Sizin reklam burada

“Demək olar ki, ilk üç pillədə hansı komandaların qərarlaşacağı bəllidi”

Title
Diniyev “Qarabağ”ı çempionluğa daha yaxın görür
Azərbaycan çempionatında mübarizə həlledici mərhələyə qədəm qoyub. Turnir cədvəlinin ilk pilləsində "Neftçi" qərarlaşsa da, son illərin dəyişməz çempionu "Qarabağ"ın isti nəfəsini hiss edir. Komandaların xalı bərabərdi, paytaxt təmsilçisi yalnız şəxsi oyunlara görə irəlidədi.
Turnir cədvəlində hazırkı vəziyyət, komandaların durumu ilə bağlı tanınmış mütəxəssis Şahin Diniyev fikirlərini bölüşdü: "Mövsümün finişinə yaxınlaşırıq. Hələ bir neçə tur qalsa da, artıq ilk pillələrin sahibi müəyyənləşir. Çempionluq uğrunda iki komanda mübarizə aparır - "Neftçi" və "Qarabağ". Üçüncü yer uğrunda mübarizədə isə "Zirə" inamla irəliləyir. Düşünürəm ki, ən gərgin mübarizə 4-cü yer uğrunda gedir. Burda isə "Sumqayıt" daha iddialı görünür. Demək olar ki, ilk üç pillədə hansı komandaların qərarlaşacağı bəllidi. Ümumilikdə komandalar arasında xal fərqi böyük deyil, hər komanda meydanda döyüşür və xal qazanmaq sensasiya olmur. Bu baxımdan autsayderlərdən "Sabah"ın belə nəzəri cəhətdən 4-cü yeri tutmaq şansı var. Komandaların heç biri ideal formada deyil, bu səbəbdən tez-tez xal itkiləri olur".
"Neftçi" 15-ci turda "Qarabağ"ı məğlub edəndən sonra çempionluq şansı daha yüksək qiymətləndirilirdi, lakin artıq ağdamlılar xalını bərabərləşdirib. "Neftçi"nin çempionluğuna nə mane ola bilər" sualını Diniyev belə cavabladı: "Bu mənada konkret problem deyə bilmərik, səbəblər çoxdu. Biz əsasən 90 dəqiqəyə nəzər yetirməliyik, problem elə orda görünür. Oyuna kimi və ondan sonra olan problemlər isə klubla bağlıdır. "Neftçi"nin əsas rəqibi "Qarabağ"ın artıq illərdi oturuşmuş heyəti var, bu baxımdan Ağdam klubu paytaxt təmsilçisini üstələyir. Biz "Neftçi"də bunu görə bilmirik. Çempionluq şansına gəlincə, hər ikisinin şansı eynidi. Daha yaxşı köklənən, daha çox istəyən çempion olacaq. Görək bundan sonra komandalar əllərinə düşən fürsətdən nə dərəcədə yararlanacaqlar. Burda ehtiyat qüvvəsinin hansı səviyyədə olması, futbolçuların ümumi vəziyyəti böyük rol oynayacaq. "Neftçi" oyunlarda çətinliklə qalib gəlir, bunu geridə qoymalıdı. Çempionatdakı hər komanda çox yaxşı "bağlanır", "Qarabağ" kimi komanda belə, bu müdafiəni yarmaqda çətinlik çəkir. Hansı komanda bunun öhdəsindən daha yaxşı gəlsə, o da uğur qazanacaq".
Dinuyev ilk üç yerin sahiblərinin, demək olar ki, müəyyənləşdiyini bildirdi. Bəs görəsən, bu komandalarla yeni formatla keçiriləcək avrokuboklarda mübarizə necə olacaq? "Həm pandemiyanın təsirini, həm də klubların indiki vəziyyətini nəzərə alsaq, mübarizə asan olmayacaq. İllərdi avrokubokların qruplarında mübarizə aparan "Qarabağ" belə əvvəlki komanda deyil. Artıq komandalarımız üçün avrokuboklarda mübarizə daha çətin olacaq. Çempion istisna olmaqla, başqa komandalar yeni turnirdə - Konfrans Liqasında çıxış edəcəklər. Belə desək, qrup şanslarımız daha az görünür. Nəzərə alaq ki, komandalar hazırda ən yaxşı formalarında deyillər. Yaxşı transferlərlə bu vəziyyətdən çıxmaq olar. Bizim üçün Avropada asan rəqib yoxdu".
Təcrübəli mütəxəssis indiki mövsümlə əvvəlkilərin müqayisəsinə də toxundu: "Elə bir ciddi fərq yoxdu, əsas fərq kimi "Qarabağ"ın vəziyyətini qeyd edərdim. Komanda həmişə böyük xal fərqi ilə öndə olar, bu cür də çempionluğunu rəsmiləşdirərdi, asan çempion olardı. Bu mövsüm isə "Neftçi" ağdamlılara ciddi müqavimət göstərdi. "Qarabağ" çempion olsa belə, bu, asan çempionluq olmayacaq. Etiraf edək ki, komandanın şansı çoxdu, amma əvvəlki mövsümlərdən fərqli hələ nəsə dəqiqləşməyib. Bu fikri 3-cü və 4-cü yer uğrunda mübarizəyə də aid etmək olar. Düzdü, "Zirə"nin şansı yüksəkdi, amma mübarizə davam edir. Mövsümün əvvəlində kimsə "Zirə" ilə bağlı belə fikirlər səsləndirə, komandanı bu yerdə görə bilməzdi. Üstəlik birdən-birə beş komandanın 4-cü yer uğrunda mübarizə aparması da fərqləndiriləsi nüansdı".
AYGÜL
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.