmədi. Bunun da əsas səbəbi “köhlən atlar”ın heyətində Azərbaycan premyer-liqasında istənilən oyunun taleyini təkbaşına həll etməyi bacaracaq istedada sahib Filip Ozobiç, Mahir Emreli kimi ifaçıların olmasıdı. “Qarabağ”la bağlı məqamlara yazının sonunda yenidən qayıdaram. Qayıdaq son turda qeydə alınan nəticələrə. “Səbail” “Keşlə”ylə, “Sumqayıt” isə “Zirə”ylə “sülh”ə razılaşdı. Üzümüzə deməsələr də, bu komandaların dördü də belə nəticələrdən razı qalmalıdılar. Azərbaycan çempionatının ortababları xeyli vaxtdı ki, “uda bilmirsənsə, uduzma” prinsipiylə meydana çıxır. Cansıxıcı oyun elementləri ilə zəngin qarşılaşmların sıralanması, rəngarəng hücumlar görə bilməməyimiz də bunun sübutudu.
“Zirə”nin prinsipləri bəllidi. Elə də geniş heyətə sahib olmayan qəsəbə təmsilçisinin rəhbərliyi Rəşad Sadıqovun və futbolçuların qarşısında çox da böyük hədəflər qoymayıb. “Zirə” mümkün qədər yaxşı çıxış etməyə, sabit oynamağa və yuxarı pillələrdə özünə yer etməyə çalışır. Bəli, U-21 millisinin baş məşqçisi olarkən haqsızlıqla üzləşən Rəşad Sadıqovun hədəfləri məlumdu. Gənc mütəxəssis futbol oynadığı vaxtlarda Azərbaycan miqyasında mümkün olan bütün uğurları qazanıb. Legioner kimi də müəyyən nəticələri var, Türkiyə superliqasında oyun təcrübəsinə malikdi. Millidə və “Qarabağ”da özünü lider kimi isbatlayan Rəşad gənclər yığmasında da uğurlu ola bilərdi. Lakin ona yetərincə zaman və imkan verilmədi. Belədə “Qarabağ”ın məşqçilər korpusunda yer almaq əvəzinə özünü elitada komanda çalışdıran baş məşqçi kimi sınamaq zərurəti vardı. “Zirə” bu mövsüm avrokuboklara vəsiqə qazansa, heç şübhəsiz, bu Sadıqovun “şəxsi iş”inə yazılacaq böyük uğur olacaq. Hələlik isə hər şey buna doğru gedir. Ölkə kubokunda “Neftçi”ni üstələyərək yoluna davam edən “Zirə”nin premyer-liqada da işləri yolundadı. Komanda 29 xalla 3-cü pillədə yer alıb. Liderlərlə xal fərqi 7-yə bərabərdisə, 4-cü pillədəki “Sumqayıt” “Zirə”dən 5 xal geridədi.
Rəşad Sadıqov ayağını yorğanına görə uzadıb. Məşqçi kimi təcrübəsi az olsa da, futbolun incəliklərini, Azərbaycan çempionatındakı komandaların nəyə qadir olduğunu yaxşı bilən gənc çalışdırıcı ilk iki pillənin “Zirə” üçün əlçatmaz olduğunu qəbul edir. Belədə əsas məqsəd 3-cü pillədə möhkəmlənmək, “Sumqayıt”la xal fərqini qorumaqdı. Bunun üçün isə əsas rəqiblə oyunda heç-heçə də yaxşı nəticə idi. “Zirə” də bunu bacardı. Qalan 10 turda bu fərqin “əriməsinə” imkan verməmək “Zirə” üçün elə də əlçatmaz hədəf deyil. “Sumqayıt” hər nə qədər sürpriz nəticələrə imza atan, rəqiblərinə asan təslim olmayan komanda olsa da, Ayxan Abbasovun problemləri də yetərincədi. Klubun prezidenti Riad Rəfiyev milli üçün futbolçu axtarışına o qədər enerji və zaman sərf edir ki, “Sumqayıt” haqda düşünməyə elə də imkanı olmur. Elə bu səbəbdən də hər ilin bu vədəsində “Sumqayıt” xal itirməyə, baş məşqçi də heyətin yetərsizliyindən şikayətlənməyə başlayır. Bizim kimi, Ayxan Abbasov da buna öyrəncəlidi. Ona görə də “Sumqayıt”ın baş məşqçisi belə şeyləri özünə dərd etmir.
“Keşlə” ilə “Səbail”in hədəflərinin nə olduğu heç bu komandaların rəhbərlərinə də məlum deyir. Biz orta məktəbdə oxuyanda tez-tez “yaşayırıq da, dünya boş qalmasın” deyimini eşidərdik. Bu iki komandanın varlığı, premyer-liqadakı mübarizəsi mənə o deyimi xatırladır. Biri Bayılı, o biri də Keşlə qəsəbəsini təmsil edən komandalar çempionatda say çoxluğu yaratmaqdan və futbolçular üçün iş yeri yaratmaqdan başqa nəyə yarayır? Düzdü, həm Sənan Qurbanov, həm də Aftandil Hacıyev gənc və çalışqan yerli mütəxəssislərdi. Amma Azərbaycan futbolunun öz reallıqları var. Onlar da bu reallıqları çox gözəl başa düşürlər. Necə deyərlər, yoxa lənət. İşsiz qalmaqdansa, belə klublarda çalışmaq daha yaxşıdı. Qarşında böyük hədəflər, ideyalarını həyata keçirmək üçün manevr imkanları olmasa da, olar.
Yazının girişində vurğuladığım kimi, “Qarabağ” Azərbaycan standartları üçün əla heyətə malikdi. Çətin məqamlarda usta futbolçular ön plana çıxır və nəticəni həll edir. Bu “silah”ın sayəsində də “Qarabağ” ən çətin məqamlarda, ağır qrafiklə oynadığı vaxtlarda da çempionluq yarışından çəkilmir. Komanda əsas rəqibi “Neftçi”yə uduzandan sonra “Sumqayıt”la oyunda da xal itirdi. Bununla belə, “köhlən atlar” əsl çempionlara xas soyuqqanlılıqla “Neftçi”ylə xallarını bərabərləşdirməyi bacardı. “Qəbələ” üzərindəki qələbə də “Qarabağ”ın gücündən xəbər verirdi. “Neftçi” isə Samir Abasovun gəlişindən sonra xeyli inadkarlaşıb. “Xalq komandası” “çempionluq yarışında mən də varam” deyir. Bu iki komandanın sayəsində də çempionatı maraqla izləyirik. Təki maya qədər belə davam etsin.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.