Sizin reklam burada

Turdan məqamlar

Title
…Turun…
...problemi...

“Neftçi” “Sabah”ı məğlub etməklə liderliyi qorudu. Hətta “Bakcell Arena”da işığın sönməsi də komandaya mane olmadı. Arenanın elektrik enerjisinin kəsilməsinin səbəbini klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevdən soruşduq: “Həmin ərazidəki yüksək gərginlikli elektrik xəttində saniyəlik qısaqapanma olub. Bu səbəbdən də projektorlar söndü. Yəqin fikir verdiz, stadionun elektron tablosu 1 saniyəlik söndü və yandı. Sadəcə, projektorlar sönəndən sonra lampaların qızma vaxtı var. 15 dəqiqəyə tam qızır, 10 dəqiqə ərzində isə ərazini işıqlandırır. Elektrik enerjisinin verilməsində problem olmadığı üçün generatorların qoşulmasına ehtiyac qalmadı. Çünki işıq cəmi 1-2 saniyəlik sönmüşdü. Biz “Neftçi TV”də canlı yayının getməsi üçün həmin sektorda generatoru daim işlək vəziyyətdə saxlayırıq. Bunu ona görə etmişik ki, qısaqapanma olan kimi həm texnika xarab olmasın, həm də efirdə problem yaşanmasın”.
...dəyəri...
“Neftçi” - “Sabah” matçından öncə stadionda dövlət himni səslənərkən flaqmanın türk əsilli bolqarıstanlı hücumçusu Əhməd Əhmədov əlini ürəyinin üstünə qoymuşdu. Forvardla əlaqə saxlayıb, gözəl jestinin səbəbi ilə maraqlandıq: “Həmin an ürəyim elə istədi. Mən türk əsilliyəm. Türklər himnlərə sayğı ilə yanaşırlar. Bu səbəbdən də Azərbaycan himni səslənəndə əlimi ürəyimin üstünə qoymağı özümə borc bildim”.
...yoxlaması...
“Sumqayıt” - “Zirə” matçının sürpriz qonaqları var idi. AMADA-nın nümayəndələri stadiona təşrif buyurmuşdular. Onlar görüş başa çatandan sonra hər iki komandanın bəzi üzvlərini dopinq-nəzarət otağına dəvət etdi. AMADA-nın nümayəndələrinin Sumqayıta səfərinin səbəbi nə idi? Hansı futbolçular dopinq-testdən keçdilər? Suallarımızı “kimyaçılar”ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov cavabladı: “AMADA-nın AFFA ilə müqaviləsi var. Onlar nəinki oyuna, istəsələr, məşqlərə də gələ bilərlər. Bu quruma heç kim nəsə deyə bilməz. Ürəkəri istəsə, hər oyunumuza gələ bilərlər. Bu, onların öz işləri və seçimləridi. Buna kimsə qarışa bilməz. Cari mövsümdə hətta bir-iki dəfə məşqlərimizə də təşrif buyurublar. Hansı futbolçulardan dopinq-test götürdükləri barədə məlumat verə bilmərik. Bu anonimdi və klub olaraq qurumun qaydalarına riayət etmək öhdəliyimiz var”.
...davası...
“Qarabağ” - “Qəbələ” matçının ilk yarısı başa çatan kimi qonaqların iki oyunçusu arasında problem yaşandı. “Qırmızı-qaralar”ın futbolçuları Yusif Nəbiyev və Stefan Vukçeviç az-qala əlbəyaxa olacaqdılar. Hətta monteneqrolu yarımmüdafiəçi komanda yoldaşını əli ilə itələdi. “Qəbələ”nin digər üzvləri hadisənin böyüməsinin qarşısını alaraq paltardəyişmə otağına yollandılar. Söz-söhbətə səbəb olanlardan Yusif Nəbiyevlə əlaqə saxladıq. Müdafiəçi Vukçeviçlə aralarında böyük problemin olmadığını bildirdi: “Oyunda hər şey yaşanır. Oldu, keçdi. Bu məsələni böyütməyə ehtiyac yoxdu. Hadisə ilə bağlı danışmaq istəmirəm. Bu, “Qəbələ” ailəsinin daxili işidi və öz aramızda həll etdik”.
...çatışmazlığı
“Səbail” – “Keşlə” görüşündə əvəzetmələr zamanı 4-cü hakim Rəhim Həsənovun əlində tutduğu elektron tablonun bir tərəfi işləmirdi. Köməkçi hakim hər dəfə məcburiyyətdən geri çevrilərək tribunada oturanlara nömrələri göstərmək məcburiyyətində qalırdı. Bu, qaydalara ziddi? Hadisənin baş verməsinə görə ev sahibi komanda cərimələnməlidi? Premyer-liqanın Əsasnaməsində bununla bağlı hansısa qeyd var? Suallarımızı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevə ünvanladıq: “Qarşılaşma başlamamış hakimlər üçün lazım olan hər şey yoxlanılır. Ləvazimatlar, sanitary qovşaq, duş kabinləri və s. Oyunlar zamanı referilərə iki elektron tablo verilir. Qarşılaşmadan öncə bunların hamısı yoxlanılmışdı. Sadəcə, eyni dəqiqədə hər iki komanda dəyişiklik etdiyindən problem yaşandı. Tablolardan birinin ancaq bir tərəfi işləmədi. Belə olan halda hakim doğru addım ataraq tribunalarda əyləşənlərə nömrələri göstərdi. Böyük problem deyil. Bir tərəfinin göstərməsi kifayət edir. Premyer-liqanın Əsasnaməsində bununla bağlı hansısa cəzanın tətbiq olunması göstərilməyib”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.