Yerli telekanallara çəkiliş üçün icazə verilməyəcək
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) yerli KİV nümayəndələri üçün "Formula-1" üzrə Azərbaycan “Qran-pri”sinin akkreditasiya qaydaları haqda seminar keçirib. “Hilton” otelində baş tutan tədbirdə iştirakçılara bu ilin yayında Bakıda 5-ci dəfə təşkil olunacaq yarışın akkreditasiya prosesi haqda məlumat verilib. Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya martın 2-20-si aralığında onlayn qaydada, BŞH-nın rəsmi saytı vasitəsi ilə həyata keçiriləcək.
BŞH-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunan Ayan Nəcəf-Ağayeva Azərbaycan “Qran-pri”sinin iyunun 4-6-da baş tutacağını xatırladıb. O, hazırda “Formula-1” şirkəti, Beynəlxalq Avtomobil Federasiyası və Azərbaycan hökumətinin tövsiyələri nəzərə alınaraq, çalışdıqlarını söyləyib: "Pandemiya səbəbindən telekanallara çəkiliş üçün icazə verilməyəcək. Mətbuat konfransları ayrı-ayrı otaqlarda olacaq. Podium mərasiminin ləğvi də düşünülür".
BŞH rəsmisi komandaların büdcələrinə ciddi məhdudiyyətlər qoyulduğunu da diqqətə çatdırıb: "Komandaların mövsüm ərzində maksimum 145 milyon dollar xərcləməsi qərara alınıb. Bu məbləğ 21 “Qran-pri” üçün nəzərdə tutulub. Say azaldılarsa, məbləğ də azalacaq. Məhdudiyyət 2025-ci ilə qədər qalacaq".
Tədbirdə texniki və idman reqlamenti, yarış həftəsonu, "Formula-1" təqvimi haqda məlumat verilib. Yarış həftəsonunun 4 gündən 3 günə endirildiyi, çempionatın Avstraliyada yox, Bəhreyndə start götürəcəyi xatırladılıb. Marşal və könüllülərin sayında rekord sayda artım qeydə alınıb.
Ayan xanım Azərbaycan “Qran-pri”sinin azarkeşsiz keçiriləcəyini də söyləyib. Bu qərar ölkəmizin "Formula-1" şirkəti qarşısındakı öhdəliyi səbəbindən və turizm potensialının pandemiya dövründən sonra da nümayiş etdirilməsi məqsədilə qəbul olunub. BŞH rəsmisi martın sonlarında yarış məkanında sədlərin quraşdırılacağını, mayda isə tikintinin yekunlaşacağını deyib: "Yarış məkanı qırmızı, sarı və yaşıl zonalara bölünəcək. Azərbaycan “Qran-pri”si COVID-19 pandemiyasına görə müəyyən məhdudiyyətlər şəraitində təşkil olunacaq. Eyni zamanda iştirakçılara çöldə yemək verilməyəcək, konsert də keçirilməyəcək".
Azərbaycan “Qran-pri”sinin keçirilmə müddəti daha bir il uzadılıb. Nəcəf-Ağayevanın sözlərinə görə, ötənilki yarış baş tutmadığından yeni 3 illik müqavilə üzrə öhdəlik 2023-cü yox, 2024-cü ilə qədər yerinə yetirilməlidi.
Sonda qeyd edək ki, Ayan xanım Nigar Arpadaraini əvəzləyib. Arpadarai Bakıda "Formula-1" üzrə ilk “Qran-pri”nin keçirildiyi 2016-cı ildən BŞH-də çalışıb. O, ötən ilin fevralında 29 saylı Səbail seçki dairəsindən millət vəkili seçilib.