Sizin reklam burada

AAB Operativ Qərargaha müraciət etdi

Title
Qəzetimizin 18 fevral sayında Azərbaycan Azarkeşlər Birliyinin rəhbəri (AAB) Atanur Cəfərliyə istinadla bu qurumun Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət edəcəyini xəbər vermişdik. Atanur bəy dünən “feysbuk” hesabında həmin müraciətin mətnini yayıb: “Bildiririk ki, hazırda COVID-19 virusunun Azərbaycan ərazisində yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərərgahın qərarlarına uyğun olaraq Azərbaycan Respublikası ərazisində rəsmi futbol oyunları azarkeşsiz keçirilməkdədi. Bu hal 2019/20 mövsümünün ikinci dövründən etibarən ölkə daxilində azarkeşlərin ən çox marağına səbəb olan Azərbaycan premyer-liqasına və Azərbaycan kubokunun oyunlarına da şamil edilməkdədi. Virusa yoluxan şəxslərin statistikasında azalmanı və ölkəboyu vaksinləmə prosesinin başladığını nəzərə alaraq, azarkeşlərin oyunlarda iştirakının limitli şəkildə belə olsa, bərpa edilməli olduğunu düşünürük. Yaxın beş il ərzində oyunların statistikasına baxdıqda orta hesabla hər turda keçirilən oyunlarda iştirak edən azarkeş sayının 500 nəfər olduğunu görmək olar. Stadionların azarkeş tutumunun 20 faizini təşkil etməklə həyata keçirilə bilər. Bunun üçün təklif edirik ki, oyundan öncə azarkeşlərin hərarətinin yoxlanılması, tibbi maskadan istifadə, ara məsafəsinin gözlənilməsi şərti ilə yoluxma riskini azaltmaq və azarkeşlərin iştirakını təmin etmək olar. Stadiona buraxılacaq şəxslərin kimliyi öncədən futbol klubları və azarkeş qrupları ilə razılaşdırılmaqla həyata keçirilə bilər. Stadionlarda oturacaqların açıq havada yerləşdiyini, sadalanan görüləcək tədbirlərdən sonra yoluxma riskinin ictimai nəqliyyatda və ya kafe-restoranlarda virusa yoluxma riskindən daha az olacağını nəzərə alsaq, azarkeşlərin də stadiona buraxılmasının adekvat addım olacağını düşünürük.
Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Bozqurd” (Turan Tovuz FK), “Forza Neftçi” (Neftçi PFK), “Xəmsə” (Kəpəz PFK), “İmarət” (Qarabağ FK), “Kimyaçılar” (Sumqayıt FK), “Qarabağ Ordu” (Qarabağ FK), “Old Wolf” (Keşlə FK), “Red-black Army” (Qəbələ FK), “Sector 11” (Milli komanda), “Yenilməz Batalyon” (Zaqatala FK) azarkeş qruplarının adından ölkə üzrə mövcud futbol turnirlərinin azarkeşlərin iştirakı ilə keçirilməsinin təmin olunmasını sizdən xahiş edirik”.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.