Sizin reklam burada

“Qarabağ” 3000 manat cəriməni əsassız sayır

Title
Gündüz Abbaszadə: “Biz də kiminsə cəzalanması üçün “əsas” ola biləcək şəkillər yaya bilərik”
AFFA İntizam Komitəsi Uroş Matiçin formasındakı yazıya görə “Qarabağ”ı 3 min manat cərimələyib. Bundan sonra Ağdam klubu qərarın ləğv olunması üçün Apellyasiya Arbitraj Tribunalına şikayət edib.
Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadəyə müraciət etdik. Klub rəsmisi qərarı doğru saymır: "Sumqayıt" - "Qarabağ" matçı cəzaya səbəb olan oyun kimi göstərilib. Ancaq həmin görüşdə Uroş Matiç iştirak etməyib, bir dəqiqə belə meydanda olmayıb. Burda başqa bir məqam isə odu ki, əvvəlki illərdə etik cəhətdən adını çəkmədiyim başqa iki klub İntizam Komitəsinin forma standartlarını pozub, ancaq həmin vaxtlarda onlara yalnız xəbərdarlıq olunub. Bu səbəbdən də hesab edirik ki, "Qarabağ"a da xəbərdarlıq olmalıydı. Özü də həmin futbolçu oyunda iştirak etməyib. Bu hal yenidən təkrarlansa, cərimə olunardı. Əvvəlki turlarda da Matiç eyni forma ilə oynayıb, ancaq cəzalanmayıb. Biz demirik ki, Matiçin adının formada yazılışı düzdü. Təbii ki, Azərbaycan dilinə hörmətsizlikdən söhbət gedə bilməz. Forma standartlarının pozulması ilə bağlı müvafiq bənddə Azərbaycan dilinə hörmət barədə bir kəlmə belə yoxdu (maddə 69). Burda yazılıb ki, "futbolçunun formasının üzərində sifariş vərəqəsində göstərilən adın düzgün yazılmamasına və nömrənin olmamasına görə klub 3 min manat cərimə oluna bilər". Və Azərbaycan çempionatında PFL-ə göndərilən sifariş vərəqində futbolçuların adlarını görsəz, hesab edirəm ki, haqlı olduğumuz qənaətinə gələcəksiz. Ümid edirik ki, AFFA-nın Apellyasiya Arbitraj Tribunalı haqlı hesab etdiyimiz müraciətimizə müsbət cavab verəcək”.
Abbaszadə qərarın ləğvi üçün ciddi əsas da gətirdi: “Qərar “AFFA-nın İntizam Komitəsinin əsasnaməsi: Prosedural Qaydalar”ın müvafiq bəndlərinin tələblərini pozaraq qəbul edilib. Həmin tələblərə görə İntizam Komitəsinin iclaslarında və araşdırmalar zamanı tərəflərin dinlənilmək hüququna hörmət etmək göstərilir. İntizam Komitəsi inzibati prosedur zamanı təxirəsalınmaz məsələlər istisna olmaqla, əlaqəli şəxsə dinlənilmək və öz işini təqdim etmək imkanı verilmədən sanskiya tətbiq edilə bilməz. Qısaca, klubumuzun səlahiyyətli şəxsi onlayn keçirilən iclasda iştirak etməyib. Yəni əlaqəli şəxs dinlənilmədən və öz işini təqdim etmək imkanı olmadan bizə cərimə kəsilib. İntizam Məcəlləsinin cəza üçün əsas göstərilən müvafiq bəndində Azərbaycan dilinə hörmətlə bağlı bir kəlmə də yoxdu. Orda forma standartlarında futbolçunun adının sifariş ərizəsində olduğu kimi yazılması göstərilir. Sifariş ərizəsində adların yazılışı isə ayrı mövzudu. Digər tərəfdən, bilirsiz, maraqlı olan nədi? “Sumqayıt” – “Qarabağ” görüşünün protokolunu tərtib edən AFFA nümayəndəsi (Eldəniz Musayev) daha əvvəl iki oyunumuzda eyni funksiyanı yerinə yetirib. Məgər o, həmin oyunlarda Matiçin formasını görməmişdi? Daha əvvəl oynadığı oyunlarda cəza versəydilər, anlamaq olardı. Sosial şəbəkədə yayılan şəklə görə cəza verirlər? Biz də kiminsə cəzalanması üçün “əsas” ola biləcək şəkillər yaya bilərik. Amma ehtiyac duymuruq. Bilirik ki, daha əvvəl də İntizam məcələsinin 69-cu maddəsini (Futbol Forması Standartlarının Pozulması) pozan klublar olub. Özü də bir klub deyil. Onlara xəbərdalıq edildiyi təqdirdə, “Qarabağ”a xəbərdarlıqsız, elə ilk fürsətdəcə 3 min manat cərimə yazılıb. Bu bir az düşündürücüdü”.
“Qarabağ”ın rəsmisi məsələ ilə bağlı nə vaxt qərar veriləcəyinin bəlli olmadığını qeyd etdi: “Bununla bağlı konkret müddət yoxdu. Müraciətdən sonra AFFA-nın Apellyasiya Arbitraj Tribunalı gün təyin edir. Həmin vaxta uyğun qərar qəbul olunur ki, məhkəmə harda keçiriləcək”.
İLKİN SULTANLI
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.