İnqilab Məmmədovun qərarları şübhə doğurdu
Premyer-liqanın 18-ci turunun hakimliyi ilə bağlı çox fa ciddi problemlər yaşanmadı. Ədalət təmsilçiləri 4 qarşılaşmada ümumilikdə 16 dəfə əllərini ciblərinə atdılar. Bunların hamısında vərəqələrin rəngi sarı oldu. 2 penaltinin verildiyi görüşlərdə bariz hakim səhvi ilə qarşılaşmadıq. Reportyorlarımızın qeydlərinə keçid alaq.
ƏLİYAR AĞAYEV, Səbail - Keşlə
FIFA referisi qarşılaşmanı yüksək səviyyədə idarə etdi. Ölkənin 1 nömrəli hakimi tempi o qədər də yüksək olmayan qarşılaşmanın öhdəsindən layiqincə gəldi. Hakimlik adına nə lazım idisə, Əliyar Ağayev onu da nümayiş etdirdi. Bəlkə də ilmədiyimiz xırda səhvlərə yol verildisə də, bunlar gözə görünmədi. Əsas odu ki, baş hakimin idarəçiliyindən heç bir komanda narazılıq etmədi.
KAMAL UMUDLU, Qarabağ - Qəbələ
Oyunun sərt mübarizə şəraitində keçməsinə baxmayaraq, referi qarşılaşmanı qaydalar çərçivəsində idarə etdi. Epizodlara yaxın olan Kamal Umudlu qərarlarında qətiyyətli idi. “Qəbələ”nin qapısına təyin etdiyi penalti də doğru qərar idi. Epizodun təkrarına baxdıqda Anar Nəzirovun Filip Ozobiçin qarşısını kobudluqla aldığı görünür. Xırda follar zamanı fitini səsləndirməməsi Umudlunun idarəçiliyi haqda xoş sözlər deməyimizə səbəbdi.
RƏŞAD ƏHMƏDOV, Neftçi - Sabah
Qarşılaşmanın sürətli məcrada başlaması Rəşad Əhmədovun gözünü qorxutsa da, oyunun “ip”ini əldən vermədi. İlk dəqiqələrdən futbolçulara xəbərdarlıq edərək kobud oynamalarının qarşısını aldı. Arenanın elektrik enerjisi kəsilərkən “Sabah”ın futbolçuları ehtiyat oyunçular skamyasının qarşısında yığışmaq istəsələr də, referi qaydalara uyğun olaraq onların meydanda qalmalarını tələb etdi. Oyunda hakimlik adına mənfi məqam, sadəcə, laysmanlarla bağlı idi. Hər iki yan xətt hakimi ya futbolçular sərt etiraz etdikdən, ya da referi fitini səsləndirdikdən sonra bayraqlarını qaldırırdılar. 88-ci dəqiqədə Zurab geriyə ötürmə etdikdən sonra top Namiq Ələsgərovda qaldı. Bu an yan xətt hakimi bayrağını qaldıraraq oyundankənar vəziyyət qeydə aldı. Lakin Ələsgərov ofsaydda deyildi. “Sabah”ın lehinə verilən penalti qərarı doğru idi. Tallison Dias Təmkinin qarşısını kobudluqla almışdı. Samir Abasovla Sabir Buqrinin səs-küy salmasına baxmayaraq, Rəşad Əhmədov oyunun öhdəsindən gəldi.
İNQİLAB MƏMMƏDOV, Sumqayıt - Zirə
Daha çox meydanın mərkəzində mübarizənin getdiyi matçda İnqilab Məmmədovun üzərinə o qədər də çox iş düşmədi. Baş hakim hadisələrin mərkəzində olmağı bacarırdı. İki mübahisəli məqam yaşandı. Həmin epizodları Hakim və Hakim-İnspektorlar Komitəsi növbəti iclasında mütləq müzakirə etməlidi. 83-cü dəqiqədə “Sumqayıt”ın oyunçusu “Zirə”nin cərimə meydançasında yerdə qalsa da, İnqilab Məmmədovun fiti susdu. Halbuki kənardan ilk baxışdan həmin epizodda qaydanın pozulduğu görünürdü. Amma nədənsə Məmmədov reaksiya vermədi. İkinci epizod 2 dəqiqə sonra yaşandı. Hacıağa Hacılı rəqibinə qarşı kobud oynasa da, referi ona ikinci sarı vərəqəni göstərmədi. Bu epizodlarda qərarların səhv, yoxsa düz olması mütləq müzakirə olunmalıdı.
İLKİN SULTANLI