Sizin reklam burada

Jurnalistlər Moldova ilə oyuna da buraxılmayacaq

Title
Rizvan Fərzəliyev: “Çox dinamik komandadı”
Futzal yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 4-də Moldova ilə üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma “CBC Sport” telekanalı vasitəsilə canlı yayınlanacaq. Saat 19.00-da başlayacaq görüş COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri, qapalı məkanda keçiriləcəyi nəzərə alınaraq, azarkeşlər və KİV nümayəndələri üçün qapalı təşkil olunacaq. Qeyd edək ki, jurnalistlər Slovakiya ilə oyuna da buraxılmamışdı.
Təlim-məşq toplanışını davam etdirən millinin kapitanı Rizvan Fərzəliyev Futzal Federasiyanın rəsmi saytın müsahibə verib.
- Hazırlıqla bağlı nə deyə bilərsən? Komandada ab-hava necədi?
- Üç gündü təlim-məşq toplanışına başlamışıq. Ancaq ondan əvvəl də məşqlər edirdik. Düzdü, toplanış başlasa da, məşqlərdə tam heyətlə iştirak edə bilmirik. Çünki xarici klublarda çıxış edən futzalçılarımızın çempionat oyunları var. Ona görə gec qoşulacaqlar. Bacardığımız qədər baş məşqçinin tapşırıqlarını daha yaxşı yerinə yetirməyə çalışırıq. Artıq iki oyun keçirmişik. Qələbə qazansaq da, çatışmayan cəhətlərimiz oldu. İndi həmin “axsamaları” aradan qaldırmalıyıq. Moldova ilə ardıcıl iki oyun keçirəcəyik. İlk duel bizim meydanda olacaq. Maksimum xal qazanmalı, səfərə yaxşı əhval-ruhiyyədə yollanmalıyıq.
- Baş məşqçinin tələbləri nədi?
- Moldovanın oyununu tam təhlil etməmişik. Düzdü, Moldova - Yunanıstan qarşılaşmasını izləmişik. Həmin vaxt bizim üçün Yunanıstana bələd olmaq vacib idi. İndi növbə Moldovaya çatıb. Baş məşqçi tələblərini oyuna yaxın deyəcək. Amma izlədiyimiz həmin qarşılaşmada Moldova yaxşı təsir bağışladı. Hazırkı heyətin üzvləri uzun müddətdi bir yerdə çıxış edir. Yaxşı nəticə qazanmaq istəyirlər. Mərkəzdən çox top keçirirlər. Baş məşqçi necə oynamalı olduğumuzu deyəcək.
- Bəs Slovakiya – Moldova oyununu izləmisən?
- Bu görüşə baxmamışıq. Yəqin ki, oyunumuza az vaxt qalmış baxacağıq.
- Bu dueldə qeydə alınan hesabı sürpriz hesab edirsən?
- Nəticə gözlənilməz oldu. Özü də matç Slovakiyada keçirilirdi. Oyun planında da Moldova yaxşı təsir bağışladı. Halbuki biz Slovakiyadan daha fərqli oyun və nəticə gözləyirdik. Slovaklar ilk görüşdə bizimlə qarşılaşdılar və yaxşı təsir bağışladılar. Qələbə qazansaq da, nəticəni asan əldə etmədik.
- Analoji sürprizlə millimiz də üzləşə bilərmi?
- Bu oyundu, gərək rəqibi düzgün qiymətləndirəsən, boşluq verməyəsən. Sürpriz həmişə mümkündü. Vacib olan qrup mərhələsini ilk pillədə başa vurmaqdı ki, biz də bunu reallaşdırmağa çalışacağıq.
- Qələbə qazandığımız Slovakiya və Yunanıstanla oyunlarda “axsamalar”ın olduğunu dedin. Hansı məqamları nəzərdə tutursan?
- Pandemiya üzündən uzun müddət idi zalda məşq etmirdik. Buna baxmayaraq, iki oyunu itkisiz başa vurduq. Çatışmayan cəhətlərimiz var və onları tədricən düzəldəcəyik. Sadəcə, detallı açıqlamaq istəmirəm.
- Baş məşqçi hər iki oyundan sonra epizodları qola çevirə bilməməyinizdən narazı idi...
- Bu onlardan biri idi.
- Baş məşqçi deməsə də, Moldova ilə oyunu izləmisən və hansı güclü tərəflərini qeyd edə bilərsən?
- Çox dinamik komandadı. Topla və ya topsuz fərqi yoxdu, daim hərəkətdə olurlar. Fiziki gücləri çoxdu. Ötürmə edib, dərhal boş mövqeyə açılırlar. Biz də buna qarşı tədbir görəcəyik. Ehtiyac olarsa, birəbir mübarizə aparacağıq. Vacib olan yekunda 3 xalı qazanmaqdı.
- Moldova ilə hər iki oyunda qazanılacaq qələbənin Avropa çempionatının final mərhələsinə qapıları açacağını proqnozlaşdırmaq olarmı?
- Bu iki oyunda qazanılacaq nəticə vacibdi. Qələbə qazansaq, işimizin öhdəsindən böyük ölçüdə gəlmiş olacağıq. Ondan sonra səfərdə Slovakiya, Bakıda isə Yunanıstan yığması ilə oyunumuz qalır.
- Millinin oyunlarına azarkeş marağı həmişə böyük olub. Bu cür səssizlik sizi narahat etmir?
- Komandada ruh yüksəkliyini həmişə üst səviyyədə saxlayan azarkeşlər olur. Doğma meydan amilini də ona görə hiss edirsən. Azarkeşlər bizi ruhlandırır, motivasiya verir, sona qədər mübarizə aparmağa məcbur edir. Mövcud durumla bağlı verilən qərarı da anlayışla qarşılamalıyıq. Çünki insan sağlamlığı hər şeydən vacibdi. Məcburiyyətdən bizi ekran qarşısında izləməli olan azarkeşlərimiz bilsin ki, onların yeri həmişə görünür.
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.