Turan bir səhvin qurbanı olub
Turan Bayramov bu il qatıldığı ikinci yarışdan da vətənə medalla qayıtdı. Fransada keçirilən Henri Deqlan “Qran-pri”sində 65 kq-da 3-cü yeri tutan istedadlı güləşçi Kiyev turnirində də bürünc medal qazandı. Gəncə güləş məktəbinin yetirməsinin budəfəki uğuru daha əlamətdar oldu. Belə ki, gənc pəhləvan yarış boyunca Ukraynanı təmsil edən iki erməni əsilli idmançı üzərində inamlı qələbə qazandı.
Turan həm bu qarşılaşmalar, həm də turnirdəki ümumi çıxışı ilə bağlı Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib: “Birillik fasilədən sonra Fransadakı yarışda iştirak etdim. Bu üzdən güləşmək çox çətin idi. Ukraynadakı turnir bu baxımdan daha rahat keçdi. Çünki artıq yarış təcrübəsinə yiyələnmişdim. Həm də Kiyev turnirinə çox yaxşı hazırlaşmışdıq. Dağıstanda yüksək səviyyədə təlim-məşq toplanışı keçmişdik. Mahaçqalada baş tutan hazırlıq prosesində Rusiya yığmasının üzvləri də iştirak edirdi. Belə rəqabət nəticəsində yüksək forma yığdıq. Kiyev turnirində ilk rəqibimin erməni əsilli Qor Ohanesyan olduğunu eşidəndə çox sevindim. Çünki onunla qan yaddaşımız olan Xocalı faciəsinin ildönümündə qarşılaşacaqdım. Bir gün əvvəl yalnız qələbə qazanmaq haqda düşünürdüm. Məğlubiyyət ağlımın ucundan belə keçmirdi. Bu motivasiya ilə xalça üzərinə çıxdım. Son ana kimi əmin idim ki, qalib gələcəm. Çünki yüksək inam və motivasiya ilə güləşirdim. Bunun da nəticəsində erməni rəqibimə qalib gəldim. Yarımfinaldakı görüş haqda çox şey danışmaq olar. Qırğız güləşçiylə qarşılaşmada bir səhv həlledici oldu. Fənd işlətdikdən sonra rəqibin ayağını buraxmamağım onun ardıcıl xallar qazanması ilə nəticələndi. Bir səhvdən rəqibə 6 xal verdim. Bu isə böyük fərq yaratdı. Cüzi bir səhvin qurbanı oldum. Ancaq ruhdan düşmədim. İdmanda qələbə də var, məğlubiyyət də. Bürünc medal uğrunda görüşdə erməni ilə qarşılaşacağımı eşidəndə sevindim. Çünki mən indiyə kimi heç vaxt erməni güləşçilərə uduzmamışam. Şükürlər olsun ki, karyeram boyunca onlara 7 görüşün hamısında qalib gəlmişəm. Düzdü, Erik Aruşanyan güclü rəqib idi. Amma rahat qələbə qazandım”.