Sizin reklam burada

Namiqlə Mirabdulla “Neftçi”ni zirvəyə qaytardı

Title
72. Neftçi - Sabah 2:1 (1:0)
30. Aqil Məmmədov - 5,5
24. Yusuf Laval - 5,5
(91. Tallison Dias, 66) - 5,0
5. Anton Krivotsyuk - 5,5
6. Voislav Stankoviç - 5,5
3. Mamadu Mboc - 5,5
26. Ömər Buludov - 5,5
36. Mamadu Kane - 5,5
8. Emin Mahmudov (k) - 6,0
29. Sabir Buqrin - 6,5
7. Namiq Ələsgərov - 6,0
(28. Stiven Jozef-Monroz, 87) - qiymətsiz
9. Əhməd Əhmədov - 5,5
(22. Mirabdulla Abbasov, 63) - 5,5
Ehtiyat oyunçular
1. Səlahət Ağayev
12. Kamran İbrahimov
19. Fəhmin Muradbəyli
10. Saman Nərimancahan
20. Mərt Çelik
4. Rener Alves
80. İsmayıl Zülfüqarlı
72. Emin Zamanov
70. Asim Əlizadə
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Sabir Buqrin

12. Alvaro Vilyet - 4,5
3. Zurab Oçiqava - 4,5
4. Bəhlul Mustafazadə (k) - 4,5
13. Filip İvanoviç - 4,5
6. Şakir Seyidov - 4,5
(2. Amin Seydiyev, 46) - 4,5
7. Coşqun Diniyev - 5,0
48. Dmitri Klots - 4,5
19. Təmkin Xəlilzadə - 5,5
10. Aleksey İsayev - 5,0
28. Kevin Kubemba - 5,0
(90. Ramil Şeydayev, 77) - qiymətsiz
(9. Xulio Sezar Rodriges, 69) - 4,0
26. Fofana Tiemoko - 5,0
Ehtiyat oyunçular
94. Nicat Mehbalıyev
31. Rüstəm Samiqullin
15. Ruslan Abışov
17. Məhəmməd Mirzəbəyov
14. Slavik Alxasov
34. Bəxtiyar Həsənalızadə
77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomea
Komandanın ən yaxşısı: Təmkin Xəlilzadə
Qollar: N.Ələsgərov, 45 (1:0, Y.Laval). M.Abbasov, 64 (2:0, Ö.Buludov). T.Xəlilzadə, 90+3-p. (2:1).
Vərəqələr: Y.Laval, 49 (qeyri-idman hərəkəti). Ə.Əhmədov, 59 (qeyri-idman hərəkəti). F.İvanoviç, 86 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: RƏŞAD ƏHMƏDOV (Mingəçevir), Cavanşir Yusifov, Rahil Ramazanov, Elçin Məsiyev (hamısı Bakı).
Hakim-inspektor: Anar Salmanov (Bakı).
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov (Bakı).
3 mart. Bakı. Bakcell Arena. Tamaşaçısız.
Birinci hissəyə 10, ikinciyə 6 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Oyunun paytaxtın hər iki təmsilçisi üçün əhəmiyyəti böyük idi. “Neftçi” bir gün əvvəl “Qarabağ”ın ələ keçirdiyi zirvəni qaytarmaq arzusu ilə alışıb-yanırdısa, “Sabah” 10-cu turdan bəri davam edən qələbəsiz oyunlar seriyasına, nəhayət, son qoymaq istəyirdi.
Flaqman oyuna daha istəkli başladı. Lavalın 5-li müdafiənin solunda yer alması Samir Abasovun xüsusi gedişlərindən biri idi ki, onu Anton “sığortalayırdı”. Namiq isə “Zirə” ilə oyundakı kimi ikinci hücumçu mövqeyində çıxış edirdi. Bu da komandanın hücumlar qurmasına müsbət təsir edirdi.
Visente Qomes yenə heyətdə dəyişikliklər etmişdi. Bəhlulun kapitan sarğısını daşıması bəlkə də turun süprizi idi. Təmkin Xəlilzadə də sol cinah yarımmüdafiəçisi mövqeyində yer alaraq, hücumların qurulmasında iştirak edirdi.
İlk yarı, demək olar ki, bütövlüklə “Neftçi”nin ərazi üstünlüyü şəraitində keçdi. Lakin flaqman qol istəyinə yalnız 45-ci dəqiqədə çatdı. Lavalın sol cinahdan qapı ötürməsinə Namiq “yumşaq” toxunmaqla topu qapıdan keçirdi. Bu, futbolçunun cari mövsümdə vurduğu 11-ci qol idi.
Fasilədən sonra “Sabah” təşəbbüsü ələ almağa çalışdı. Şakiri əvəzləyən Amin sağ cinahdan uzun ötürmələrlə komandasının hücumlar qurmasına çalışsa da, istəyi baş tutmurdu. “Neftçi”nin heyətində Sabir Buqrin təktoxunuşlu ötürmələr və fərdi hərəkətlərlə şou göstərdi. Eminlə yaxşı anlaşması “Neftçi”nin oyuna əlavə rəngarənglik qatırdı. Hücum xəttində Əhmədin oyununun alınmadığını görən Abasov onu Mirabdulla ilə əvəzlədi. Ağa ləqəbli futbolçu meydana çıxandan cəmi bir dəqiqə sonra hesab arasında fərqi artırdı. Ömərin ötürməsinə qüvvətli zərbə endirən forvard “Neftçi”nin qarşılaşmada ikinci və sonuncu qolunun müəllifi oldu.

Qalan dəqiqələrdə “Neftçi” müdafiə olunur, “Sabah” hücumlar qurmağa çalışırdı. Visente Qomesin Ramil və Xulionu da meydana buraxması işə yaramadı. “Sabah”ın heyətində ən fəallardan olan Təmkin uzatma dəqiqələrində oyunu öz üzərinə götürdü. Onun reydinin qarşısını Tallison kobudluqla aldı. Rəşad Əhmədov epizodu penalti kimi dəyərləndirdi. Topun başına keçən Təmkin dəqiq zərbə ilə fərqi azaltsa da, “Sabah”ın bundan artığına gücü çatmadı. Beləliklə, paytaxt derbisində qələbə qazanan “Neftçi“ yenidən premyer-liqanın liderli oldu.
İLKİN SULTANLI

Gözdən qaçmadı
* Azərbaycanın dövlət himni səslənənərkən “Sabah”ın hücumçusu Fofana əllərini açaraq dua edirdi. “Neftçi”nin bolqarıstanlı forvardı Əhməd Əhmədov isə əlini ürəyinin üzərinə qoymuşdu.
* 28-ci dəqiqədə “Bakcell Arena”da işıqlar söndü. Bir də 8 dəqiqədən sonra oyun bərpa olundu.
* İlk hissənin sonlarına yaxın meydana pişik daxil oldu. “Sabah”ın qapısı istiqamətində 30 saniyəyə yaxın müddət dayanan pişik daha sonra tribunaya doğru gedərək ortalıqdan itdi.

Reaksiyalar
Visente Qomes: "Qısa demək istəyirəm. Birinci hissədə rəqib daha yaxşı oynadı. Təhlükəli qol şanslarımız çox olmadı. Müəyyən xırda qol epizodları yaratsaq da, istifadə edə bilmədik. Rəqib bizdən üstün idi və qələbə qazandı. Sonuncu pillədə olmaq komandaya pis təsir edir. İstədiyimiz nəticələri qazana bilmirik. Mövsüm ərzində bəzi radikal dəyişikliklər etdik. Bunlar da bəzi matçlarda bizə kömək oldu. Bir-iki qələbə lazımdı ki, hər şey düzəlsin. Amma məğlubiyyətə görə vəziyyət daha da çətinləşir. İstefa ilə bağlı rəhbərliklə danışığımız olub. Mən işimi davam etdirirəm ki, vəziyyəti yaxşılaşdırım. Danışdığımız mövzular isə özəl olaraq qalır. Komandada müəyyən oyunçular var ki, yoxluğu mənfi təsir edir. Stamenkoviç yaxın günlərdə kollektivlə məşq etməyə başlayacaq və növbəti matçlarda meydana çıxacaq".
Samir Abasov: "Oyundan öncə futbolçulara dedim ki, rəqibin sonuncu yerdə olması bizi arxayınlaşdırmamalıdı. Matçın çətin olacağını bilirdik. "Zirə"yə məğlubiyyətdən sonra bir az təzyiq var idi. Qələbə yaxşı oldu. Həyəcanlı oyun alındı. Qıraqdan bir az çox qışqırdıq. Əsas odu ki, qələbə qazandıq, yaxşı əhval-ruhiyyə ilə digər matça hazırlaşacağıq. Komanda əvvəlcədən beşli müdafiə ilə oynayırdı. Sadəcə, Tallisson Diası oyuna qoşduq. Onun Lavaldan fərqli keyfiyyətləri var. Əhməd Əhmədov isə 2-3 oyun keçirib. Bəlkə də ondan həddən artıq çox şey istəyirik. Meydana zədəli çıxmışdı. Zədələndiyi yerdən də zərbə aldı. Özü oynamaq istəyirdi. Biz əlimizdəki hücumçularla nəticə qazanmaq istəyirik. Evdə və ya səfərdə oynamaq o qədər önəm daşımır. Bütün matçlar, demək olar ki, Bakıda keçirilir. Ən uzaq səfərimiz Sumqayıtadı. Dincəlməyə, rahatlaşmağa vaxtımız yoxdu. Öz oyunumuzu fikirləşirik. İtirəcəyimiz xal bizi panikaya sala bilər, o qorxu bizdə var. Bizdən əvvəl "Qarabağ" oynadı. Onlar xal itirsəydi belə, rahatlaşmayacaqdıq. Qarşımıza məqsəd qoymuşuq və hədəfə çatmaq istəyirik. Oyunçuların çoxdan çempion olmamasının komandaya təsiri var. Burda bir-iki nəfər nə vaxtsa çempionluq sevinci yaşayıb. İnanıram ki, bu ruhu yaxalayıb istəyimizə çatacağıq. Bundan əvvəlki illərin təcrübəsidi ki, çempion olacağımıza inanmırlar. "Qarabağ"da futbolçular çox rahat oynayır. Biz hələ ki bunu edə bilmirik. Meydana cərəyan vurmuş kimi çıxırıq və elə də qayıdırıq. Futbolçuların hamısı istəklidi. Sabir Buqrin sarı vərəqə alsa, onun üstünə getmərəm. Onda onu itirmək təhlükəsi ilə üzləşərik".
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.