Sizin reklam burada

Miçel karyerasını bitirdi, Qurbanovu təriflədi

Title
"Karyeramda ən vacib an İspaniyada "Atletiko"nun qapısına qol vurmağım oldu. Çünki bu, Çempionlar Liqasında yenicə açılan "Vanda Metropolitano" stadionunda əcnəbi komanda ilə oyun idi" - bunu "Qarabağ"ın srağagün karyerasını bitirən sabiq futbolçusu Miçel Madera deyib.
36 yaşlı yarımmüdafiəçi bildirib ki, bu qol Azərbaycanda böyük əhəmiyyətə malik idi və yenə də önəmini qoruyur: "Keçmiş komandamı izləyir və görürəm ki, onlar həmin epizodu xatırlayır, sevinirlər".
Miçel karyerasını bitirməsinin səbəbini də açıqlayıb: "Artıq çoxdan dabanım ağrıyırdı. Ağrılar 2-3 il əvvəl - "Qarabağ"da çıxış etdiyim vaxtdan başlamışdı. Məşq və oyun vaxtı dəfələrlə axsayırdım. Yeri istiləşəndə isə bunu hiss etmirdim. Amma məhsuldarlığımın 70-80 faizini sərgiləyə bilirdim. Son anlaradək hər şeyi sınaqdan çıxardım. MRT etdirdim, müalicə aldım. Amma artıq meydanlarda sürünməkdənsə, futbolu buraxmaq daha yaxşısıdı. Elə futbolçular tanıyırdım ki, 60 faiz sağlam halda oynayırdılar. Amma bu mənlik deyil".
İspaniyalı oyunçu məşqçilik karyerasına başlamaq istədiyini də sözlərinə əlavə edib. O, həmçinin peşəkar karyerasında mühüm rol oynamış baş məşqçilərdən danışarkən həmyerlisi Manuel Presiado ilə Ağdam klubuna başçılıq edən Qurban Qurbanovu fərqləndirib: "Presiado Portuqaliya "Sportinq"ində mənə xeyli dəstək verdi. Bundan başqa, onunla şəxsi münasibətlər qurduq və dost ola bildik. Məni sakitləşdirən digər məşqçi Qurban Qurbanov idi. Hər kəs "Qarabağ"ın mənim üçün, sadəcə, yeni təcrübə olduğunu düşündüyü halda, baş məşqçi mükəmməlləşməyimə kömək etdi. Mənə özünü futbola qurban verməyin nə demək olduğunu öyətdi. Qurbanov məşqləri çox sevir, vaxtının çox hissəsini komanda ilə keçirirdi".
Xatırladaq ki, Miçel "Qarabağ"da 2015-20-ci illərdə forma geyib, 159 oyunda 30 qol vurub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.