Sizin reklam burada

“Bürünc” savaşı qolsuz bitdi

Title
71. Sumqayıt – Zirə 0:0
1. Mehdi Cənnətov – 5,5
7. Tellur Mütəllimov – 5,5
5. Camaləddin Xocaniyazov – 5,5
14. Elvin Bədəlov – 5,5
4. Höccət Haqverdi – 5,5
78. Dmitri Nağıyev – 5,0
(18. Süleyman Əhmədov, 61) – 5,0
6. Vüqar Mustafayev (k) – 6,0
8. Səbuhi Abdullazadə - 5,5
97. Xəyal Nəcəfov – 5,0
(60. Elvin Məmmədov, 70) – 5,0
10. Rəhim Sadıxov – 5,0
(22. Cavid İmamverdiyev, 80) – qiymətsiz
9. Əli Qurbani – 5,0
Ehtiyat oyunçular
13. Aydın Bayramov
71. Hüseynəli Quliyev
3. Vurğun Hüseynov
33. Eltun Turabov
30. Nəbi Məmmədov
20. Rüfət Abdullazadə
65. Sənan Ağayev
37. Nicat Əliyev
Baş məşqçi: Ayxan Abbasov
Komandanın ən yaxşısı: Vüqar Mustafayev

1. Mateus Albino – 5,5
32. Qismət Alıyev – 5,5
12. Lazar Corceviç – 5,5
26. Nemanya Andelkoviç – 5,5
2. Sərtan Taşkın – 5,5
8. İlkin Muradov – 6,0
4. Elvin Camalov – 5,5
21. Hacıağa Hacılı – 5,0
30. Riçard Almeyda – 5,5
10. Ağabala Ramazanov (k) – 5,5
11. Klesio Bauk – 5,0
(29. Musa Qurbanlı, 75) – 4,5
Ehtiyat oyunçular
22. Rəşad Əzizli
62. Abdulla Seyidəhmədov
13. Şəhriyar Rəhimov
5. Kərim Diniyev
7. Tural Bayramlı
20. Əli Şirinov
77. Cəlal Hüseynov
6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
Komandanın ən yaxşısı: İlkin Muradov
Vərəqələr: Ə.Qurbani, 13 (qeyri-idman hərəkəti). R.Almeyda, 27 (qeyri-idman hərəkəti). H.Hacılı, 60 (qeyri-idman hərəkəti). T. Mütəllimov, 61 (qeyri-idman hərəkəti). Q.Aliyev, 75 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: İNQİLAB MƏMMƏDOV, Pərvin Talıbov, Vüqar Bayramov, Fərid Hacıyev (hamısı Bakı).
Hakim-inspektor: Rövşən Əhmədov (Mingəçevir).
AFFA nümayəndəsi: İlham Əliyev 9Bakı).
3 mart. Sumqayıt. Kapital Bank Arena. Tamaşaçısız.
Birinci hissəyə 2, ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Dünən “Kapital Bank Arena”da keçirilən oyunu “bürünc” savaşı saymaq üçün hər cür əsasımız var. “Zirə” səfərdən qələbə ilə ayrılsaydı, premyer-liqanın üçüncüsü olmaq yolunda önəmli addım atacaqdı. Elə heç-heçə də qonaqların işinə yarayacaqdı ki, hadisələri bir qədər qabaqlayıb vurğulayaq ki, oyun məhz onları istədiyi kimi bitdi.
Rəşad Sadıqov başgicəlləndirən futbol sərgiləyən kollektiv formalaşdırmaq niyyətini hələlik sandığa qoyub. O, nəticə axtarışındadı və bu baxımdan istənilən oyun üslubu gənc mütəxəssis üçün əlverişlidi. Qarşılaşma soyuq məcrada keçdi. Xüsusilə ilk yarıda tərəflər futbol adına ortaya heç nə qoymadılar. Təsəvvür edin, “çərçivə”yə ilk zərbə birinci hissəyə əlavə olunan dəqiqəyə təsadüf etdi?! Ona da “zərbə” demək mümkünsə... Sadəcə, Tellurun zərbəsindən sonra top “çərçivə”yə tərəf yönəldi.
Düşünmək olardı ki, fasilədən sonra futbol adına nələrəsə şahidlik edəcəyik. Amma... Bu futbol deyildi, tabloda əksini tapan hesab tərəflərin sərgilədiyi oyuna uyğun idi. Media sektorunda əyləşən iki-üç (!!!) jurnalist elə hey tablodakı saata baxırdı. Hər kəsin arzusu eyni idi: kaş bu dərdimiz bitəydi... Hə, 2-ci hissənin əvvəlində qonaqlar təzyiqi qismən artırdılar, amma “kimyaçilar” bu hücumların qarşısını inamla alırdılar. Ayxan Abbasovun komandası riskə getmədi. Getmədi, ona görə ki, baş məşqçi 4-cü yeri tutmağı hədəfləyib. “Sumqayıt” ölkə kubokunda da mübarizəni davam etdirir deyə, hətta dördüncü olmaqla da avrokuboklara vəsiqə qazanmaq mümkündü. Bəs Rəşad Sadıqov? Hə, burda da hər şey gün kimi aydındı. Kim ağrımayan başına dəsmal bağlayar? Sadıqovun komandasını təqib edən “Sumqayıt”dı ki, “kimyaçılar” da “sülh”ə ikiəlli razı olduqlarını ilk dəqiqədən büruzə verirdi. Neçə deyərlər, “alan razı, satan razı”. Tərəflər rəsmi razılıq olmasa da, heç-heçəyə razıdısa, kim bu xal bölgüsünə müdaxilə edə bilər? Nəzərə alaq ki, tribunalarda azarkeş də yoxdu ki, hansısa formada təpki göstərsin. Bax, buna görə də meydanda futbol adına heç nə görmədik. Hə, o başqa məsələ ki, hər iki komandanın baş məşqçisi oyunsonrası mətbuat konfransında Azərbaycan futbolunda adət etdiyimiz ənənəvi “gözlədiyimiz kimi, gərgin mübarizəyə şahidlik etdik” dedi. Bu “qəlibləşmiş” ifadə artıq hər kəsi bezdirib. Biz jurnalistlərlə yanaşı, ekran önündə əyləşənlər də meydanda cansıxıcı, bezdirici 90 dəqiqə izlədi. Tərəflər bir-birinə tərif yağdıra bilər, amma Azərbaycan futboluna rəng qatası futbol görmədik! Hə, indi kimlərsə “dəmir”, “beton” müdafiədən dəm vuracaqr. Amma bu epitetlər qitəmiqyaslı yarışa qədərdi. Komandalarımızı ən çürük Avropa təmsilçiləri artıq ilk mərhələdə yıxıb-sürüyəndə ənənəvi bəraət açıqlamaları eşitsək də, nəticə dəyişmir. Heç kim düşünməsin ki, belə futbolla irəliyə getmək olar. Hələ gec deyil, yayda start götürəcək avrokuboklara qədər vaxt var. Dəst-xətt dəyişməlidi. Əks təqdirdə “əsas iştirakdı” olimpiya prinsipindən başqa heç nəyə nail olmaq mümkün deyil. Bəli, Azərbaycan çempionatında “avtobus”la nəticə əldə etmək mümkündü. Amma 8 komanda arasında 3-4-cü yerdə qərarlaşmaq uğur deyil. Meydanda yaşananlara gəlincə... Bəli, fasilədən sonra qapılar ağzında az da olsa, həyəcanlı anlar yaşandı. Bəli, hər iki komandanın baş məşqçisi müəyyən əvəzetmələrə əl atdı. Ancaq gördüyümüz futbol deyildi, qitəmiqyaslı yarışlar ərəfəsində həyəcan siqnalı idi. Bu qədər əcnəbi futbolçu gətirən, hələ də transferləri davam etdirən, heç bir mövsümdə bu qədər futbolçu almayan “Zirə”nin nəticəsi yox, məhz futbolu məqbul sayıla bilməz. Yeganə təsəlli bu ola bilər ki, Rəşad Sadıqov klub furbolunda baş məşqçi kimi debüt edir. Amma Sadıqov bu il “bürünc”lə yanaşı, kuboku da qazansa belə, işində dəyişikliklər etməlidi. Rəhbərlik etdiyi komanda nəticəylə yanaşı, normal futbol oynamağı da öyrənməlidi.
RƏŞAD

Reaksiyalar
Rəşad Sadıqov: “Gərgin və maraqlı oyun keçdi. Hər iki komandanın futbolçularının mübarizliyini qeyd edərdim. Komandalar bir-birinə bələd idi. İlk hissə daha gərgin alındı. İkinci hissənin ilk yarımsaatında biz daha üstün idik. Daha sonra Ayxan Abbasov dəyişikliklər etdi və son 10 dəqiqədə rəqib üstün oldu. Hesab ədalətlidi. Yeni forvardla – Luis Rodriq Bonqongi ilə bağlı onu deyə bilərəm ki, artıq yoldadı. Bəli, bura gəldikdən sonra onu da sifariş edəcəyik. Bundan başqa da bir neçə futbolçu var ki, danışıq aparırıq”.
Ayxan Abbasov: “Oyunun belə gərgin keçəcəyi gözlənilən idi. “Zirə” hər rəqibə qarşı xüsusi hazırlaşmağı bacarır. Komandamızdan razı qaldım. Olur belə oyunlar. İstəyərdik ki, xal fərqini azaldaq. Klublarımızda sabitlik çatışmır. Biz çalışırıq ki, sabitliyimizi qoruyaq. İstədiyimiz nəticəni yekunda əldə edə bilərik. Çalışacağıq millinin oyunları ilə bağlı yaranacaq fasiləyədək uğurlu çıxışımızı davam edək. Rəqib ikinci hissənin ilk yarımsaatında bizdən üstün oldu? Xeyr, bəzi epizodlarda rəqib daha üstün olurdu, bəzilərində biz. Rəqib “Zirə” idi, onlara qarşı oynamaq çətindi. Komandam ilk hissədə çox pressinq etdi. Fasilədən sonra onların açılacağını bilirdik və bu üzdən bir qədər müdafiədən oynamağı düşündük. Oyunboyu pressinq tətbiq etmək mümkün deyil. Matçın ilk 15 dəqiqəsində üstünlük bizim tərəfimizdə oldu. Bu matçda hər şey var idi. Yalnız qol və ya qollar çatışmadı. Əli Qurbaninin performansına gəlincə, öncə onu qeyd edim ki, ağır zədədən qayıtmaq çətindi. Üstəlik, rəqiblər də artıq Əlini yaxşı təhlil edir, ona qarşı hazırlaşırlar. Buna baxmayaraq, Əli bu gün üç epizod yaratdı. Özü də hər birini özü yaratmağı bacardı. İki halda qapıçı yaxşı oynadı, birində isə hücumçumuz dəqiq olmadı. Tez-tez eşidirik ki, çempionatda məhsuldarlıq aşağıdı. Bu da klublarımızın rəqiblərini yaxşı təhlil etməsindən irəli gəlir. Artıq hamı taktiki cəhətdən düzgün oynamağı bacarır, bu yöndə az səhvə yol verir. Belədə fərqlənmək də çətin olur. Fikrimcə, Qurbani qarşıdakı turlarda qolları ilə bizləri sevindirməyi bacaracaq”.

Gözdən qaçmadı
* Əli Qurbaninin sarı vərəqə aldığı epizodda baş məşqçi Ayxan Abbasov şox əsəbləşdi. Abbasov texniki zonadan İnqilab Məmmədova səslənərək “İnqilab, bəsdi şou açmısan, orda vərəqəlik heç nə yox idi. Sonra deyirlər ki, hakimlər “Sumqayıt”a kömək edir, belə biabırçılıq olar”, - deyə gileyləndi.
* Oyunu izləyənlər arasında “Zirə”nin fəxri prezidenti Orxan Məmmədov və yığmanın baş məçqçisi Canni de Byazi də var idi. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin rəhbərinin Sumqayıta səfəri səbəbindən şəhərin icra başçısının müavini Fəzail Hüseynv da “Kapital Bank Arena”ya təşrif buyurmağı özünə borc bilmişdi. Adını çəkdiyim bütün qonaqlar oyunun sonuna saniyələr qalmış arenanı tərk etdilər.
* Bu görüşdə AMADA-nın da nümayəndələri var idi. Onlar qarşılaşma başa çatandan sonra hər iki komandanın bəzi üzvlərini dopinq-nəzarət otağına dəvət etdilər.
* Oyun başa çatandan sonra stadiona evakuator maşınının gəlməsi diqqətimizdən yayınmadı. Onun gəlişinin səbəbi ilə maraqlandıqda məlum oldu ki, canlı yayın təşkil edən “CBC Sport”un maşınlarından biri xarab olub və onu Bakıya qaytarmaq üçün evakuatora ehtiyac duyulub.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.