Sizin reklam burada

Amil Yunanov üçün kimin çempion olmasının fərqi yoxdu

Title
“Milli komandadan dəvət gözləyirəm”
Bir müddət klubsuz qalandan sonra “Səbail”ə keçən Amil Yunanov son vaxtlar özünü yaxşı tərəfdən göstərir. Komandanın baş məşqçisi Aftandil Hacıyev 28 yaşlı forvarda əsas heyətdə daha çox güvənir. “Dənizçilər”in heyətində ümumilikdə 12 oyunda meydanda olan Amil bu qarşılaşmalarda 5 qol vurub, 1 məhsuldar ötürmə verib. Forvard parlaq çıxış sərgiləməklə komanda yoldaşı Rauf Əliyevi də “ehtiyata atıb”. Hər halda, “Səbail”in son oyunlarında ilk “11-lik”də Raufu yox, məhz Amili görürük.
Bütün bunları nəxərə alaraq, dünən Amil Yunanovla əlaqə saxladıq. Onunla karyerasının “ikinci baharını yaşamasından”, komandasının premyer-liqadakı hədəflərindən, Raufla aralarındakı rəqabətdən və milli komanda ilə bağlı gözləntilərindən danışdıq.
- “Səbail”in heyətində özünü yaxşı tərəfdən göstərməyinin səbəbi uzun müddət klubsuz qalmağındı, yoxsa komandadakı ab-hava buna şərait yaradır?
- Əlimə düşən şansdan yetərincə yararlanmağa çalışıram. Baş məşqçimiz mənə güvənir. Mən də onun ümidlərini doğrultmağa çalışıram. Şükürlər olsun ki, son vaxtlar premyer-liqa çərçivəsində keçirdiyimiz qarşılaşmalara əsas heyətdə çıxıram. Maksimum çalışacam ki, mənə güvənənləri məyus etməyim.
- Komanda yoldaşın Rauf Əliyevi əsas heyətdən sıxışdırıb çıxarmısan. Bu, onunla aranda rəqabətə səbəb olmayıb?
- Əlbəttə, yox. Baş məşqçi kimi hazır hesab edirsə, onu da meydana buraxır. Rauf zəngin karyerası olan futbolçudu. Onun təcrübəsindən yararlanmaq lazımdı. Kənardan rəqabət hiss olunursa, o başqa məsələ. Onunla aramızda buna görə hansısa problem yaşanmayıb. Hər ikimiz komandaya xeyir vermək haqda düşünürük və meydana da bu istəklə çıxırıq.
- Həm Rauf, həm də sən əsas heyətdə yer alsaz, bu, “Səbail”in hücum potensialını daha da artıra bilər?
- Bu, baş məşqçinin verə biləcəyi qərardı. Aftandil müəllim necə məsələhət bilirsə, elə də olur. Meydanda kimin olmasından asılı olmayaraq, çalışırıq ki, maksimumuzu ortaya qoyaq. İkimizin də hücum xəttində yer almağımız, əlbəttə, daha yaxşı olar. Lakin yenə deyirəm, qərarı Aftandil Hacıyev verir.
- Premyer-liqada 3, ölkə kubokunda 2 qol vurmusan. Mövsümün sonuna kimi bu sayı neçəyə çatdırmağı düşünürsən?
- Vallah, oturub ancaq qol vurmaq haqda düşünmürəm. Düzdü, bu hücumçu kimi əsas vəzifəmdi. Əsasən komandama daha çox fayda vermək haqda düşünürəm. Klubsuz qalanda fikirləşirdim ki, mənə yenidən şans verilsə, əlimdən gələnin ən yaxşısını edəcəm. Şükürlər olsun, bu imkanı əldə etdim. Təbii ki, əsas məqsədim çox qol vuraraq komandama xeyir verməkdi. Amma qarşıma konkret hədəf qoymamışam ki, mövsümün sonuna kimi 10 və ya 15 qol vuracam. Daha çox qol vurmaq istəyərdim.
- Qurban Qurbanovun dönəmində milli komandaya dəvət almısan. Ondan sonra yığmanın baş məşqçiləri sənə güvənməyiblər. Canni de Byazi hazırkı çıxışını dəyərləndirəcək?
- Əsas məqsədim yenidən milli komandaya dəvət almaqdı. Açığı, indi dəvət gözləyirəm. Niyə də olmasın?! Amma çağırılmasam belə, əlimdən gələni edəcəm ki, növbəti dəfə adım siyahıda olsun. Millinin formasını geymək mənim üçün böyük şərəfdi. Buna layiq olmaq üçün çox çalışmalı olduğumu bilirəm.
- “Səbail”in bu mövsüm hədəfi nədi? Sizi hansı məqsəd üçün motivasiya edirlər?
- Xal ehtiyatını kifayət qədər artırmaq əsas məqsədimizdi. Mövsümün bitməsinə hələ çox var. İstənilən halda, avrokuboklara vəsiqə qazana bilərik. Hələ mübarizə bitməyib. Verilən tapşırıqları yerinə yetirə bilsək, məqsədimizə çata bilərik.
- Rəqiblərlə aranızdakı fərqi nəzərə alıb, bunu deyirsən?
- Premyer-liqada hazırda rəqabət yüksəkdi. İstənilən komanda digərini məğlub edə bilər. Qarşıda hələ 10 tur var. Yəni hər şey mümkündü. Əvvəlki oyunlarda qeydə alınan nəticələrimizə görə təslim olmağın yeri yoxdu. Hədəfə çatmaq üçün cuzi şansımız varsa, bundan maksimum istifadə etməliyik.
- Mövsümün sonunda müqavilənin müddəti bitir. Yeni sözləşmə ilə bağlı klubla aranızda danışıqlar gedir?
- Hələ ki bu barədə danışmamışıq. Müqaviləm mayın sonuna kimi nəzərdə tutulub. Həmin ərəfədə danışıqlar aparacağıq.
- “Səbail” qalmağını istəsə, bunu dəyərləndirəcəksən?
- Hələ qarşıda 3 ay var. Klubum qalmağımı istəsə, təbii ki, ilk seçimim bura olacaq. Necə olacağını zaman göstərəcək.
- Cari mövsüm əvvəlkilərdən nə ilə fərqlənir?
- Daha sürətli qarşılaşmalar izləyirik. Rəqabət var. Çempionatda konkret zəif komanda yoxdu. Bir komanda ardıcıl qələbələri sıralasa, avrokuboklara vəsiqə qazanmaq şansı əldə edə bilər. Rəqiblər arasında uçurum yoxdu. Bu da çox yaxşı haldı.
- Səncə, yekunda çempion kim olacaq?
- Həm “Neftçi”, həm də “Qarabağ” yetərincə güclü komandalardı. Sərgilədikləri oyun da fərqlənir. Açığı, indiki halda seçim etmək çox çətindi.
- Sən hansı komandanın çempion olmasını istəyirsən?
- Mənim üçün fərqi yoxdu. Hazırda ancaq “Səbail”in uğur qazanmasını istəyirəm. Çempionatda hər ikisi ilə oyunumuz var. Daha yaxşı olar ki, həm “Neftçi”yə, həm də “Qarabağ”a qol vurub, “Səbail”ə xal və ya xallar qazandıram. Bu daha sevindirici olar.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.