Ölkə çempionatının 18-ci turu ilk iki pillədə qərarlaşan komandaların zəfəri ilə yadda qaldı. Həm “Neftçi”, həm də “Qarabağ” hesabat turunu qələbə ilə başa vurduğundan, turnir cədvəlində ikihakimiyyətlik davam edir. Ümumiyyətlə, bu turda qeydə alınan nəticələrdən sonra turnir cədvəlində heç bir dəyişiklik olmadı.
Premyer-liqanın 18-ci həftəsinin ilk oyun günündə ilk qarşılaşma “ASKO Arena”da baş tutdu. “Səbail” “Keşlə”ni qonaq edirdi. İlk dəqiqələrdən müəyyən ərazi üstünlüyünə yiyələnən qonaqlar hesabı açsalar da, qələbə hesabını qoruya bilmədilər. Aftandil Hacıyevin yetirmələri əzmkarlıq göstərərək “status-kvo”nu bərpa etməyi bacardılar və matç heç-heçə başa çatdı ki, bu da “qırmızı-ağlar”ın ardıcıl üçüncü bərabərliyi idi. Deyəsən, Sənan Qurbanovun çalışdırdığı komanda “Qəbələ”nin ilk dövrədəki heç-heçə rekordunu təzələməyi qarşısına məqsəd qoyub. Xatırladaq ki, “qızmızı-qaralar” birinci dövrədə 5 “sülh”lə yadda qalmışdılar. “Keşlə” səfərdə 1 xal qazansa da, baş məşqçinin özünün dedyi kimi, bu xal heç nəyə yaramadı, yəni komanda 7-ci pillədə qaldı.
Günün ikinci oyununda “Qarabağ” “doğma divarlar” arasında “Qəbələ” ilə üz-üzə gəlirdi. “Köhlən atlar” bu matçda bölgə təmsilçisinə heç bir şans tanımadı. Matçın taleyi artıq ilk hissədə həll olundu. Qurban Qurbanovun komandası 45 dəqiqədə “şimallılar”ın qapısından 3 top keçirməklə ikinci hissəni formallığa çevirdi.
Turun ikinci oyun gününün ilk matçında “Sumqayıt”la “Zirə” qarşılaşdı. Turnir cədvəlində qonşu olan komandaların oyununda meydanda gərginlik hiss olunsa da, hesab açılmadı. Baş məşqçilərin taktiki savaşından qalib ayrılan olmadı və görüş balşadığı kimi də bitdi. Nəhayət, turun son oyununda lider “Neftçi” autsayder “Sabah”ı qəbul edirdi. Qonaqlar oyuna fəal başlasalar da bunun davamını gətirə bilmədilər. Samir Abasovun yetirmələri hər hissədə bir qol vurmaqla “tələbələri” evə məyus yola salmağı bacardılar. Premyer-liqanın sonuncusunun gücü isə yalnız uzatma dəqiqələrində vurulan təsəlli qoluna çatdı.
Azərbaycan premyer-liqası
18-ci tur
2 mart
Səbail – Keşlə 1:1
Qarabağ – Qəbələ 3:0
3 mart
Sumqayıt – Zirə 0:0
Neftçi – Sabah 2:1
1. Neftçi 18 11 3 4 23-18 36
2. Qarabağ 18 10 6 2 42-13 36
3. Zirə 18 7 8 3 23-19 29
4. Sumqayıt 18 6 6 6 20-21 24
5. Qəbələ 18 5 6 7 16-26 21
6. Səbail 18 4 5 9 18-28 17
7. Keşlə 18 3 7 8 17-27 16
8. Sabah 18 4 3 11 18-26 15
Növbəti turun oyunları: 8 mart – Sabah – Sumqayıt, Neftçi – Keşlə; 9 mart – Qəbələ - Səbail, Zirə - Qarabağ.
Bombardirlər: Mahir Emreli (Qarabağ) – 12, Namiq Ələsgərov (Neftçi) – 11, Filip Ozobiç (Qarabağ) – 9, Davit Volkov (Zirə) – 8, Əli Qurbani (Sumqayıt) - 7.
RƏŞAD